95 il əvvəlki qətlin sirri

elnurastanbeyli@gmail.com
 
31 may Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən birinə şahidlik edir.
95 il əvvəlin həmin günü Xalq Cümhuriyyətinin parlaq simalarından biri, görkəmli maarifpərvərlərimizdən Nəsib bəy Yusifbəyli müəmmalı şəkildə öldürülüb.
“Müəmmalı şəkildə öldürülüb” – necə də tanış sözlərdir, deyilmi? Biz indi bunu daha çox cəsur həmkarımız Elmar Hüseynovun, yaxud istedadlı yazıçımız Rafiq Tağının qətli kontekstində işlədirik. Dərindən düşündükdə isə ortada müəmmalı heç nə yoxdur. Bu qətllərlə bağlı suallar daha çox cavabı özündə olan suallardır. Əslində, hamıya hər şey aydındır. Toplumu silkələyən belə dəhşətli cinayətlərin üzərindən sirr pərdəsinin götürülməməsinin özü bizə bu qətllərin qatillləri, sifarişçiləri, səbəbləri haqqında çox şey deyir.
Düzünə qalsa, hər nə qədər sirr pərdəsinə bürünsə belə, Nəsib bəy Yusifbəylinin qətli ilə bağlı da təxminlər irəli sürmək çox asandır.
Kim idi Nəsib bəy?
O, 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdu. 1902-ci ildə Odessa şəhərindəki Imperator Novorossiyski Universitetinin hüquq fakültəsinə daxil olur, amma tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladığı üçün Nəsib bəyin ali təhsili yarımçıq qalır.
Universitet təhsilini Xarkovda davam etdirən Nəsib bəy 1907-ci ildə Bağçasaray (Krım) şəhərinə gəlir, burada Ismayıl Qaspıralının “Tərcüman” qəzeti ilə əməkdaşlığa başlayır, eyni zamanda, Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir. Həmin tamaşaların əksəriyyətində baş rolları məhz Nəsib bəy özü ifa edirdi.
Nəsib bəy Bakıya qayıtdıqdan sonra “Molla Nəsrəddin” dərgisinə məqalələr göndərir. Onun imzası həmin dövrki qəzetlərdə tez-tez görünürdü. Nəsib bəy təhsilin və mədəniyyətin önəminə diqqət çəkir, xalqın şüur səviyyəsinin ancaq bu vəsilə ilə yüksələcəyinə və cəhalət buludlarının dağılacağına inamını ifadə edirdi.
Onun mütərəqqi ideyaların carçısı kimi çıxış edən “Müsəlmanların maariflənmə cəmiyyəti”nin, “Aktyorlar cəmiyyəti”inin və s. işində də yaxından iştirakı məlumdur.
Maraqlı bir fakt: Nəsib bəy Ismayıl Qaspıralının qızı Şəfiqə xanımla tanış olduqdan bir müddət sonra onların aralarında qarşılıqlı sevgi yaranır. Başqa bir görkəmli azərbaycanlı – Nəriman Nərimanov da Şəfiqə xanımı sevirdi. Bununla belə, Nərimanovun ona etdiyi evlənmə təklifini geri çevirən Şəfiqə xanım Nəsib bəylə ailə qurmağı seçir.
Amma bu ailənin ömrü uzun çəkmir. Səbəbi indiyədək sirr olan ailə ixtilafı nəticəsində Nəsib bəy Şəfiqə xanımdan ayrılır. Həmin evlilikdən isə Nəsib bəyin Zöhrə və Niyazi adlı iki övladı yadigar qalır. O, uşaqları ilə əlaqəsini heç vaxt kəsmir. Qızından ayrılmasına baxmayaraq, Qaspıralı da  kürəkəninə həmişə hörmətlə yanaşır, hətta ömrünün son günlərində onu Bağçasaraya dəvət edib vəsiyyətini də Nəsib bəyə açıqlayır.
Nəsib bəy əvvəl Zaqafqaziya federativ hökumətində, ardınca isə Xalq Cümhuriyyəti hökumətində maarif naziri (may, 1918-ci il – mart, 1919-cu il) işləyib. 1919-cu ilin martından 1920-ci ilin martına kimi Xalq Cümhuriyyəti hökumətində baş nazir, eləcə də Daxili işlər naziri (16 iyun 1919 – 22 dekabr 1919) kimi çalışır. Xalq Cümhuriyyətinin maarif və mədəniyyət sahəsində atdığı mütərəqqi, öz dövrü üçün parlaq sayılacaq addımlarında Nəsib bəyin rolu, xidmətləri danılmazdır.
O, Xalq Cümhuriyyətinin bərpasından sonra ailəsini də Krımdan Azərbaycana gətirir.
Cümhuriyyətin devrilməsi ilə digərləri kimi, Nəsib bəy üçün də çətin günlər başlayır. O, Azərbaycanı tərk edib Gürcüstana getmək istəyərkən 31 mayda Kürdəmir ərazisində qətlə yetirilir (bundan sonra onun ailəsinin yaşadığı məhrumiyyətlər isə başqa bir yazının mövzusudur).
Çox keçmədən məqsədli şəkildə (şübhəsiz, iz azdırmaq üçün!) belə şayiələr ortaya atılır ki, guya Nəsib bəy səfil vəziyyətdə Istanbul küçələrində dolaşır.
Amma tezliklə bunun yekə bir yalan olduğu ortaya çıxır. Belədə Nəsib bəyi guya yolda sürücüsünün qətlə yetirdiyi dedi-qodusu dövriyyəyə buraxılır. Bu “yalan” bir müddət “ayaq tutsa” da, yerimir, illər sonra onun məhz bolşevik casusları tərəfindən öldürüldüyü təsdiqini tapır. Konkret sifarişçi(lər) və icraçı(lar) məsələsində isə suallar cavabsızdır. Daha doğrusu, bu sualların cavabı özündə gizlənib.
Lap indi – günümüzdə olduğu kimi!