«Qərbin strateji maraqları bu ölkələrdə demokratik rejimlərin qurulmasını tələb edir»
“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının prezidenti Devid Kremer və həmin təşkilatın proqram direktoru Kristofer Uoker “The Foreign Policy” jurnalında birgə məqalə ilə çıxış ediblər. Tanınmış siyasilərin qələmə aldığı məqalədə ərəb dünyasını bürüyən inqilabları zəruri edən şərtlərin keçmiş sovet ölkələrində də mövcud olduğu vurğulanır.
Müəlliflər ABŞ dövlət katibi Hillari Klintonun Afrika ölkələrinin diplomatları ilə görüşü zamanı səsləndirdiyi “Liderlər ölkələrini məsuliyyətlə idarə etməli olduqlarını anlamalıdırlar. Onlar vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etməli, iqtisadi rifahlarının artırılmasına yönəlik addımlar atmalıdır. Bunu etməyən liderlərin hakimiyyətdən getməsi qaçılmazdır” fikirlərinə yer veriblər. Kremer və Uokerin fikrincə, ABŞ rəsmisinin sözləri Afrika liderlərinə yönəlsə də, bu bəyanat daha çox keçmiş Sovet Ittifaqının 9 ölkəsinə ünvanlanıb. Çünki “Freedom House” təşkilatının son hesabatına görə, məhz keçmiş sovet ölkələrinin əksəriyyətində avtoritar rejim hökm sürür. Regionun 80 faiz əhalisi avtoritarizmdən əziyyət çəkir.
Devid Kremer və Kristofer Uoker keçmiş sovet ölkələrində avtoritar liderlərin uzun müddət hakimiyyətdə qalmalarının yaratdığı problemləri də sadalayıb: “Birincisi, hakimiyyətin idarə olunmasında dinc rotasiya sisteminin çatışmazlığı danılmazdır. Bu da faktdır ki, regionun əksər ölkələrinə rəhbərlik edənlər gənc liderlərdir. Onlar narazı xalqa mövcud siyasi durğunluğun bir neçə il davam edəcəyinə dair vədlər verirlər. Ikincisi, Yaxın Şərqdə olduğu kimi, keçmiş SSRI respublikalarının əksəriyyətində də səsvermə yolu ilə alternativ siyasi sistem və liderlərin meydana gəlmə imkanları məhdudlaşıb. Ölkələrin radikal ekstremizm təhlükəsi ilə üzləşmə ehtimalı artıb. Hətta bəzi avtoritar liderlər ksenofobiya və ultramillətçi ekstremizmin inkişafına dolayı yolla dəstək verir. Bu ölkələrin bariz nümunəsi kimi Rusiya və Özbəkistanı göstərmək olar. Burada ekstremistlərin ”səsi” daha böyük rezonans doğura bilir. Üçüncüsü, belə sistemlər korrupsiya və qanunsuzluqların əhatəsindədir. Bunlar isə iqtisadi islahatların reallaşdırılmasına ciddi maneələr törədir. Dördüncüsü, ciddi liberal islahatların başlanması prosesinə inanmaq avtoritar idarəetmənin çürümə effekti sayəsində daha çətin və qeyri-müəyyəndir”.
Müəlliflərin fikrincə, postsovet avtoritar rejimlər köklü islahatların reallaşmasında maraqlı deyilllər. Onların qısamüddətli strategiyası mövcud rejimi sərtləşdirmək və hakimiyyətdə qalmağa olan ümidləri artırmağa hesablanıb. Məsələn, Rusiyada aparıcı müxalif liderlərin qurduğu Xalq Azadlıq Partiyasının qeydiyyata alınmasından imtina olundu. Azərbaycanda blogger və jurnalistlərə təzyiqlər davam edir.
Devid Kremer və Kristofer Uoker “The Foreign Policy” jurnalında yazdıqları məqalədə qeyd edirlər ki, keçmiş SSRI ərazisində mövcud avtoritar rejimlər stabil deyillər. Qərbin strateji maraqları isə tezliklə bu ölkələrdə demokratik rejimlərin qurulmasını tələb edir.
Siyasət şöbəsi