“Azərbaycan hökuməti azad sözə qarşı xaç yürüşü elan edib”

"Əliyev dialoqun qeydinə qalsaydı, indi Azərbaycanda həbsdə olan çoxsaylı jurnalistləri azad edərdi"

«Azərbaycan hökumətinin azad sözə xaç yürüşü sön vaxtlar dünya mediasının manşetlərində yer alıb. Jurnalistləri Müdafiə Komitəsi bu ölkəni dünyada senzuranın mövcudluğuna görə beşinci ölkə sayıb». Bunu «The Register-Guard» saytında Oreqon Jurnalistika və Kommunikasiya Məktəbinin əməkdaşı Jonathan Bach yazır. Bach bu ay Azərbaycana səfər edib.

«Paytaxt Bakıda isə sürprizlə üzləşdim: Prezident İlham Əliyev Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışını etdi. Bu qlobal konfrans mədəniyyətlər arasında münasibətlərin yaxşılaşdırılmasına həsr olunub… Aparıcı müxalifət jurnalistləri həbsxanalarda yatan bir vaxtda prezident Əliyev iddia edirdi ki, «bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunub: siyasi azadlıq, media azadlığı, azad internet və din azadlığı».

Bu çıxışdan sonra senator, Arizonadan olan respublikaçı Don Shooter mənə dedi ki, prezidentin «ürəkdən danışması»nı dəyərləndirir, bu xüsusiyyət nadir siyasətçilərdə olur».

Müəllif yazır ki, Azərbaycanın bu sammitə ev sahibliyi etməsi yaxşı jestdir, ancaq forumun dəyərinə baxmayaraq, Əliyev Azərbaycanda siyasi və mətbuat azadlığı barədə yalan danışıb:

«Əliyev dialoqun qeydinə qalsaydı, indi Azərbaycanda həbsdə olan çoxsaylı jurnalistləri azad edərdi. Onlardan biri də «PEN/Barbara Goldsmith» Yazmaq Azadlığı mükafatının qalibi Xədicə İsmayıldır. Hökumət bu araşdırmaçı-jurnalisti Əliyev ailəsinin biznesini üzə çıxardığı üçün həbs etdirib».

Müəllifin fikrincə, Azərbaycanda mətbuat korpusu Əliyev ailəsinin ictimai münasibətlər təşəbbüsü təsiri bağışlayır.

«Ölkə iqtisadiyyatı son illər neft və qaz mənbələri hesabına güclənib. Üstəlik xarici biznes sərmayələri də artıb… Dəbdəbəli «Fairmont Hotel»də Alov Qüllələrindən birinə daxil olanda sanki James Bond filminin içindəsən…

Baxmayaraq ki, tezliklə Azərbaycan qazı Oreqondakı evlərimizə axa bilər, gəlin liderlərimizdən xahiş edək ki, prezident Əliyevlə təkcə biznes sövdələşmələrində ehtiyatlı davranmasınlar, həmçinin təkid etsinlər ki, o, ədalətli seçkilər keçirsin, ölkə mətbuatının boynuna saldığı boyunduruğu buraxsın. Ölkələr kiçik planetimizdə tərəfdaşlıq etməlidirlər – ancaq insan haqlarının təbliği məsələsində çəkingənliyə yer yoxdur», – Jonathan Bach yazır.