Hakimiyyət bütün cinahlardan zərbə almaqdadır. Artıq heç kim bu hakimiyyəti müdafiə etmək missiyasının üzərinə götürmək istəmir. Üstəlik, dünənə qədər Əliyev hakimiyətinin təbliğatını aparanlar, artıq “ağ bayraq” qaldırıblar. Eyni zamanda hakimiyyətin bütün yalanlarına dərhal adekvat cavab verilir və qətiyyən güzəşt olunmur. Xatırlayırsızsa, mayın 27-də “Buta” sarayında Respublika günü münasibətilə rəsmi qəbul keçirilmişdi.
Tədbirdə çıxış edən ölkə başçısı ölkədə ictimai nəzarətin vacibliyindən danışmışdı:ÿ"Ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır" – deyə ölkə başçısı bildirmişdi.
Biz də bu fikirlərə münasibət bildirmişdik və bu ölkədə bütün sahələrə hakimiyyətin nəzarət etdiyini yazmışdıq. Həqiqətən də məhkəmə hökmlərindən tutmuş, ölkəyə banan gətirilməsinə qədər bütün işlər məmurların nəzarətindədir. Bu “nəzarət”ə etiraz edənlər isə, qondarma ittihamlarla həbs edilir. Amma həmişə bizim haqlı tənqidlərimiz süngü ilə qarşılanır, hər şeyi qara rəngdə görməkdə ittiham edilirik.
Amma bu dəfə bizim arqumentlərimizin haqlı olduğunu Avropa Şurası da təsdiqlədi. Belə ki, hakimiyyətin qatı tərəfdarlarından olan AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinski (Polşa) ölkəmizdəki vəziyyətlə bağlı qətnamə layihəsi hazırlayıb. Iyunun 22-dən 26-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası keçiriləcək və sessiyada Azərbaycandakı vəziyyət müzakirəyə çıxarılacaq. Qətnamə layihəsində Azərbaycandakı QHT-lərin sıxışdırılması, müxalif fəalların təqib edilməsi, hakimiyyətin məhkəmələrə müdaxiləsi, müstəqil mətbuatın sıradan çıxarılması, tanınmış jurnalistlərin, hüquq müdafiəçilərinin həbs olunması, beynəlxalq öhdəliklərə əməl edilməməsi və digər məsələlər öz əksini tapıb.
Yəni, artıq Əliyev hakimiyyətinin tərəfdarları da bütün səddlərin aşıldığını başa düşür və hakimiyyətin qeyri-səmimi olduğunu açıq şəkildə ifadə edirlər. Deməli, Əliyevin ictimai nəzarət, neqativ hallara son qoyulması ilə bağlı səsləndirdiyi fikirləri beynəlxalq aləmdə də qeyri-ciddi qarşılayırlar.
Bir sözlə, bu ölkədə bütün sahələrə hakimiyyətin nəzarət etdiyini və heç kimin bu nəzarətə şərik ola bilməyəcəyini təkcə biz deyil, bütün dünya təsdiqləyir. Artıq həqiqət hamıya aydındır və həqiqətləri gizlətməklə nəzarətdə saxlamaq mümkünsüzdür.
Azad


