Günlər əvvəl samuxlu 23 yaşlı gənci ilan vurdu, xəstəxanada zəhərə qarşı zərdab olmadığı üçün həyatını qurtarmaq mümkün olmadı. Gəncin atası bu tükürpədici hadisənin təfərrüatlarını nəql edib “Azadlıq” radiosuna, oxuyunca Azərbaycanın nə qədər vurdumduymaz, yarıtmaz, qalınqabırğalı, soyğunçuluqdan başqa əlindən bir iş gəlməyən adamlara təslim edildiyinə zərrəcə şübhə qalmır. Sitat: “Uşağı tez maşına qoydum, 3-4 dəqiqəyə xəstəxanaya çatdırdım. Həkim Rafael Əsədov qarşımıza çıxdı. Dedim, həkim, uşağı ilan vurub, yardım elə. Dedi ki, heç bir şeyimiz yoxdur. Uşağın ayağını bərk sıxmışdım. Onu da açdırdı. Heç bir yardım etmədi. Heç baxmadı da. Dedi nə bint var, nə iynə var, nə də novokain, heç bir yardım edə bilmərik. Elə balkondan dedi ki, sür, dayanma, apar Gəncə xəstəxanasına…”.
Çarəsiz valideyn gənc oğlunu Gəncə xəstəxanasına çatdıranda isə artıq gec idi.
***
Adamın “həkim” deməyə dilinin dönmədiyi Rafael Əsədovun övladı qucağında can verən atayla danışıq tərzini bir kənara qoyuram, onun bu sözlərinə isə xüsusi diqqət yetirmək lazımdır: “Nə bint var, nə iynə var, nə də novokain…”.
Bəli, bint yoxdur, şpris yoxdur, amma xəstəxana var! Adam bilmir, gülsün, yoxsa ağlasın. Daha bunun harası xəstəxanadır, aparın gözünüzə soxun o xəstəxananı. Illərdir “Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı” ilə zəhləmizi tökmüsünüz, baş-beynimizi xarab eləmisiniz. Indi məlum olur ki, bu qədər il ərzində bir rayon xəstəxanasına allahın bintini, şprisini də alıb verməmisiniz. Day bu nə dövlət proqramıdı, dəysin təpənizə!
***
Ağzınızı açanda “çoxlu pulumuz var” deyirsiniz. Biz də onu deyirik: çoxlu pulunuz var, amma içinizdə öz xalqınıza zərrəcə mərhəmətiniz yoxdur. Çoxlu pulunuz var, amma ədalətiniz yoxdur. Çoxlu pulunuz var, amma insafınız yoxdur.
Samuxda 23 yaşlı gənci öldürən səbəb də əslində budur. Bu rejimin öz millətinə mərhəmətsizliyidir, acımasızlığıdır, amansızlığıdır. Çoxlu pulları qotur fransız atına, bahalı alman eşşəyinə şıtır-şıtır saya bildikləri halda ölkənin xəstəxanalarında allahın bintinin, iynəsinin, zəhərə qarşı zərdabının olmamasını görməzdən gəlməsidir, yumşaq yerinə almamasıdır.
***
Bura qədər yazdıqlarım öz yerində. Mən bura qədər yazdıqlarımı əslindən bundan sonra yazmaq istədiklərim üçün yazdım. Əsl oxunası da elə bundan sonrasıdır.23 yaşlı gəncimizin həyatı bahasına başa gələn ağrılı hekayəti oxuya-oxuya bir neçə ay əvvələ dönürəm, “ərəb inqilabları Azərbaycana bu gün sıçrayar, sabah sıçrayar” derkən Ilham Əliyevin əl-ayağa düşüb bir dəstə gənci qəbul etməsini, onları “antiinqilab” ruhunda təlimatlandırmasını, Azərbaycan gəncliyinin inqilabi ruhunu boğmaq üçün gənclər proqramı hazırlamaq barədə göstəriş verməsini xatırlayıram bir də.
Bir də hər gün televiziya ekranlarından, qəzet səhifələrindən azərbaycanlı valideynlərə az qala ilan dili çıxarıb, “uşaqlarınıza sahib çıxın, onları küçələrə buraxmayın, imkan verməyin sabitlik pozulsun, gənc övladlarınız inqilaba qurban getsin” deyə yalvaran zəvzəkləri, sabunlu-sabunsuz dil pəhləvanlarını xatırlayıram.
Görürsünüzmü, inqilab havası bir az səngiyən kimi hamısı necə öz qınına çəkildi, necə havaya buxarlandı, necə aradan çıxdı? Görürsünüzmü, onların gənclik sevgisinin mahiyyətində yatan əslində hakimiyyətə, neftə, qaza, korrupsiyaya, Dubay villalarına sevgidən başqa bir şey deyilmiş.
Indi bu ölkədə övladının taleyindən, övladının həyatından, sağlamlığından azacıq nigarançılığı, övladının gələcəyindən azacıq narahatçılığı olan istənilən atanın, ananın ilk borcudur bu: axır ki, özünüzdə bir təpər tapacaq, bir cəsarət tapacaq və yapışacaqsınız Ilham Əliyevin də, onun yaltaq, qarınqulu, mənsəbpərəst yandaşlarının da yaxasından, soruşacaqsınız: “Biz sizi dinlədik, sizin özünüzü eşitdik, balalarımızı inqilabdan çəkindirdik, qoruduq, bəs siz onları ilanlardan niyə qorumursunuz?”.
Verəcək cavabları olmasa belə, soruşacaqsınız. Soruşa bilməsəniz, buna ilanlar neyləsin?