Məmməd Ismayıl: «Tutan kimdir, tutdurulan kim? Haramlıqla, oğurluqla, əyriliklə tutanla tutulan arasında bir fərq varmı?»
Uzun illərdən sonra yalnız bir dəfə Azərbaycanda sorağını eşitdim, onda da mən Azərbaycanda deyildim. Yazıçılar Birliyinin qurultayına gəlmişdi, qalxdı, sözünü dedi və getdi. O zamandan bəri istəyirdim ki, macal tapıb Məmməd bəylə söhbətləşim. Macal tapa bilmədim. Hərəmiz bir ölkəyə səpələnmişdik və görüşmək sadəcə, istəklə bağlı deyildi. Amma indi internet əsridir və ayrılıqlara qənim ola biləcək vasitələr var. Elə həmin vasitələrdən yararlanaraq Məmməd Ismayılla görüşdüm, söhbət etdim. Hesab edirəm ki, bu söhbət “Azadlıq”ın oxucuları üçün çox maraqlı olacaq. Bu söhbətdə məqsədim, şəxsi mülahizləri bölüşmək deyildi. Qürbətdə məskunlaşmağa məcbur olan Məmməd Ismayılın mülahizələrini oxucularımıza təqdim etmək idi.
başlanğıcı ötən saylarımızda
“Ermişlər ölümü özləri sifariş verirlər”
– Sizinlə müsahibədən əvvəl birdən-birə yadıma düşdü ki, artıq 76 yaşınız var. Amma nəyə görəsə, mən sizi 70-lərdə təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, Məmməd Ismayılın elə 50 yaşı-filan olmalıdır. Siz necə, özünüzü indiki yaşınızda təsəvvür edə bilirsizmi? Sualı bir az çevirə də bilərəm ki, “özünüzü bu yaşda necə təsəvvür edirsiz?” Yəni ictimai mövcudluqdan istefa vermək fikri də buraya daxil ola bilər…
– Qənimət bəy, mən taleyə inanan adamam və bu inanc məndə, bəlkə də, yaşyarımında,- atadan yetim qaldığım uşaqlıq illərindən formalaşmağa başlayıb. “Bir adam yol gedir bizdən qabaqda, Amma bir adam da bizdən sonra var!” misraları da elə-belə yaranmayıb. Hər insan doğuşdan ölüm namizədidir. Həyatı bilməyən ölümü də bilməz. Özünü dərk edə bilən, könlü Tanrı ilə görüş yeri olan hər insanın öncəgörmələri, duyumları, hissetmələri var. Belə insanlar qoruyucu mələklərinin olduğunu da bilirlər. Başqa bir deyim də var, “əvvəlin gəlincə axırın gəlsin!” Görünür, bu misal hardasa, mənə də aiddir, yəni ömrümün birinci yarısı çəkilməz çilələrlə keçdi. Mən müharibə illəri aclığının, yetimliyinin günümüzə gəlib çatan canlı heykəliyəm. Axtarsan, vücudumda da istənilən qədər xəstəliklər var. Bir dəfə demişəm, bir də təkrar edim ki, hərdən xəstəliklərimlə adam kimi söhbət edirəm,- mən ev yiyəsi, siz isə qonaqsınız, ev yiyəsi qonağın üzünə yox, izinə baxar, gəldiniz, üç-beş gün məndə gecələdiniz, yetər, işim başımdan aşır, di haydı çəkilin canımdan! Onlar da – sözəbaxan uşaqlardı – durub başqa vücudun qapısın “döyməyə” gedirlər. Bu, işin bir az zarafat tərəfidi. Əslində, insan hərəkətin övladıdır, mən də daim hərəkətdə olan birisiyəm. Hərdən mənə elə gəlir ki, elə düşdüyüm qürbət həyatı da mənə boşuna verilməyib. Bu da var ki, uzun yaşamaq bizim əlimizdə deyil, tale işidir. Amma qarğalar da uzun yaşayır, bir var içi oyulmuş ağac kimi zorla ayaqda qalasan, bir də var ömrün yetmişində, səksənində də tükənməyən ehtirasla yaşayasan. Və gənclik, hardasa, dağdan enən başı daşdan-daşa dəyən dağ selidirsə, qocalıq aran ovalarında səngiyən, durulan və son amaca – dənizə can atan aran çaylarına bənzəyir, mən məqsədə doğru yorulub yolda qalmayan o çayı – qocalığı daha çox sevdim. Doğru sözümdür, qocalığı özümə yaraşdırmıram, kimlərinsə yaraşdırmasını da istəmirəm (Yaraşdıran da yoxdur). Qırışan sifətdi, ağaran saçdı, ruhum isə sözün tam anlamıyla ikinci yox, birinci baharını yaşayır. Və bir qönçənin açımı, bir gecəquşunun mübhəm nəğmələri, ağlınıza