Uğursuzluqlarımızın başında duran

xanbahadir@mail.ru
 
Teleradioları, qəzetləri Göbbelsin özünü belə mat qoyacaq görsəniş sərgiləməkdədir. Özlərini içdə bütün xalq, dışda bütün demokratik-qabaqcıl dünyaya qarşı qoyduqlarını yaxşı bildiklərindən, elə bu yöndə də BÜTÜN CƏBHƏ BOYU hücum kampaniyası aparırlar. Administrativ, intellektual, ekonomika-pul resursları bütünlüklə necə olur olsun I Avropa Oyunlarını Bakıda keçirmək mənəmliyinə yönəldilib. Hə, burada yalnız yersiz, ölkəyə, xalqa azacıq da gərəkməyən bir mənəmlik var: gerçək dövlətçiliklə, gerçək dövlət gərəkləri ilə bir araya sığmayan, yalnız öz istəyini gerçəkləşdirməyə yönəlik mənəmlik! 20-ci yüzilin ən ünlü, diktatoru Stalində belə bir mənəmlik olsaydı, o, bütün Avropanı özünün ağalığı altına alardı. Stalin özünün, qurduğu böyük dövlətin ən güclü çağlarında belə bunu etmədi. Nə üçün? Gerçəklik-reallıq duyğusunu itirmədiyi üçün! Siyasət adamının faciəsi gerçəklik duyğusunu itirəndə başlayır…
 
Gerçəklik duyğusunu itirən siyasət adamı qaçılmaz olaraq özünü başında durduğu xalqa qarşı qoyur. Xalqı yenilmiş sayaraq o, narkotik etkisi altında keflənmiş kimi olur. Ancaq bu balaca kayf çox sürmür, adam özünü daha geniş alanda, daha böyük çapda, deyək, dünya çapında göstərmək istəyindı bulunur. Ən çox da bü özünü gerçəklik duyğusunu itirməklə diktator alışqanlığına uğramış kimsənin savaş istəklərində üzə çıxır: adam ölkəsində bütün opponentlərini əzib marginallaşdırandan sonra ölkəsindən qıraqlara boylanmağa başlayır. Onda özünə, çevrəsinə özünü daha güclü göstərmək istəyi alovlanır. Sözsüz, bu bir diktator alışqanlığıdır.
Adam içindəki mənəmlik yanğısını söndürmək üçün hamıyla savaşmaq istəyir. Bu yerdə istər-istəməz 1 milyonluq ordusu ilə öyünən Iraq lideri Səddam Hüseyni anmalı olursan. Super “dinsevər” olaraq öz qanıyla Quran yazdıran S.Hüseyn ölkə içindəki bütün opponentlərini qansızcasına qırıb tükədəndən sonra darıxmağa başlamış, buna görə də yaxın çevrəsi ilə, qabaqca Iranla, ardınca Küveytlə savaşa çıxmışdı. Ardıcıl repressiyalar yoluyla ölkəsində ALTERNATIVSIZ liderə çevrilən Səddamda “qanunauyğun” olaraq alternativsiz ölkə, alternativsiz bölgə, alternativsiz dünya liderinə çevrilməık istəkləri baş qaldırmışdı. Bu baxımdan başlanğıc olaraq o, superdövlətlə – ABŞ-la informasiya savaşına çıxmışdı. Sonu bəllidir. Burada bir fakta ayrıca toxunmağa dəyər. Bir daha demək gərəkir: Səddam başlanğıc olaraq ABŞ-la informasiya savaşına girişmişdi. ABŞ hökuməti, ABŞ dövlət başçıları Iraqın informasiya qurumlarında gündəlik sərt ələşdirmə obyektinə çevrilmişdı. Düzünə qalsa, bu, ələşdirmə də deyildi; özünə düşmən saydığını bütün etik normaları aşmaqla yıxıb-sürümək idi.
 
Nə baş verməliydisə, o da baş verdi: ABŞ hökuməti böyük NEFT pullarının şişirdib özündən çıxardığı diktatorla oyuna son qoymalı oldu. Səddamın neft pulları ilə gücləndirilmiş bir milyonluq ordusu bir neçə saatın içində darmadağın edildi. Eləcə də bir neçə saatın içində Bağdaddakı bütün nazirliklər düzgün tuşlanmış raketlərlə darmadağın edildi. Bir nazirlikdən başqa. Hə, bir neçə saatın içində bütün nazirliklər darmadağın edilmiş, bircə nazirlik toxunulmaz qalmışdı – NEFT NAZIRLIYI! Bu nazirlik ABŞ-a gərək idi…
 
Bütün opponentləri əzməklə, xalqı yenməklə uğur qazanılsaydı, bu yolu indiki dünyada olduğu kimi tək-tək kimsələr deyil, böyük çoxluq gedərdi. Ancaq böyük çoxluğun getdiyi bütünlüklə başqa yoldur: tək-tək diktatorların etdiyi kimi sözdə deyil, işdə xalqa qulluq yolu. Belədə sonuc baxımından çox qorxulu görsəniş – opponentləri, ayrıca olaraq desək, müxalifəti əzib-damlamaq gərəyi də yaranmır. Adam böyük könül düncliyi ilə prezidentlik-başçılıq-liderlik dönəmini başa vurmaqla yenidən arxayınca xalqın arasına qayıdır – bugünlərdə Uruqvay prezidenti etdiyi kimi. Sözsüz, Uruqvay prezidenti kimi olmaq çətin deyil, aşıb-daşan tamahını, yersiz-gərəksiz mənəmlik istəklərini cilovlamaq onlara yiyəlik etmək çətindir.