«Google plus» şəbəkəsi hansı funksiyalarla fərqlənmək ıstəyir?
Gizlilik prinsipini xüsusi olaraq qoruyacaq
“Google” şirkəti bu ayın 28-də “Google plus” adlı yeni sosial şəbəkə layihəsini təqdim edib. Korporasiya mütəxəssislərinin fikrincə, bu layihə məşhur sosşəbəkə “Facebook”a qarşı böyük ölçüdə rəqib olacaq. Bu mənada, “Google plus”un üstünlüyü gizlilik sisteminin daha etibarlı nizamlanmasıdır. Özü də ayrıca, hər bir dostluq qrupu üçün xüsusi olaraq.
Bununla belə, ekspertlərin qənaətincə, yaxın zamanlar üçün bu şəbəkə modelinin hələlik “Facebook”u sıxışdıracağı az inandırıcıdır.
“Facebook”da kifayət qədər aktiv olan “Google plus”un mühəndis bölməsinin vitse-prezidenti Vik Qandotra və həmkarı Breq Horovits (onların şəbəkədə 600 və 2000 dostu var) əminliklə bildirirlər ki, çox sayda dostun olması “Facebook”da “paylaşmanı güclü şəkildə tormozlayır”. Onlar bu qənaətə sözügedən məsələni xüsusi olaraq araşdırdıqdan sonra gəliblər.
Bu baxımdan, “Facebook” kimi, “Google plus” da fotoşəkillərin, xəbərlərin, şərhlərin paylaşım axını imkanlarına malikdir, ancaq buna çıxış yenə də gizlilik sisteminin nizamından asılıdır.
Istifadəçi öz dostlarını müəyyən adlar altında birləşdirə biləcək, məsələn, “şənbə gecəsinin dostları”, “qohumlar”, yaxud “boss və onun ətrafı” kimi. Hər bir “dairə” üçün isə spesifik giriş hüququ müəyyən etmək imkanı olacaq. “Qrup xəbərləşməsi” kimi tanınan “Huddle” funksiyası eyni zamanda bir neçə adama ani xəbər göndərməyə imkan verəcək. “Facebook”dan fərqli olaraq, “Google Plus” şəbəkəsi videomüzakirə təşkil etməyə imkan yaradır ki, bu zaman eyni vaxtda bir neçə adam bir-birini görə və danışa biləcək. Bundan başqa, yeni “Sparks” xidməti istifadəçinin marağına uyğun informasiya əsasında mövzu və videomaterial məsləhətində buluna biləcək. Qandotranın sözlərinə görə, bu gün insanların mobil telefonlarda istifadə etdiyi “Android” proqramı kimi elə funksiyalar olacaq ki, “Google Plus”la eyni vaxtda qoşularkən, bu funksiyaları anında həyata keçirmək mümkün olacaq, məsələn, video və fotoların smartfon vasitəsilə yüklənməsi “ani” toxunuşla həyata keçəcək.
“Google plus” əlavə olaraq “Google map” və “Google Images” proqramları ilə də zənginləşdiriləcək. Proqramçılar həmçinin planlaşdırırlar ki, elə bir sosial şəbəkə yaratsınlar ki, o, nəinki adi istifadəçilərə, eyni zamanda biznesmenlər üçün də əlçatan olsun. Məsələn, “Google Apps” – korporativ münasibətlər və şirkətlərdə müştərək iş üçün xüsusi olaraq hazırlanmış xidmət kimi.
Hələlik “Google Plus” test rejimindədir, bu şəbəkədə qeydiyyata düşmə isə istisnasız olaraq elektron poçta göndərilən dəvətnamə əsasında aparılır. Sosial şəbəkənin hamı üçün əlçatan olacağı tarix isə hələ açıqlanmır. “Bu, uzun illər inkişafda olacaq bir layihədir. Biz hələ buna nail olmamışıq, sadəcə bünövrəsini qoymuşuq, funksiyaların əksəriyyəti isə gələcəkdə üzə çıxacaq. Yeni layihə ”Google”un keyfiyyətini dəyişəcək. Bu, sizin sevdiyiniz həmin “Google”dur, ancaq bu dəfə dostlarla münasibət qurmaq imkanları ilə qapınızı döyəcək”, – deyə Horovits deyib.
Xatırladaq ki, hələ bir müddət əvvəl, “Google” şirkəti özünün şəxsi sosial internet xidmətinin təşkilinə cəhd etmişdi: konkret 2010-cu ilin axırlarında sözügedən korporasiya “Google Buzz” xidmətini hazırlamışdı. Onun köməyi ilə dostlar və hüdudsuz istifadəçi dairəsi arasında operativ şəkildə məlumatların, “ssılka”ların, foto və videoların yayılması mümkün idi. Ancaq şirkət istifadəçilərin kəskin etirazı ilə qarşılaşmalı olmuşdu. Onlar “Google”u gizlilik sistemindəki qüsurlara və “şəxsi informasiyanın sızmasına” görə tənqid edirdilər. O vaxt məsələnin məhkəməyə qədər uzanmaması üçün “Google” 8,5 milyon ABŞ dolları məbləğində “tərləməli” olmuşdu.
“Düşünürəm ki, şirkətin əvvəlki sosial layihəsilə müqayisədə ”Google plus” uğurlu olacaq”, – deyə “Forrester Research”in icmalçısı Coş Bernof hesab edir.
Bununla belə, mütəxəssislərin fikrincə, insanların öz məlumatlarını “Google plus” vasitəsilə paylaşmağa vərdiş etməsi üçün, korporasiya hələ bir çox çətinliklərlə üzləşəcək. “Dostluq qrupları gərək ki, belə şərtlər çərçivəsində ünsiyyət qurmağa və informasiya mübadiləsinə razılaşsınlar və bunu təsdiq etsinlər”, – “Altimer Group” konsaltinq şirkətinin əməkdaşı Şarlin Li vurğulayıb.
Hazırladı: Rəşad Alp