gələn, gözünüzə görünən, görünməyən bütün gözəlliklər hələ də iyirmi yaşımdakı kimi içimi işıqla doldura, gözümü yaşarda bilir. Bir zaman “Qoymayın dünyanı adiləşməyə” şeirini yazmışdım. Özüm buna hər kəsdən daha əvvəl əməl etdim. Üstündə yaşatdığı ikiayaqlı şeytanların çoxalmasına baxmayaraq, dünya hələ də mənimçün ilk gəncliyimdə olduğu kimi qeyri-adi dünya olaraq qalmağındadır. Ilham deyilən nəsə varsa (ki, varlığı şübhə doğurmur!) hələ də ruhumun şəriksiz sahibidir (Yaşının ahıl çağlarında ehtirassız, ilhamsız şeirlər yazıb, yazmağı bir yana dursun onları çap etdirib fırtına kimi gələn gəncliyi tənqid hədəfinə çevirən yaşlı şairlərimizə sadəcə yazığım gəlir). Bütün bunlar ixtiyar təsəllisi deyil, gerçəyin özüdür. Özümü belə hiss edirəm və bu, uzaqdan tək Qənimət bəyin fikri deyil, hər gün qarşılaşdığım insanların da paylaşdığı ortaq düşüncədir. Və bu durumuma, ya da etirafıma kiminsə gözünün dəyəcəyinə də inanmıram! Içini Allaha açıq tutan adamlar yaşlaşar, amma qocalmaz. Son olaraq onu deyim ki, ermişlər ölümlərini özləri sifariş verirlər…
“O ziyalılar öz imkanlarını artırmaq üçün hakimiyyətin əlinin altına keçdilər”
– Azərbaycan ziyalısının qarşısında cəmiyyəti kultivasiya etmək, öldürülmüş dəyərləri diriltmək, bərpa etmək kimi ağır bir missiya dayanır. Sizcə, yeni ziyalı nəsli bunun öhdəsindən gələ biləcəkmi? Yaxud elə bir ziyalı nəsli yetişə bilirmi ki, bunu öhdəsinə götürə bilmiş olsun?
– Müharibə zamanı ölkənin büdcəsinə baxmaq üçün Ingiltərənin maliyyə nazirini Çörçilin yanına gətirirlər. Sənədi gözucu vərəqləyən Çörçil:
– Bəs mədəniyyətin inkişafına ayrılan məsrəf niyə yoxdur?- deyir.
– Müharibə gedir, axı,- cavabını alır.
Çörçil:
– Əgər mədəniyyət yoxdursa, biz niyə savaşırıq,- deyə heyrətini gizlətmir…
Bu mənada kitab mağazaları, kitabxanaları bağlanan, əksinə, sahibləri “bəlli olmayan” villaların, göydələnlərin göbələk kimi artdığı, mədəniyyətə hərdənbir baxılsa da, kimlərinsə əlavə qazanc yeri kimi baxıldığı məkanda ziyalı nəsli göydən enəsi, yerdən çıxası deyildi ki? Yeni ziyalı nəsli belə deyək, nə yazıq ki, yaşadığı ortamdan, köhnə ziyalı nəslinin təcrübələrindən bəhrələnərək həyat səhnəsinə çıxa bilər… Yeni ziyalı nəsli kimləri örnək alaraq özlərini yetişdirə bilir, televiziya və radiolardan, qəzet və jurnallardan davamlı evlərə, beyinlərə üfürülən, ötürülən, yalançı təbliğatdanmı, yoxsa əl tənqidçilərinin (əl quzuları olduğu kimi nə yazıq ki, Azərbaycanda yeni nəsil əl tənqidçiləri də yetişdildi!) yerə-göyə sığdırmadığı iqtidara “ləbbeyk” deyə sözüm ona “aydınlardanmı”? Yoxsa ölkənin əsil şairləri kənarda qala-qala prezidentin qızının rusca yazmaq istədiyi, tərcüməsi orijinalından bərbad “şeirlərinin” oxudulduğu “dərs kitablarındanmı” (Tərs kitablar desək, daha doğru olmazmı?)? Qaynadılmış bir süd qazanından yalnız bir dəfə qaymaq almaq mümkündür, amma bizim talesiz xalqımızın “qaymağının”- başını bir əsrdə üç dəfə kəsdilər. Yerdə qalanlar isə gözləri qorxudulduğundan işbirlikçisinə çevrildilər. Və bu işbirlikçilər arasından xalqımıza “yedizdirilməkə təlitmək üçün yalançı qəhrəmanlar yetişdirildi. Görüntüdə Sovet Ittifaqı ermənilər üçün də, gürcülər üçün də eyni yöntəmi uyğulayırdı. Amma bu uyğulamanı nə ermənilər, nə də gürcülər bizdəki başı boşlar kimi uyğulamırdılar. Gizli də olsa, millətlərinin mənafeyini şəxsi mənafelərindən üstün tutdular. Çünki qonşularımız az da olsa milli ziyalılarını qorumağı bacarırdılar.
