Leyla Yunusun ofisi polis nəzarətində

Əraziyə qaz buraxmaqla əhalidə xof yaradırlar

Dünən ofisi Şəmsi Bədəlbəyli küçəsi, 38 ünvanında yerləşən Sülh və Demokratiya Institutunun əməkdaşları binanın divarında burada SDI, habelə Qadın Krizis Mərkəzi və Tank əleyhinə minaların qadağan edilməsi üzrə Azərbaycan Kampaniyasının yerləşdiyini əks etdirən yazıları iki həftə içində üçüncü dəfə bərpa ediblər.
Polis dərhal gələrək toplaşanları qovmağa başlayıb və qeydlərin yazılmasına mane olmağa çalışıb. Bununla belə, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın “Turan”a verdiyi məlumata görə, yazılar bərpa olunub. Polislər yazıları pozacaqlarını bildirərək çıxıb gediblər. Polis növbəti dəfə şəxsi mülkiyyət sahiblərinin öz əmlakları ilə istədikləri kimi davranmasına mane olur.

Özü də söhbət yalnız həmin ünvanda yerləşən rəsmi təşkilatların adının yazılmasından gedir. Polis tezliklə bu küçədəki bütün evlərin buldozerlə söküləcəyini və buna mane olmaq cəhdlərinin mənasız olduğunu iddia edir.
Mətanət Əzizova qeyd edib ki, evin həyətindən güclü qaz iyi gəlir. Onların Qaz Idarəsinə və FHN-ə müraciətləri heç bir nəticə verməyib. Partlayış və yanğın təhlükəsi var. Belə bir təəssürat yaranır ki, bütün bunlar sakinləri zorla sıxışdırıb çıxarmaq məqsədilə qəsdən edilir. Yeri gəlmişkən, SDI-yə heç bir pul kompensasiyası təklif olunmayıb.