Analoqsuz tənəzzül

elnurastanbeyli@gmail.com
 
Azərbaycanda analoqsuz inkişaf haqqında gurultulu sözlərin olsa-olsa qulağa xoş gəldiyini demək artıqdır. Reallıq isə tamamilə başqa şey deyir. Gördüklərimiz eşitdiklərimizlə tərs mütənasibdir. Həm də hər yerdə və hər sahədə.
Indi – Avropa Oyunlarından “zorən gündəm” yaradıldığı bir vaxtda gəlin elə idman üzərindən danışaq. Təzəlikcə Gürcüstanda, Çakvidə qadınlar arasında 16-cı şəxsi Avropa çempionatı başa çatdı, çempionatın əsasnaməsinə görə, ilk 14 yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanmalı idi. 
Yarışa Azərbaycandan 13 xanım şahmatçı qatılmışdı, maraqlıdır ki, turnir start götürəndə onun gedişi ilə bağlı hər gün xəbərlər verilirdi, amma təmsilçilərimizin uğursuz nəticələri artdıqca belə xəbərlər də seyrəlməyə başladı. Çempionatın bitməsini isə, ümumiyyətlə, xəbər edən olmadı (bir neçə sayt istisnadır). 
Səbəbini anlamaq olar: azərbaycanlı şahmatçılardan ən yaxşı nəticəni göstərən Xəyalə Abdulla olmuşdu, o da… 31-ci yeri tutmuşdu! Yəni bu yarışda Dünya Çempionatına bir vəsiqə də qazana bilməməyimiz bir yana, göstərdiyimiz nəticələr ümumilikdə Azərbaycanda şahmatın nə qədər sürətlə dibə vurduğunu bir daha ortaya qoydu. 
***
Istər haqqında danışdığımız çempionatda, istərsə də FIDE-nin son illərdəki reytinqlərində Azərbaycan şahmatının “can üstə” olduğunu aydın görmək mümkündür. Halbuki yaptokratiya digər idman növləri kimi şahmata da ətək-ətək pul xərcləyir. Daha doğrusu, pul xərclədiyini iddia edir! Nəticələr isə göz qabağındadır. On illər boyu öz ənənələrini yarada bilmiş Azərbaycan şahmat məktəbi indi parlaq qələbələrdən çox uzaqdadır. Niyəsini qoy Şahmat Federasiyasının başbilənləri – Faiq Həsənovla Fikrət Südeyifzadə açıqlasınlar. Desinlər görək, partiya və hökumətimizin hər gün acından qırıldığı barədə təbliğat apardığı Ermənistan dünya şahmat reytinqində (kişilər üzrə) 8-ci yerdə olduğu halda, pula pul deməyən Azərbaycan niyə 14-cüdür? Izah etsinlər görək, niyə “regionun lider dövləti” biz olduğumuz halda, dünya şahmat reytinqində (qadınlar üzrə) Gürcüstan ilk üçlükdə, Azərbaycan isə 15-cidir?
Niyə FIDE-nin sıralamasına görə qadınlar arasında 50 ən reytinqli şahmatçı arasında erməni və gürcü şahmatçısı olduğu halda bir Azərbaycan təmsilçisi belə yoxdur?
Indi deyə bilərsiniz ki, 2016-cı ildə dünya şahmat olimpiadası Bakıda keçiriləcək, daha nə istəyirsiniz?! Əlbəttə, boş söhbətdir. Hamı bilir ki, FIDE artıq öz turnirlərini keçirmək üçün ölkə tapmır, kimin qapısını döyürsə, əliboş qaytarırlar. Heç bir ölkə bu turnirlər üçün pul tökmək istəmir. Yalnız Azərbaycan istisnadır. Neft pullarının gözqamaşdırıcı vaxtı idman yarışlarına hədsiz aludəçilik yaptokratiyaya hava-su kimi lazım idi, lap Avropa Oyunlarının özü kimi! Çünki bununla özlərinə fərqli imic yaratmaq istəyirlər, belə tədbirlər üçün düzəldilən təmtərağın arxasında ölkənin əsas, həlledici problemlərini gizlədirlər. 
Amma inanmaq çətindir ki, neft hasilatının da, pullarının da azaldığı bir vaxtda yaptokratlar belə tədbirlərin xərcini üzərlərinə götürdükləri üçün heç də məmnun deyillər.
Bu işin bir tərəfi.
Işin digər tərəfi – ölkədə şahmatı dərin bir bataqlığa gömüb hansısa olimpiadaya ev sahibliyi etmək ağlamalı-gülməli deyilmi? 
***
Qayıdaq yazının əvvəlinə.
Bəli, bəzəkli sözlərlə, gurultulu cümlələrlə, təmtəraqlı şoularla inkişaf görüntüsü yaratmaq olar. Hətta adamları bu inkişafa inandırmaq da olar.
Amma gec-tez elə bir gün gəlir ki, həmin inkişaf görüntüsünün, yalançı, əldəqayırma tərəqqinin arxasındakı əsl mənzərə – tənəzzül ortaya çıxır. 
Ona görə də həyatda reallığı gizlətməkdən, həqiqəti malalamaqdan mənasız iş yoxdur.