Bir sağınıza-solunuza fikir verin, görün vəzifəsi, imkanı olan ziyalıların arasında bircə nəfər də müxalif düşüncəli adam varmı? Iqtidarın sevgi ve sayğısını bu qədər utanmazcasına və arsızca qazanmağa çalışmaq millətin şərəf və qürurunu heçə saymaq deməkdir. Xatırlayırsınızsa, bizim ziyalıların böyük əksəriyyəti xalq hakmiyyətinin yanında yer almadılar, belələri zatən xalqdan deyildilər. Elə buna görə də xalq hakimiyyətinin yenilgisində onların ayrıca payı var və var olduğuna görə də sonrakı H.Əliyev hakimiyyətində yer alıb yetərincə bəhrələndilər, H.Əliyev şablonuna əhalinin hər təbəqəsindən dah tez onlar ayaq uydurdular, iqtidar mənsublarının etdiklərini hərfi hərfinə təkrarlayaraq şəxsi nüfuzlarından istifadə edib çoluq-çocuklarını, yaxın qohumlarını çeşidli vəzifələrə sırıyıb özləri az imiş kimi onlara da xaqın qanını sordurdular. Necə deyərlər, mövsüm dəyişimi hamıdan daha çox bu vərdişkar “ziyalılarla” yaradı…
“Xalqı məğlub etmək bacarıq deyil, azadlığı qan içindı boğmaq deməkdir”
– Siz də o adamlardansınız ki, indiki hakimiyyəti korlanmış dəyərlərin müəllifi kimi qəbul edirsiniz? Bu adamlar bunu necə bacardılar? Razılaşın, axı, bu da böyük fərasət tələb edir ki, cəmiyyətin bütün müqəddəs dəyərlərini həmin cəmiyyətin gözləri qarşısında ayaqlar altına salıb təpikləyəsən və bütün millətin susqunluğu ilə qarşılaşasan. Bu susqunluq qisasa çevrilə bilərmi? Və günün birində tüğyan edə biləcək həmin qisası necə cilovlamaq olar?
– Buna bacarmaq demək yanlış olardı. Buna hiylə və zülmlə azadlığı qanında boğdurmaq desək, daha doğru olardı. Və öncəki cavablarımda mən iqtidarın hiylə və yöntəmləri ilə bağlı fikirlər səsləndirdim. Indiki iqtidarda olanlar görəvi qəsb etmiş kommunist dönəminin rusbaşlı tör-töküntüləridir. Onlar dediyiniz “bacarma” işini sovet dönəmi təcrübəsini günümüzə daşıyan və bir dəfə təcrübədən keçirilmiş yönətmə üsulunu yenidən tətbiq etdilər. Yeni demokratik hava beşiyindəcə boğuldu. Vərdiş, alışqanlıq çox amansız şeydi, yaşlı nəsillər keçmiş alışqanlıqlarına döndü, yeni nəsillər təbliğatın uyğuladığı yeni şablonlarla uyuduldu. Ictimai pisixoz yaradılıb millətin milli kodu dəyişdirildi. Indi bilmirəm, amma sovet dönəmində xarici dövlət sərhədlərinə çatan qatarların təkərləri o ölkənin dəmiryol relslərinə görə uyğunlaşdırılırdı. Bunu çox zaman qatarın kupelərində uyuyan sərnişinlər hiss etmirdilər. Bizim toplum üçün də eyni şablon uyğunlaşdırıldı. Sərmayəsinin ünvanı bəlli olmayan televiziya kanalları və tərəfkeş mətbuat orqanları vasitəsiylə toplumun əxlaqi kodu dəyişdirildi, tarixi milli yaddaşı erroziyaya uğradıldı. Bakı Azərbaycanın feodal bədənində kapitalist yarasına çevrildi. Bu, nə feodalizm, nə sosializm, nə də kapitalizmdir, bu, dünyada analoqu olmayan bir rejimdir. Bu rejimin ən kəsərli silahı isə yalandı. Hər şeyin təməli… inamdır. Fərdin yaradıcılığı, bu anlamda özgürlüyünün varlığı ilə ortaya çıxar, yəni inanmaqla. Türk kültürünün əsas qavramı ədalət fikri idi. Ədalət fikri, bir zamanlar necə yüksəlişin təməl səbəblərindən biri oldusa, bu şüurun zəifləməsindən doğan zülm halları da, eləcə geri çəkilişin əsas səbəbi oldu.
