“Diplomat” qəzetinin hakimiyyətin birbaşa nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirməsi, dəvətdə mövzunun ermənilərin 1915-ci ildə 800 min kürdü qətlə yetirməsinin yazıldığı halda, konfransı tam ayrı istiqamətə çevirərək PKK-nın Azərbaycan bürosunun sözçüsü kimi çıxış eləməsi çox ciddi siyasi mətləbdən xəbər verir.
Zənnimcə, mövzu konfransa çoxlu mətbuat nümayəndəsinin toplanması üçün dəyişdirilməyib. Xüsusilə nəzərə alanda ki, Azərbaycan gerçəkliyində erməni soyqırımı, ermənilərin kürdləri və ya türkləri qırması, yaxud da Osmanlıda erməni soyqırımını türklərin yox, kürdlərin həyata keçirməsi kimi məsələlər ciddi ilgi doğurmur, onda başqa səbəb axtarmaq zərurəti yaranır. Yeri gəlmişkən, erməni soyqırımını türklərin yox, kürdlərin törətməsi ilə bağlı müxtəlif mənbəli məlumatlar var.
Kürdlərin “erməni qanına bulaşdığı” haqda fikirlərə hələ çoxdan oxuduğum fransız tarixçisi Corc Malevilin “Erməni faciəsi 1915″, bir də ukraynalı Veliçkonun ”Qafqaz” əsərində də rast gəlmişdim. O zaman xristianlığı qəbul eləmiş kürdlər də ermənilərin badına gedibmiş – o kitablarda belə yazılıb. Müsəlman kürdlər isə xristianlaşan kürdlərdən intiqam alırmış… Sonralar ermənilər qətlə yetirilmiş bu xristian kürdləri də erməni kimi qələmə verərək öz “soyqırım” siyahılarına salmışdılar. Özü də hər iki tarixçinin kifayət qədər qərəzsiz mövqedən yazdığı hiss olunur, qırılanların sayını isə maksimum 300 min civarında göstərirlər, səhv etmirəmsə. Bu kitabları yazanların hansı məqsəd güddüyünü isə söyləmək çətindi. Bunun üçün kitabların yazıldığı dövr, siyasi şərait, dünya düzəni son dərəcə diqqətlə incələnməli və sonda qərar verilməlidi. Nə isə, mövzumuz bu deyil.
Az öncə mətbuat konfransında qabaqcadan elan edilmiş mövzunun dəyişdirilməsinə toxunanda vurğuladım ki, səbəb heç də çoxlu jurnalist toplamaqla diqqət çəkmək deyil. Zənnimcə, bu kiçik bir siyasi fənddir, hakimiyyəti PKK yanlısı olmaq gümanından və ya qardaş Türkiyədən yönələcək gileylərə cavab verməkdən sığortalamaq məqsədi güdür. Bu cür separatçı mətbuat konfransına şərait yaratmaqla hakimiyyətin eyni anda bir neçə nəticə əldə etmək istədiyi görünür. Türk iqtidarının yanında itmiş etibarın siyasi şantaj yolu ilə bərpası bir səbəb kimi gəlir mənə, bir yandan da hakimiyyətdəkilərin Azərbaycanda yaşayan kürdlərdən, daha doğrusu, separatçı kürdlərdən yaman gün üçün dəstək qoparmaq siyasətini hiss eləyirəm. Mənim fikirlərim sadəcə, bir köşə yazarının, bir vətəndaşın fikirləridi, yanlış olma ehtimalı da yox deyil. Sadəcə, bir yazar kimi borcum məsələlərə öz baxışımı, öz yanaşmamı sərgiləməkdi.Azərbaycanda terrorçu PKK mövcudluğunu yeni kart kimi ortaya atmaq son vaxtlaracan iqtidarın dünyanı Azərbaycanda ekstremist dini qüvvələrin aktivləşmə ehtimalının güclü olmasına inandırmağa, dünyanı qorxutmağa cəhd eləməsi kimi də yozula bilər.
Mətbuat konfransında dövlətin başında duran şəxsə ünvanlanmış müraciətdə iddia olunanlara qalınca (ki, kürdlər Azərbaycanda bir xalq kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb), hələ sovet dövründə Moskva mətbuatında dərc edilmiş bir məqalə yada düşür. Yazıda deyilirdi ki, Sovet respublikaları içində kürdlərin ən normal şəraitdə yaşadığı ölkə Azərbaycandı. Bu fikir bu gün də aktualdı, bəlkə daha da irəli gedib – hakimiyyətin ən yuxarı eşelonlarında kürd millətindən olanların post tutması bunu sübut edir. Ötən əsrdə adını unutduğum tanınmış bir Avropa sosioloqunun türklərdən narazı qüvvələrə ironiya ilə dediyi “Osmanlıda, hətta türklərin də hüququ qorunur” kəlməsini dəyişərək belə ifadə etmək istəyirəm: “Azərbaycanda, hətta kürdlərin də hüququ pozulur”.Mövzunu genişləndirmək mümkün olduğu halda, buna lüzum görmürəm, çünki sözügedən mətbuat konfransı Fələstin lideri Mahmud Abbasın Azərbaycana səfəri qədər absurd və qeyri-ciddidi.