Poroşenko «Roşen»in səhmlərini təhvil verir

Ukrayna prezidenti Pyotr Poroşenko yaxın vaxtlarda «Roşen» şirkətinin səhmlərini «Rotşild» sərmayə bankına təhvil verəcək. Şirkətin satışı ilə də məhz bu bank məşğul olacaq. Poroşenko bildirib ki, söz verdiyi kimi, «Roşen»in rəhbərliyindən gedir, amma prezidentlik vəzifələrini kənara qoyub satış işləri ilə məşğul olmaq istəmir. Elə bu səbəbdən də səhmlərini «Rotşild»ə həvalə edir: «Dünyaca məşhur olan sərmayə bankı ilə razılığa gəlmişik. Bu bank həm də müştəri axtarışı ilə məşğul olur. Bunu ona görə edirəm ki, şirkətin sahibləri sırasında Poroşenko soyadı keçməsin».
 
Ukrayna prezidenti artıq «Roşen»ə 3 müştərinin çıxdığını, hazırda onların şirkətdə hüquq və maliyyə yoxlaması apardığını bildirib.
 
Poroşenko onu da qeyd edib ki, satışın bu qədər uzun çəkməsi Rusiya hökumətinin «Roşen»in Lipetsk vilayətindəki fabrikinin əmlakına qanunsuz olaraq həbs qoyması ilə bağlıdır.
 
Gültəkin