Cəmil Həsənli “Yeni Müsavat”a sərt cavab verdi

“Bu materialları MTN analitikləri və prezident aparatı təhlilçiləri hazırlayıb…”

Milli Şuranın sədri Cəmil Həsənli ABŞ səfiri Robert Sekuta ilə görüşü barədə bəzi mətbu orqanlarda yazılan iddialara cavab verib. C.Həsənli facebook səhifəsində yazıb:

“Dəyərli dostlar! Dünən “Yeni Müsavat” qəzeti haqqımızda əvvəl “Haqqın.az” saytında rusca yayılmış yalan və böhtanı bir ayrı formatda Azərbaycan dilində tirajladı. (Bax: http://musavat.com/…/absh-in-bakidaki-enerji-tedbirine-qars…). Əvvəl yazdığım kimi bu materiallar bir qayda olaraq MTN analitikləri və prezident aparatı təhlilçiləri tərəfindən hazırlanıb, qeyd edilən qurumlar tərəfindən idarə olunan bu mətbuat orqanlarına göndərilir. Burada məqsəd hakimiyyətinin əsas hədəfinə çevrilmiş Milli Şura haqqında yalan və böhtan yaymaq, qaralama kampaniyasına rəvac verməkdir. Bir cümlə ilə bəyan edirəm ki, mənim may ayının 26-da ABŞ səfiri cənab Sekuta ilə görüşüm barədə dünən “Yeni Müsavat” qəzetində, ondan əvvəl “Haqqın.az” saytında yazılanlar həqiqətə uyğun deyil, yalan və böhtan xarakteri daşıyır. Bütün bunlar son dərəcə bəsit təzyiq alətləridir. Mən tarixçi olaraq keçmiş Sovet, o cümlədən KGB arxivlərində çox işləmişəm. Sovet hakimiyyət polittexnoloqlarının bu tipli materialları necə hazırlayıb hansı formada mətbuata ötürdükləri ənənəsini yaxşı bilirəm. Milli Şura olaraq hədəflərimiz millətimizin haqqı və hüququ, xalqımızın istək və arzularıdır. Bu ünvanlardan başqa söykənəcəyimiz bir yer də yoxdur. Əlbəttə, qeyd etdiyim qurumlar tərəfindən hazırlanmış belə böhtan kampaniyasında əsas məqsədlərdən biri də Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərini və beynəlxalq birliklərin təmsilçilərini Milli Şura rəhbərliyi ilə əlaqələrdən, görüşlərdən çəkindirmək cəhdləridir. Dünən “Yeni Müsavat” qəzetində getmiş bu növbəti hədyanları oxuyanda dahi Mirzə Cəlilin “Usta Zeynal” hekayəsi yadıma düşdü. Həmin hekayədən bu vəziyyətə uyğun gələn parçanı oxuculara təqdim edirəm.

"Ustalar yetişdilər Muğdusi Akopun evinə və yarım saatdan sonra Usta Zeynal çıxdı taxtanın üstünə. Qurban başladı gəc qayırmağı və söhbəti. “Usta, bizim xozeyin yaxçı adama oxşuyur.” Usta Zeynal gəci ləyəndə sağ əli ilə götürüb cavab verdi:
“Yaxçı adam olmağına yaxçı adamdı, allah dinə gətirsin; amma nə fayda?!”
“Usta, mən bir şeyə mat qalıram. Yaxçı, ermnilər bu aşkarlıqda zadı görmüllər? Bunlar niyə bəs dönüb musurman olmullar?” Usta Zeynal gəci mala ilə səqfə vurub dedi: “Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu, onda cəhənnəmi allah kimdən ötrü xəlq edib və kimi ora göndərcək? Bu işlərin hamısının bir səbəbi var; yoxsa ermənilər çox yaxçı bilirlər ki, bizim məssəbimiz olarınkından yaxçıdı. Allah əziz və cəlallıdır.”
“Usta, sözünü də kəsirəm, hələ deyək ki, musurman olmasınlar. Mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər?” Usta Zeynal malanı qoydu taxtanın üstünə; çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi: “Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər…. Neyləsinlər yazıqlar? Adamın adam xörəyi olar, heyvanın da heyvan xörəyi. Və bir də bunlar hamısı allahdandır. Gəl ləyəni götür, gəc qayır.” Qurban çıxdı nərdibana və başladı: “Bəli, qıl körpüdən keçəndədi tamaşa!…”