Yalana heykəl qoyan dövlətin yaşamaq şansı varmı?

Məmməd Ismayıl: «Ən gözəl əsərlərimi Türkiyədə yazdım»

 
«Artıq mən Müsavat Partiyasının sözdə, formal üzvü olmaq istəmirəm»
 
Uzun illərdən sonra yalnız bir dəfə Azərbaycanda sorağını eşitdim, onda da mən Azərbaycanda deyildim. Yazıçılar Birliyinin qurultayına gəlmişdi, qalxdı, sözünü dedi və getdi. O zamandan bəri istəyirdim ki, macal tapıb Məmməd bəylə söhbətləşim. Macal tapa bilmədim. Hərəmiz bir ölkəyə səpələnmişdik və görüşmək sadəcə, istəklə bağlı deyildi. Amma indi internet əsridir və ayrılıqlara qənim ola biləcək vasitələr var. Elə həmin vasitələrdən yararlanaraq Məmməd Ismayılla görüşdüm, söhbət etdim. Hesab edirəm ki, bu söhbət “Azadlıq”ın oxucuları üçün çox maraqlı olacaq. Bu söhbətdə məqsədim, zatən şəxsi mülahizləri bölüşmək deyildi. Qürbətdə məskunlaşmağa məcbur olan Məmməd Ismayılın mülahizələrini oxucularımıza təqdim etmək idi.
 
başlanğıcı ötən sayımızda
 
http://www.azadliq.info/asagi-manset/351-asagi-manshet/67755-yalana-heykl-qoyan-doevltin-yaamaq-ans-varm.html
 
– Azərbaycanda heç kim hər cür zorakılıqdan və qanunsuzluqdan sığorta olunmayıb kimi bir fikir formalaşıb. Insanlar heç zaman olmadığı kimi qorxurlar. Təsəvvür edirsinizmi, oğul övladı doğum evində öldürülən insan “Azərbaycan Saatı”na şikayət edir, amma xahiş edir ki, onun adını çəkməyək. Baxın, bu qədər qorxunu nə zamansa cəmiyyətdən təmizləmək mümkün olacaqmı?
– Aristotelə görə, dövlət hakimiyyəti beş cür olur; demokratik, aristokratik, oliqarxik (kiçik bir qrupun hakimiyyəti), çarlıq, tiranlıq. Demokratik hakimiyyət ona deyilir ki, bu hakimiyyət dönəmində dövləti çoxluq idarə edir, özü öz təqdiri ilə qanunları çıxarır, rəhbərləri dəyişir. Aristokratik hakimiyyətdə isə nə varlılar, nə yoxsullar, nə ünlülər, birincilik ölkənin ən yaxşı insanlarında olur. Oliqarxiyada (kiçik bir qrupun hakimiyyəti) isə hakimiyyətdə kiçik bir qrup yer alır (Bu da səbəbsiz deyil, çünki varlıllar hər zaman yoxsullardan az olur). Tiranlıq isə tək hökmdarın hakimiyyətidir, ya güc, ya da hiylə ilə keçirilir. Azərbaycanda sonuncu durum söz konusudur! Tirandan isə qorxulur. Çünki tiranın hakimiyyəti qorxu üzərində qurulan hakimiyyətdir. Dövlətlər və toplumlar ya ehkam, ya da insanların yazdığı qanunlarla idarə olunmalıdır. Təbii ki, mən yalana heykəl qoyulan Azərbaycandakı kağız üzərində qalan, həyata keçməyən, keçirilməyən qanunları nəzərdə tutmuram. Çörək parasıyla imtahana çəkilənin vətən yadına düşərmi? Ölkənin əksər  televiziya kanalları məqsədli şəkildə pozuculuq fəaliyyətindədir, arxasında haram sərmayə dayanan bu kanallarda milli təəssübkeşlik gözləmək sadəlövhlük olardı. Amac Türkün müqəddəs nəyi varsa, əxlaqsızlıq və pozuculuq siyasəti ilə yox etməkdir. Bic və hiyləgər dünya gücləri və onların ölkə daxilindəki uzantıları nə yazıq ki, düşmənimizi qanıxmış köpək kimi ərazisini genişləndirməyə, bizi isə itirməyə alışdırdılar: “Gör hansı tufanın yelinə söndün, Gör hansı bayquşu Zərdüşt eylədin. Əvvəlcə ikiyə, üçə bölündün, Sonra bölünməyə vərdiş eylədin”…
 
