Təzəlikcə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV ixtisas qrupları üzrə) ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqladı. Ümumilikdə 29004 abituriyentin iştirak etdiyi imtahanların nəticələrinə görə:
– 1-ci ixtisas qrup üzrə 91.89 faiz,
– 2-ci ixtisas qrupu üzrə 84.54 faiz,
– 3-cü ixtisas qrupu üzrə 75.24 faiz,
– 4-cü ixtisas qrupu üzrə isə 88.78 faiz abituriyent 0-200 bal toplayıb. Yəni faktiki olaraq 1 və 2 qiymətlər alıb. Nə deyəsən, nə yazasan? Əslində deməli söz də yoxdur. Rəqəmlər hər şeyi deyir. Bu, adi qarşılanacaq, gözardı ediləcək bir statistika deyil, bu, milli məhvə aparan dəhşətin və rəzalətin statistikasıdır.
***
Ilham Əliyev ötən ilin sentyabrındakı çıxışlarından birində elə beləcə də söyləmişdi: “Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur”. TQDK-nın açıqladığı rəqəmlər isə onun bu dediklərinin həqiqətlə nə qədər örtüşdüyünü, gerçəkləri nə qədər yansıtdığını gözlər önünə sərir. Doğrudan da, reallıqdan qaçış yoxdur – nə qədər malalanmağa, gizlədilməyə çalışılsa da, o gec-tez bütün blefləri, populizmləri sabun köpüyü kimi dağıdıb əsl həqiqəti aydın şəkildə ortaya çıxarmaq gücündədir.
Bəli, yuxarıdakı imtahan sonucları Əliyevlər rejiminin Azərbaycanı necə sürətlə, kütləvi şəkildə savadsızlaşdırdığının ürək dağlayan, mənzərəsidir! Üstəlik, “anti-milli ünsürlərin”, “inkişafımızı gözü götürməyən qüvvələrin”, “düşmən dəyirmanına su tökənlərin” uydurması-filan da deyil, bunların özlərinin etiraf etdiyi nəticələrdir.
Bir ölkəyə, bir topluma edilən ən böyük pislik, ən dəhşətli yamanlıq onun təhsilini yox etmək, onu bilgisiz, savadsız qoymaq, onu cəhalət bataqlığına sürükləməkdir. Bütün itkilərin yerini doldurmaq mümkündür. Oğurlanan neft, qaz pullarının yerini doldurmaq olar. Işğal edilən torpaqlar da gec-tez geri qaytarılacaqdır.
Amma xalqı cahilləşdirərək, savadsızlaşdıraraq, onu kitabsız, bilgisiz, elmsiz, təhsilsiz buraxaraq Azərbaycana vurulan yaraların sağalması asan deyil. Bu yaralar əsrlər boyu sızıldayacaqdır, qanayacaqdır, ən dəhşətlisi isə özü ilə yeni-yeni bəlalar gətirəcəkdir. Çünki Kamyunün təbirincə desək, “cəhalət bütün pisliklərin anasıdır”. O bir ucdan yaramaz əməllər doğub-törəyir. Bax elə azərbaycanlıların səsinin son vaxtlar çeşidli ölkələrdəki “cihad” savaşlarından, terror düşərgələrindən gəlməsini götürək. Bunun özü Azərbaycanın məqsədli və sürətli şəkildə kütləvi savadsızlaşdırılmasının məntiqi sonluğu deyilmi?!
***
Bəli, ölkə bilərəkdən təhsilsizləşdirilir. Tarixi təcrübə göstərir ki, çağdışı rejimlərin ən böyük dayağı cəhalətdir. Savadsızlaşdırma ictimai şüuru, vətəndaş məsuliyyətini məhv edir, məişət təfəkkürünü gücləndirir, kütlənin daha geniş düşünməsini, təşəbbüskarlığını əngəlləyir. Üstəlik, ictimai qorxu və siyasi xof mühitini dərinləşdirir. Belinski deyirdi: “Insan yalnız bilmədiyi şeydən qorxur, bilik hər şeyə qalib gəlir”.
Yaptokratlar isə şübhəsiz, bütün bunların fərqindədirlər. Ona görə də Azərbaycanda total savadsızlaşdırma siyasətinin aparılmasını təəccüblə qarşılamamalıyıq. Bunu Sistemin mahiyyəti, özünüqoruma instinkti, daim var olmaq, öz mövcudluğunu qoruyub saxlamaq, öz ömrünü uzatmaq ehtiyacı tələb edir.
Əvəzində isə ölkə olaraq, xalq olaraq dəhşətli, sağalması çətin yaralar alırıq. Indi görürsünüzmü, birilərinin hakimiyyət və sərvət ehtirasının bədəlini hamılıqla nə qədər ağır ödəmək məcburiyyətindəyik?!