Sən demə, diktatura inkubator effekti yarada bilmir
Vicdan, ümumiyyətlə, əmək kitabçasında və məmur vəsiqəsində yerləşmir
Əliyevləşmiş media şoka düşüb. Birdən-birə, Avropa oyunlarının ərəfəsində səfirlərin və diplomatik xidmət işçilərinin bir çoxu fərqli düşünməyə başlayıb. Bəlkə, güman etmək olar ki, diplomatların fərqli düşüncəni izhar etməkləri onların xarici ölkələrdəki sahmanla Azərbaycandakı durumu müqayisə etməsinin nəticəsi deyil, Binəqədidəki faciəyə rəsmi münasibətin tacir münasibətindən fərqlənməməsi buna təkan verib.
Azərbaycanın Brüsseldəki səfiri Arif Məmmədov “Facebook” səhifəsində bu yanğınla bağlı belə bir status yazıb: “Allah rəhmətə gedənlərə rəhmət eləsin. Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
Razılaşın ki, indiki ərəfədə, hətta cib müxalifətinin və hökumətin ələ ala bildiyi bütün hüquq-müdafiə təşkilatlarının rəhbərlərinin hamısı bir yerdə bu qədər adekvat münasibət göstərməmişdi. Bu adamlar arasında bir çoxu isə, ümumiyyətlə, Avropa Oyunlarına hökumətlə əməkdaşlığı leqallaşdırmaq, sərfəsiz “müxalifət” imici ilə birdəfəlik vidalaşmaq şansı kimi baxanlar da çoxdur. Amma elə həmin səfir Avropa Oyunlarının məşəlinin Ilhamə Quliyevaya həvalə edilməsinə olduqca ironik bir münasibət göstərir, əlavə edir ki, nə əcəb ölkənin “parlaq” dostları olan Jirinovskini və Züqanovu da məşəl tutmağa dəvət etmirlər? Arif Məmmədovun bu statusunu “like” edənlər arasında həm Brüsseldəki səfirliyin, həm də Xarici Işlər Nazirliyinin əməkdaşları var və indi onların hamısının haqqında xidməti yoxlama başlayıb. Bəzi xəbərlərə görə, “like” edənlər arasında Ukrayna səfirinin oğlu da var və onun atası Eynulla Mədətlini artıq işdən uzaqlaşdırıblar. XIN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə də divan tutulacağı gözlənilir.
Azərbaycan diplomatik korpusu çat verir. Bunu belə adlandırmaq olar. Ilham Əliyev Şərq tipli bir despot olduğuna görə, onun Qərb ölkələrinə yolladığı səfirlər Şərq despotizmi ilə barışmadıqlarını və mütərəqqi Qərb dəyərlərindən uzaqlaşmanı, xüsusilə də, Avropa Oyunları ətrafında nümayiş etdirilən görməmişliyi açıq istehza ilə qarşılayırlar. Bir neçə gün əvvəl spiker Oqtay Əsədov xaricdə təhsilin lazımsız olduğunu demişdi. Doğrudur, Oqtay Əsədov fərqləndirməmişdi ki, bu “lazımsız təhsil” Qərb ölkələrində verilir, ya məsələn, Türkiyə, Rusiya kimi siyasi dəyərlər baxımından Azərbaycana yaxın olan ölkələrdə. Amma görünür, fərqi yoxdur. Azərbaycan indi Eritreya, Efiopiya, Zimbabve kimi ölkələrlə müqayisə olunan situasiyaya ev sahibliyi edirsə, bu ölkənin hüdudlarından kənarda istənilən ölkədə Azərbaycan vətəndaşları özlərini daha azad, daha rahat hiss edirlər. Xarici ölkələrdə təhsil alan tələbələr üçün də, xaricdə işləyən diplomatlar üçün də müqayisə predmeti ortalıqda olur və onlar, günün birində, bu müqayisənin yaratdığı qüsurlu fərqdən xəcalət çəkirlər, kükrəyirlər. Arif Məmmədovun nümunəsi bunun məhz belə olduğunu təsdiqləyir. Əlbəttə, rəsmi media və rəsmi Bakının odioz təmsilçiləri onları dərhal “Vətən xaini” elan edir və belələrinin cəzalandırılmasını tələb edirlər. Dərhal Bakıya çağırıb “bandotdel”ə soxmaq və orada diplomatlara diplomatiyanın sirlərini başa salmaq təklifləri də səslənəcək (Və ya bəlkə də, artıq səslənib). “Vətənə xəyanət” – çünki onların özləri üçün yaratdığı Vətən Şimali Koreyanı xatırlatmalıdır. Bunun üçün çalışırlar. Ilham Əliyevin bütün cəmiyyəti ram edib, təslim edib, sındırıb, məhv edib başa çatdırdığını raportlamağa hazırlaşdıqları bir zamanda bu “Vətən” haradan çat verir? Diplomatik korpusdan! Yox, sən demə, diktatura inkubator effekti yarada bilmir. Hamını toyuq balası kimi bir-birinə bənzədə bilmir. Sən demə, “balans siyasəti” məmurların da bir qisminin Şimali Koreya məmurlarına, bir qisminin isə Qərbi Avropa məmurlarına bölünməsinin mənzərəsini yaratmalıdır. Ilham Əliyevin cəmiyyət üzərində tam təntənəsi barədə danışmaq da hələ tez imiş. Zatən, hakimiyyət mediasının özü yazır ki, ölkədə təslim edilməyən yalnız barışmaz müxalifət – Əli Kərimlinin qaldığı indiki zamanda diplomatların Ilham Əliyevə belə sürpriz yaşadacağını ehtimal etmirlərmiş. Amma nahaq! Ölkənin insanları isə yalnız diplomatlardan ibarət deyil. Vicdan, ümumiyyətlə, əmək kitabçasında və məmur vəsiqəsində yerləşmir. Bu gün diplomatlarda müşahidə edilən fərqli düşüncə, sabah həkimlərdə, ali məktəb müəllimlərində, professurada,.. müşahidə ediləcək. Canlı yayımda ANS-ə zəng edib bütün ölkəni saxta dərman biznesi haqqında məlumatlarla şoka salan naməlum həkimi xatırlayırsınızmı? Azərbaycanda diktatura keçmir. O, mütləq çat verir… Azərbaycan savadlı insanların ölkəsidir. Bu ölkəni qorxutmaq olar, amma bir yerə qədər qorxutmaq olar. Günün birində, mənsub olduğu xalqın zəlil günə salınmasına etiraz edən vicdanlı insanların səsi hər yerdən ucala bilir. Hər yerdən…