Erməni familiyası

“Bloomberg” agentliyinin fotomüxbiri Diana Markosyan iyunun 28-i axşam saatlarında Bakıdan Istanbula deportasiya edilib” (“Azadlıq” qəzeti).

Markosyan aydın məsələdi ki, erməni familiyasıdı. Bu soyadı daşıyan adam ömründə Ermənistanda olmadığını deyir. Demək, o, öz ata vətənindən qabaq Bakıda olacaqdı. Onu deportasiya eləməklə isə nə Qarabağı qaytarmaq mümkündü, nə də Bakını hansısa təxribatdan qorumaq. Ikili vətəndaşlığı olan (ABŞ və Rusiya) bu gənc xanım Bakıda öz peşə borcunu yerinə yetirəcək, fotoreportaj hazırlayacaqdı. Diananın reportajı üç şəkildə ola bilərdi. Bir – Azərbaycanı və ya bu ölkənin hakimiyyətini ifşa eləyən; Iki – bu dövlətin heç də deyildiyi kimi, cəhənnəm olmadığını sərgiləyən; Üç – tam obyektiv. Yəni, obyektivə necə düşəcəksə, elə.

Əvvəlcə onu deyək ki, Diananın Bakıya buraxılmaması kökündən yanlış addımdı. Söhbət düşmən xalqın soyadını daşımaqdan gedirsə, əvvəla o qədər Azərbaycan familiyası daşıyan adam tanıyırıq ki, nə bu dövlətə, ölkəyə, nə də millətə zərrəcə dəxli var. Istər ölkədə, istər kənarda yaşayan. Ermənistanda bir kərə də olmamış Markosyanın da belə birisi və ya pasifist olması ehtimalı son dərəcə ağlabatandı. Yəni, ölkəmizə gələn bir erməni yox, sadəcə peşəkar bir reportyor olub.

Əks halda, onun cılxa erməni olması belə, ölkədən deportasiya edilməsinə haqq qazandırmır, tam əksinə, bir az da yanlışlığı artırır. Öncə bunu deyək – Bakıda, statistikaya görə, 30 min erməni yaşayır. Bunun filan qədəri dövlətin zirvəsində qərar tutanların həyat yoldaşı və ya aşnasıdı. Deportasiya vacibdisə, birinci onlardan başlamaq lazımdı. Yox, əgər iş təkcə erməni soyadıyla bu ölkəyə ayaq basmaqdadısa, onda bu, başqa məsələ. Gərək Markosyana da xəbərdarlıq ediləydi ki, soyadını təcili dəyişib, Əliyevdən-Vəliyevdən birini seçəydi. Onda yüz faiz indi Azərbaycandaydı. O da Azərbaycan familiyası ilə bu ölkənin altını üstünə çevirənlərdən biri olar və gözün üstə qaşın var deyəni də olmazdı.

Erməni familiyalı gəlmələrin deportsiya edilməsi ilə nə ölkədaxili publikanın rəğbətini qazanmaq olar, nə beynəlxalq aləmin. Bununla Sərkisyanı qorxutmaq da mümkün deyil. Qorxsa, qorxsa bundan Qarabağ erməniləri qorxa bilər, nəinki Azərbaycandan ayrılmağa köklənmiş erməni icmasını bu dövlətin tərkibində saxlamağa həvəsləndirmək. ABŞ vətəndaşı, bundan başqa peşəkar foto-reportyor, erməni soyadlı Diana Markosyanı doğduğuna peşman eləyən cahil hakimiyyətdən Qarabağ ermənisi nə gözləyə bilər ki? Heç nə. Sadəcə, daha da dönüklük, daha da küskünlük.

Məncə, məsələnin canı başqa şeydədi. Erməni familiyası, erməni əsillilik bəhanədi. Diananın burnundan vurulmasının bircəcik səbəbi var, o da onun jurnalist, həm də xarici jurnalist olmasıdı və üstəgəl bizimkiləri o qorxudur ki, birdən Markosyan əvvəldə dediyim o üçüncü növ reportajını hazırlayar – yəni, obyektiv olanı. Azərbaycanı dünyaya obyektiv göstərməkdən də pis nə ola bilər bu hakimiyyət üçün? Hələ-hələ ABŞ kimi vəfasız bir dövlətin jurnalisti olasan. Inandırıram sizi, bu dəqiqə iqtidarımızın imkanı olsa, ABŞ-ın qanını içər, uf deməz.

ABŞ da o ABŞ-dı ki, üzü bu iqtidardan elə dönüb, elə dönüb, YAP ərəb diktatorları kimi nə qədər “üzün məndən niyə döndü” deyir, yoldaş Obama yola gəlmir ki, gəlmir. Yavaş-yavaş daş altda nə düyün varsa, bir-bir üzə çıxarır. Mətbuatı izləyənlər nələrdən söhbət getdiyini yaxşı bilir. Yoxsa kimin Markosyanla nə işi. Erməni olmur, lap azərbaycanlı olsun. Həm də bu qədər gözəl xanım… Əsas budu ki, iti görüm, qurdu görüm, amerikalı jurnalisti görməyim. Əlləri gicişəcək, o biri ikisi kimi onu da döyəcəklər, ondan da sonra gəl cavab ver…