ibrahim-ibrahimli

“PKK-çı kürdlərin niyyəti iflasa uğrayacaq”

İbrahim İbrahimli: «Diplomat» qəzetinin PKK-dan aldığı bu göstərişin təsiri bumeranq kimi kürdlərin özünə qayıdacaq»

«Məsələnin gündəmə gəlməsi Azərbaycan hakimiyyətinin kürdləri himayə etdiyini bir daha ifşa edəcək»

PKK-nın ruporu kimi tanınan “Diplomat” qəzetinin mətbuat konfransı keçirərək Azərbaycan dövlətinin ünvanına ittihamlar yağdırdığı barədə məlumat vermişdik. Bir qrup kürd əsilli gənc Ilham Əliyevə müraciət edərək bildirib ki, kürdlər Azərbaycanda bir xalq kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Azərbaycanda digər xalqların uşaq bağçaları, məktəb, teatr, folklor qrupları olduğu, mədəniyyətləri telekanallarda təbliğ edildiyi halda, kürdlər bundan məhrum olunub. Həmçinin Milli Məclisdə digər xalqlardan deputatlar olduğu halda, kürdlərin parlamentdə təmsilçisi yoxdur.
Ötən sayımızda da qeyd etmişdik ki, belə bir tədbirin keçirilməsi təsadüf ola bilməz. Versiyalardan biri odur ki, tədbir hakimiyyətin sifarişilə təşkil edilib. Məqsəd də, adının terrorçu təşkilat PKK ilə yanaşı hallandırılmasını önləmək və kürdləri himayə etmədiyini diqqətə çatdırmaqdır.
Yəni kürdlərin Azərbaycan dövlətindən narazılıq etməsi hakimiyyətin kürdlərə xüsusi imtiyaz verməsi, PKK-nı dəstəkləməsi kimi faktların həqiqət olmadığı barədə rəy yaratmağa hesablanıb. Hələ bir neçə il əvvəl Beynəlxalq Böhran Qrupu Azərbaycan hökumətinin PKK ilə əlaqələrinə diqqət çəkmişdi. Bundan başqa, terror təşkilatının rəhbəri, hazırda həbsdə olan Abdullah Öcalan məhkəmə prosesi zamanı Azərbaycanın PKK-nın əsas maliyyə mənbəyi olduğunu bəyan etmişdi. Üstəlik  Azərbaycan hakimiyyətində kürd əsilli məmurların yüksək postlar tutması və onların PKK ilə münasibətləri barədə də iddialar var.
Başqa bir versiyaya görə, Azərbaycandakı separatçı kürdlər hakimiyyətdəki himayədarlarına güvənərək düşünürlər ki,  iddialarını açıq şəkildə bəyan etməyin zamanı gəlib.
Nəhayət üçüncü versiya belədir ki, Türkiyədəki son parlament seçkilərində 35 deputat yeri qazanan PKK-ya bağlı Barış və Demokrat Partiyası Türkiyədə aranı qarışdırmaqla məşğul olduğu bir vaxtda, terror təşkilatının Azərbaycandakı qolu da burada fəallaşıb və separatçılıq fəaliyyətinə start verib.

Azərbaycanda kürd problemi varmı?

Siyasi ekspert Ibrahim Ibrahimliyə müraciət edib bu versiyalardan hansının real ola biləcəyini soruşduq.
I.Ibrahimli hesab edir ki, Azərbaycanda heç vaxt milli azlıq, eləcə də kürd problemi olmayıb: “Hələ milli hakimiyyət dövründə Əbülfəz Elçibəyin ilk fərmanı Azərbaycanda yaşayan milli azlıqlarla bağlı oldu. Türkiyə bir neçə dəfə PKK məsələsini Azərbaycan hakimiyyəti qarşısında qaldırıb. Zaman-zaman Iraqdan, Türkiyədən Azərbaycana PKK-çı kürdlər axın edib. Mətbuatda da Gəncəbasarda, Göygöl ətrafında PKK-çı kürdlərin planlı şəkildə yerləşdirilməsi barədə xəbərlər gedib. Eyni zamanda Türkiyənin təhlükəsizlik orqanlarının məlumatlarına görə, Azərbaycanda PKK-nın dayaqları formalaşdırılıb, Naxçıvanda və digər bölgələrdə PKK-ya bağlı qüvvələr bu terrorçu təşkilata maliyyə yardımı edir. Hətta Öcalan öz məhkəməsində açıq şəkildə ifadə etmişdi ki, Azərbaycanda PKK-nı maliyyələşdirən mənbələr var. Bu məsələ ayrı-ayrı vaxtlarda Azərbaycanla Türkiyə arasında gərginlik də yaradıb. Hətta Türkiyə açıq şəkildə bildirib ki, Azərbaycanın hakimiyyət dairələrində PKK-nı dəstəkləyən, PKK kürdlərinin Azərbaycanda yerləşdirilməsinə yardım göstərən xüsusi qüvvələr var”.

“Diplomat”ı PKK danışdırır?

I.Ibrahimli hesab edir ki, məsələnin qabardılmasının və yenidən gündəmə gətirilməsinin başlıca səbəbi Türkiyədə baş verən hadisələrdir: “Türkiyədə bütün dünyanın diqqətini cəlb edən, azad, ədalətli, demokratik seçki keçirildi. Bu da Türkiyə hakimiyyəti və cəmiyyətinin ”Demokratik açılım” prosesini həyata keçirməyə hazır olmasının nümunəsi idi. Bu proses də Türkiyədə kürd probleminin həllinə gətirib çıxarır. AKP hakimiyyəti etnik kürdlərlə PKK-çı kürdləri bir-birindən ayıra bildi. Bunun nəticəsi olaraq PKK-nın pis vəziyyətə düşməsi Türkiyə ilə yanaşı Azərbaycanda da vəziyyətin gərginləşməsinə gətirib çıxardı. PKK məsələni yenidən dünyanın gündəminə gətirmək istəyir. Türkiyənin dünyanın siyasi səhnəsində aparıcı qüvvə kimi ortaya çıxması, Avropanın onunla hesablaşmağa başlaması PKK-çı kürdləri narahat edir. Avropada fəaliyyət göstərən PKK-çı təşkilatların strukturları ləğv edildi, bank hesabları donduruldu. Bütün bunlar Türkiyənin uğurlu siyasətinin nəticəsi idi. Kürdlər hesab edir ki, Azərbaycanda bu məsələni qabartmaq onların xeyrinədir. Amma bu, əks-effekt verəcək”.
Ekspertin fikrincə, “Diplomat” qəzetinin PKK-dan aldığı bu göstərişin təsiri bumeranq kimi kürdlərin özünə qayıdacaq: “Kürdlərin Azərbaycanda yeritdiyi bu siyasət iflasa uğrayacaq. Çünki bu, Türkiyədəki siyasi dairələrin, həmçinin Azərbaycan cəmiyyətinin narazılığına səbəb olacaq. Hakimiyyətin yuxarı dairələrində təmsil olunan Bəylər Əyyubov və onun ətrafında olan qüvvələrin kürdləri himayə etməsi bir daha açıqlanacaq və ifşa olunacaq”.