– Mən sizi, demək olar, ədəbiyyatla bağlı sual yağışına tutmadım. Hesab edə bilərəmmi ki, bu, sizin xətrinizə dəymədi?
– Yox, əsla. Niyə də xətrimə dəyməlidir ki?! Günümüzün nasiranəliyi yüksək materiyadan danışmağa, şeirsəl havaya kökləməyə imkan vermir ki, haqqında geniş danışası olaq? Yaşadılan problemlər birdimi, ikidirmi? Azərbaycan mətbuatını izləyəndə adamları əsas mübarizə hədəflərindən yayındırmaq üçün, aşağı-yuxarı hər gün ölkə gündəmi çeşidli yöntəmlərlə dəyişdirilir. Satan varsa, alan var, alan varsa, satan var. Nə müddətdir prezidentin göstərişi ilə sökülən villalar haqqında gərək mətbuatda, gərəksə də televiziyalarda xəbərlər yayılır. Guya bu villaların kimlərə məxsus olduğu bilinmir. Belə yerdə adamın içindən yağlı bir “yalançının”… söyüşü keçir. Öz təcürbəmdən bilirəm, Mərdəkanda bir zamanlar olan torpaq sahəmin bir tərəfi dənizə gedən yol idi, hasarın önündə hardasa 1-2 sotluq boş yer vardı, oranı gedib-gələnlər, qonum-qonşular Mərdəkan bələdiyyəsinin, polisinin gözü önündə zibilliyə döndərmişdilər. Üfunətdən keçmək olmurdu. Haraya müraciət etsəm də, xeyri olmadı. Axırda öz gücümlə, zibillik olmasın deyə, oranı məftillə çəpərə almaq istədim. Bilirsinizmi neçə yerdən neçə polis və məmur milçək kimi üstümə töküldülər. Bu misalı çəkməkdə amacım odur ki, adicə məftil çəpəri “görən” gözlər, necə olur da, guya “iznsiz-filansız” ucaldılan bu villaların tikildiyini görmür. Adı keçən ərazinin əlaqədar məmurları o villaların hansı “böyük” vəzifəliyə aid olduğunu Anadolu türkləri demiş, bal kimi bilirlər. Bilirlər, amma sadəcə adların çəkilməsi birilərinə sərf eləmir. Qohumbazlıq, bölgəbazlıq, vəzifəbazlıq, nə bazlıq, nə bazlıq ölkəni xərcəng xəstəliyi kimi çulğalayıb. Yuxarı eşalonun vəzifə sahibləri artıq “qohumluq” bağları ilə bir-birinə elə bağlıdırlar ki, bu bağları qoparmaq üçün kosmetik təsirlər gücsüz qalır, inqilabi dəyişiklik lazımdır… Bakıdakı yanğın hadisələrini qürbətdən əlacsız-əlacsız izlədikcə içim yanır. Yanan binalar, binaların içində min zülüm-zillətlə özünə yuva qurmuş insanlar deyil ki, yanan məqsədli şəkildə susdurulan, sındırılan, qırılan ürəklərdir, vicdanlardır, insaflardır, milli təəssübkeşlik və qeyrətdir! Bütün bunların müqabilində ölkəni yönənətənlərin qanı donduran açıqlamalarına baxır, heyrətlər içində qalırsan! Tacir, tüccar malını, siyasətçi yalanını satır. Bu onun missiyasıdır. Hərdən mənə elə gəlir ki, Azərbaycan coğrafyasına ölü toprağı səpilib. Onu şeytanın ölü ruhu idarə edir, ona görə bu gündəyik. Bir dövləti qurmaq üçün min il lazımdır, dağıtmaq üçün isə bir saat yetər, deyiblər. Yalana heykəl qoyulan bir dövlətin yaşamaq şansı nə qədərdir, varın, onu da siz düşünün. Guya Bakıda tuthatut başlayıb. Tutan kimdir, tutdurulan kim? Haramlıqla, oğurluqla, əyrilikdə tutanla tutulan arasında bir fərq varmı? Fərqi yoxdursa…
Qənimət Zahid