Nulandla əldə olunan razılaşmaya əməl olunmur
Fuad Qəhrəmanlı: «Sekutanın açıqlaması ona işarədir ki, ABŞ Azərbaycanın konkret addımlar atmasını gözləyir»
Azərbaycan ABŞ münasibətlərindəki soyuqluq davam etməkdədir. Əgər ABŞ dövlət katibinin müavini Nulandın Bakı səfəri zamanı münasibətlərdəki gərginlik bir müddət üçün aradan qalxmışdısa, daha sonra əldə olunan kövrək “sülh”də aradan qaldırıldı. Buna səbəb Nulandın səfəri zamanı əldə olunan razılıqlara əməl olunmamasıdır.
Belə ki, Nullandla hökumət arasında əldə olunan razılığa görə müştərək komissiya yaradılmalı idi. Və bu komissiya insan haqları ilə bağlı yaranan problemlər, siyasi məhbus probleminin həlli istiqamətində konkret addımlar atmalı idi. Amma bu baş vermədi. Və bu öhdəliyin yerinə yetirilməməsi daha sonra dövlət katibinin müavini Malinovskinin səfərinin son anda təxirə salınması ilə nəticələndi. ABŞ açıq şəkildə bəyan etdi ki, bu addımın atılmasına səbəb hazırkı dönəmdə Azərbaycanla danışıqlar aparılmasının mənasız olmasıyla bağlıdır.
Münasibətlərdəki gərginliyi göstərən daha bir neçə məqam 28 may Respublika Günü münasibəti ilə ABŞ prezidenti Obama və dövlət katibi Kerrinin ünvanladığı təbrik məktublarında görünürdü. Hər iki məktubda insan haqları və demokratiya ilə bağlı ciddi mesajlar verilirdi. ABŞ-la Azərbaycan arasında münasibətlərin gərgin olmasını sübut edən daha bir məqam hər il keçirilən Xəzər Neft-Qaz sərgisində yaşanıb. Hər il həmin tədbirlə bağlı ABŞ dövlət başçısının təbriki səslənir, sərgidə yüksək çinli ABŞ rəsmisi iştirak edirdisə, bu il bunlar nəzərə çarpmadı. Tədbirdə ABŞ səfiri Sekutanın söylədikləri isə sualları bir qədər də artırır. Səfir bildirdi ki, ABŞ tərəfi Nulandın səfəri zamanı razılaşdırılan komissiyanın tərkibi ilə bağlı rəsmi Bakının mövqeyini gözləyir. Deməli Azərbaycan hakimiyyəti ABŞ qarşısında Nulandın səfəri zamanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyib.
ABŞ-Azərbaycan münasibətlərində hazırda gərginliyin hökm sürdüyünü deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, bu gərginliyin də səbəbi Azərbaycan hakimiyyətinin insan hüquqları ilə bağlı apardığı irticaçı siyasətdir. Dəfələrlə ABŞ-la Azərbaycan arasında bu istiqamətdə müzakirələrin olduğunu vurğulayan F.Qəhrəmanlı bildirdi ki, ABŞ problemin həlli istiqamətində Azərbaycana müxtəlif mesajlar ünvanlasa da, hələlik heç bir nəticə yoxdur: “Nulandın Bakıya səfəri zamanı münasibətlərin nizama salınması üçün Azərbaycana konkret təkliflər edilmişdi. Bu təkliflərdən biri birgə Işçi Qrupunun yaradılması ilə bağlı idi. Bu günə qədər bu istiqamətdə nəticənin olmaması onu göstərir ki, Azərbaycan bu məsələ ilə bağlı ABŞ-la hər hansı əməkdaşlığa artıq maraq göstərmir. Bu isə Nulandın Azərbaycan səfərinin nəticəsiz qalması deməkdir?.
ABŞ səfirinin birgə Işçi Qrupu məsələsini yenidən gündəmə gətirməsinin təsadüfi olmadığını deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, bu ona işarədir ki, ABŞ Azərbaycanın konkret addımlar atmasını gözləyir. F.Qəhrəmanlının sözlərinə görə, Nulandın səfərindən sonra razılaşdırılmış addımların atılmaması o deməkdir ki, bundan sonra Azərbaycanla artıq dialoqun aparılması mənasızdır: “Malinovskinin səfəri ona görə təxirə salınmışdı ki, Azərbaycanla hazırkı durumda danışıqlar aparmağın xeyri yoxdur. Çünki ortada konkret bir razılaşma var idi. Bu razılaşma ilə bağlı isə Azərbaycan üzərinə düşən addımları atmayıb, Azərbaycan bu istiqamətdə heç bir təşəbbüs göstərmir. Bir müddət bundan öncə də Novruz Məmmədov da bir məqamı təsdiqlədi ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Bayerin tələbi ilə ATƏT-in Bakı ofisinin rəhbəri Ilham Əliyevlə şəkil çəkdirdiyinə görə vəzifədən kənarlaşdırılıb. Bu artıq münasibətlərin kifayət qədər böyük qarşıdurma ilə müşahidə olunduğunu göstərir”.
F.Qəhrəmanlı vurğuladı ki, Neft-Qaz Sərgisində də ABŞ-ın yüksək çinli məmurunun iştirak etməməsi, Obamanın tədbirə təbrik məktubu göndərməməsi o deməkdir ki, münasibətlərin artıq indiki səviyyəsində Azərbaycan ABŞ-ın gözündə əvvəlki əhəmiyyətini itirib. “Artıq Azərbaycanla münasibətdə enerji faktoru münasibətləri müəyyənləşdirən əsas faktor hesab olunmur. Bu artıq siyasi faktor olmaqdan çıxıb və məsələyə ticari yanaşma sərgilənir. Bütün bunların baş verməsi iqtisadi qanununa uyğunluqdan daha çox Azərbaycanın ABŞ-la münasibətlərdə tutduğu yanlış mövqeyin nəticəsidir. Bu artıq onu göstərir ki, Azərbaycan hakimiyyəti bundan sonra insan haqlarını pozmaq kursunu davam etdirəcəksə, ABŞ-ın münasibəti daha da sərt olacaq”.
Xəyal