“Prezident deyirdi ki, məni yox, ölkənin ziyalılarını televiziyaya çıxarın”
 
– Söhbəti tədricən siyasətə yönəltdik. Siz bir zamanlar hakimiyyətdə olan bir komandanın daxilində yuxarı vəzifələrdən birini tutmusunuz. Bu vəzifə həmin hakimiyyətin təbliğat artilleriyası idi – AzTV və siz AzTV-nin rəhbəri idiz. O zamanın təbliğat prinsipləri ilə indiki hakimiyyətin təbliğat prinsipləri arasında hansı fərqlərin olduğunu görürsüz?
– Təbliği baxımdan bu iki dönəmin arasında yerlə göy qədər fərq var. Birincisi, bizim dönəm Qarabağ müharibəsinin ən qanlı dönəminə dəng gəlmişdi. Təcrübəli, əski bir televiziya işçisi kimi bu, mənim ən böyük şansızlıqlarımdan biri idi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən o vəzifəyə gələnə gədər harda işləmişdimsə, orada nəsə yeniliklər etməyə çalışmışdım… Sözün doğrusu bu iş mənə təklif olunanda düşünməyə beş dəqiqə belə zaman tanınmamışdı. O gün mən Milli Məclisin binası önündəki televiziyadan canlı yayınlanacq mitinqi idarə edəcəkdim. O arada Elçibəy rəhmətlik məni çağırtdıracaq və belə bir qərar alındığını söyləyəcəkdi. Uzun-uzadı bunları xatırlamaqda amacım odur ki, vəzifəyə mən rica edərək, can ataraq getməmişdim. Əvvəlki televiziya təcrübəmdən də yola çıxaraq “Gənclik” jurnalında çatdıra bilmədiyim yenilikləri tele-radio şirkətində həyata keçirim deyə bu atüstü təklifə razı olmuşdum. Amma, dediyim kimi, zaman o zaman deyildi. Həm də yeni rejimin milli tele-radio konsepsiyasını yönləndirəcək adamların bu işdən əsla xəbəri yox idi. Yəni bir xaos vardı, kim tənbəl deyildisə, Xalq Cəbhəsinin adi sıra nəfərindən tutun da, lap yuxarılara qədər bir çoxları yeri oldu-olmadı, işimizə müdaxilə etmək istəyirdi. Bu ortamda, bəlkə hansısa qurumda nəsə etmək olardı, amma ekranın dəyirman misalı çarxı dönür və tamaşaçısına nəsə yeni şeylərin verilməsini istəyirdi. Zaman gözləmirdi. Uzun illər sovet ideologiyasına kökləndirilmiş radio dinləyicisinə, televiziya tamaşaçısına yeni demokratik düşüncələri təlqin etmək elə də asan iş deyildi. Köhnə alışqanlığı beş günə, beş aya dəyişmək imkansız görünsə də, əlimizdən gələni etməyə çalışırdıq. Biz istəyirdik ki, Əbülfəz bəylə ilgili proqramlar hazırlayaq, amma o buna haqlı olaraq imkan vermir,- toplum belə təbliğatdan bezib, siz yaxşısı budur məni yox, əsərləri ilə millətimizi azadlıq günlərinə hazırlayan yazar və şairlərimiz haqqında proqramlar hazırlayın, deyirdi. Bu düşüncəyə isə beyni illər boyu ölkə rəhbərliyinin təbliğatı ilə doldurulan toplumumuz hazır deyildi.
Öncə də vurğuladığım kimi, sədr işlədiyim bir il iki ay ərzində yuxarıdan, haqqı olan, olmayan o qədər adamdan təzyiqlər görürdüm ki… Iş o yerə çatmışdı ki, televiziya və radioda aşıq musiqisinə yer verdiyimə görə qınaq hədəfinə çevrilmişdim. Allah hər topluma bir ölümsüzlük musiqi aləti göndərib. Bizimkinin – türkünkünün saz olduğunu bildiyimdən mən buna məqsədli şəkildə gedirdim (Bir dəfə rəhmətlik Turan Yazqan bəy görüşümə gələndə – əfəndim, sizin televizyon, bizim kanallarla kıyasladığımızda daha Türkçü bir kanaldır, bunun üstəsindən nasıl gəldiniz,- demişdi). Buna görə müxalifət qəzetləri bir yana, hətta öz mətbuat orqanlarımız belə işini-gücünü buraxıb məni tənqid etməklə məşğuldu. Bütün bu olumsuzluqlara rəğmən deyə bilərəm ki, bəzi istisnalarla Azərbaycan radio və televiziyası özünün ilk dəfə milli demokratik dönəmini yaşayırdı, millətin ruporuna radiosuna, televiziyasına çevrilmişdi, şüarı halallıq, doğruluq, dürüstlük idi. Amma düşünülən planları yerinə yetirmək üçün zamana ehtiyac vardı, bizə o zaman tanımadılar.
Qaldı ki, H.Əliyevin, ya da I.Əliyevin dövründə AzTV-nin rəhbəri olmaq hansısa bir zavodun direktoru olmaq kimi bir şeydir. Yəni kommunist rejimi dönəminin şablonu olduğu kimi uyğulanır, yuxarının göstərişləri dışında heç bir kənar düşüncələrə yer verilmir. Xalqa, doğruluğa, dürüstlüyə yox, yalana köklənmiş şablon verilişlər sırınır. Bu gün Azərbaycan televiziya kanallarını izləyən hər hansı bir xarici vətəndaş hansı ölkənin kanalını izlədiyini əsla kəsdirə bilməz. Çünki bu kanalların (daha doğrusu bu kanalları yönətənlərin) məqsədi maqazin proqramları və çal-çağırlarla milləti yuxuya verməkdir, onlar üçün millət və onun dərdləri mövcud deyil.
 
“Bu müsahibəni partiyadan getmək bəyanatı kimi də qəbul edə bilərlər”
 
– Indi siz Müsavat partiyasının üzvüsüz. Bu partiyanın daxilində isə bütün müxalifət üçün xoşagəlməz olan proseslər gedir. Bu ziddiyətlərin hansı tərəfində yer alırsınız? Ya, qarışmaq istəmirsiz? Amma bütün hallarda partiya üçün həyat əhəmiyyətli proseslərin getdiyi ərəfədə siz də öz sözünüzü deməli deyilsinizmi?
– Doxsanıncı illərdə Türkiyədə – qürbətdə olan Müsavat partiyası özəyi Azərbaycana köçürüləndə və vətəndə yenidən bərpası gerçəkləşəndə partiyanın qurucu üzvülərindən biri də məndim. Nə qədər ki, vətəndə idim, partiyanın işində gücümün yetdiyi qədər iştirak edirdim. Hətta H.Əliyev iqtidarının sayeyi-kəramətindən işsiz-gücsüz qalıb övladlarıma bir parça çörək arxasınca Türkiyəyə üz tutmamışdan öncə partiyanın o zamankı başqanı Isa Qəmbərlə görüşmüş, vəziyyətimi anlatmışdım… Ilk qürbət illərində mənim partiya ilə partiyanın mənimlə zəif də olsa əlaqələrimiz vardı. Sonra yavaş-yavaş bu əlaqələr sıfır nöqtəsinə endi. Partiya sıralarına buna haqqı olmayan iddialı adamlar gəldi və məni yenidən partiyanın məclisinə seçmədilər. Buna bir anlam verməsəm də ümumi işimiz və tutduğumuz qutsal yolun xatirinə mənə qarşı sayğısızlığa aldırmadım. Soruşsam, səbəbi əlbəttə, qürbətdə olmağımla bağlayacaqlardı. Partiyalar tarixində sıradan üzvlərin yox, hətta partiya öndərlərinin xaricdə yaşamaq zorunda qaldığını bilirik (Qürbətdə olub  vətəndə olub-bitənlərə təsir göstərə bilən partiya üzvlərinin olması da bir gerçəklikdir). Amma partiyanı yönləndirənlər, görünür, mənim dəstəyimə ehtiyac duymadılar ki, bilərəkdən məni qürbət unudulmuşluğuna tərk etdilər. Halbuki, gücümün yetdiyi qədər Türkiyədə şəxsi fəaliyyətimlə partiyanın nüfuzunun yayılmasına kömək göstərdim, Türkiyədən Bakıya partiya nümayəndələrinin gedib-gəlməsinə çalışdım, amma… Bəlkə misalım yerinə düşməyəcək, yenə də deyim. Bulaqlardan başlanğıc alan çaylar yollarda qolları da içinə alıb gücünə güc qatıb və əzəli arzusuna – dənizə qovuşmaq üçün can atar. Əslində partiyalar da eyni missiyanı daşımalıdır. Yollar boyu əzəli missiyasına – milləti, ölkəni idarə etmək amacına doğru gücünə güc qataraq irəliləməlidir. Gəlin görək Azərbaycandakı müxalifət partiyaların çoxu bunu (Mən iqtidarın məqsədyönlü şəkildə gözə kül üfürmək üçün yaratdığı sözdə müxalifət partiyalarını demirəm!) edə bildimi? Xüsusilə, Azərbaycanın ən köklü partiyası olan Müsavatın düşdüyü indiki durum məni çox narahat edir. Bu başlayan dağılma prosesi nəyin göstəricisidir? Əlbəttə, buna təbii proses demək doğru olmazdı. O zaman buna nə ad verək? Sualınızın birbaşa cavabına gəldikdə isə deyim ki, artıq mən Müsavat Partiyasının sözdə, formal üzvü olmaq istəmirəm və bu müsahibə ilə də üzvülüyümə təktərəfli son verdiyimi bəyan edirəm (Onu da bilirəm ki, Müsavat partiyasının yeni rəhbərliyi üçün mənim bu bəyanım sürpriz olmayacaq, çünki mənə münasibətlərindən görünür ki, onlar da mənim partiya sıralarında qalmağımı istəmirlər).
– Bir müddət əvvəl sizin çox yaxın dostlarınızdan birini – Qara Tofiqi də ittiham etdilər ki, o, Müsavatdan ayrılanda (eyni zamanda Milli Şurada qalanda) kimlərinsə sifarişini yerinə yetirirmiş. “Qara” o adamdırmı ki, onu bu cür ittiham etmək mümkün olsun? Açığı, mən söhbəti personallaşdırmaq istəməzdim, amma bunu göstəricilərdən biri olaraq qeyd etdim.
– Qənimət bəy, elin qoyduğu ad, hardasa elin diliylə fikrini çatdırmaq istəyən Tanrısal gücün diqtəsidir."Qara" Anadolu türklərinin düşüncəsində böyüklük anlamına gəlir. Və dostumuz Tofiq o böyüklüyünü hələ Sovet illərindən təsdiqləmiş bir adamdır. O illərdə əlində gül kimi vəzifəsi vardı, o da bir çoxları kimi düşdüyü yolla irəliləyər, imkanına imkan qatardı. Amma o, millətinin oğlu olduğundan vəzifə pramidasında yox, xalqının yanında yer aldı və neçə yol millətin azadlığı, özgürlüyü yolunda ölümlə burun-buruna gəlsə də, əqidəsindən bir addım da geri çəkilmədi, dönməzlik simvolu kimi xalq hərəkatına möhürünü vurdu. Və belə bir adam haqqında “kimlərinsə sifarişini yerinə yetirmiş” damğasını vurmağa çalışan adamların özləri kimlərinsə sifarişini yerinə yetirmiş oldular…
Qənimət Zahid, ardı var