Azərbaycanın ən strateji layihələrinin biri niyə təhlükə altına düşdü?
Azərbaycan qazının Avropa bazarına çıxışının ciddi əngəl ilə qarşılaşdığı dövlət başçısı Ilham Əliyev tərəfindən də etiraf olunub. Ilham Əliyev gözlənilməz bəyanatla çıxış edib. O, ilk dəfə Transadriatik Qaz Kəməri (TAP) layihəsinin həyata keçirilməsində problem yarana biləcəyinə işarə edib. Eyni zamanda Ilham Əliyev xəbərdarlıq edib ki, əgər TAP layihəsinə bu və ya digər problem yaranarsa, Azərbaycan vəziyyətdən Türkiyəyə daha çox qaz satmaqla çıxacaq (Virtualaz.org).
“Ümid edirəm ki, TAP qarşısında hər hansı süni maneə meydana çıxmayacaq, ancaq belə əngəllər meydana çıxsa, əlbəttə ki, bundan udan tərəf olmayacaq”- deyə I.Əliyev vurğulayıb. Ilham Əliyev əlavə edib ki, Azərbaycan qazının bazarlara çıxarılması üçün (hansı bazarlardan söhbət getdiyi dəqiqləşdirilməyib, ancaq tamamilə aydındır ki, söhbət Avropa bazarından gedir) konkret addımlar atılır. “Hər halda qeyd etməliyəm ki, bizim bazarlara çıxışımızla bağlı heç bir narahatlıqlarımız yoxdur. Əgər TAP layihəsində bu və ya digər problem yaranarsa, o zaman biz Türkiyə bazarına daha çox qaz ixrac edəcəyik. Hesab edirəm ki, biz qarşımıza qoyulan məqsədlərə vaxtında, ola bilsin daha tez çata biləcəyik. Sadəcə olaraq TAP layihəsinin bütün iştirakçıları məsuliyyətli olmalıdır və süni problemlər yaratmamalıdır”- deyə o, bildirib
Bəs TAP-ın qarşısında yaradılan süni əngəllər hansılardır? Bu layihəni kim əngəlləyir, təkcə iştirakçı ölkələr, yoxsa başqa qüvvələrin də bu işdə barmağı var?
Yunanıstan və Italiyanın yanaşması
Bəzi nəşrlər baş verənləri belə izah edir ki, bu ilin əvvəlində Yunanıstanda radikal solçuların hökuməti formalaşandan sonra Afinanın TAP kəməri layihəsinə mövqeyi dəyişdi. Yeni hökumət əvvəlki hökumətin imzaladığı tranzit müqaviləsinə yenidən baxılmasını, Yunanıstana daha çox tranzit haqqı ödənilməsini tələb etməyə başladı.
Eyni zamanda yunan solçuları ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin SOCAR-a satışına dair müqaviləyə yenidən baxacağını bildirdi. Hansı ki, SOCAR bu şirkəti Azərbaycan qazının TAP kəməri ilə Avropaya nəqlində daha əlverişli mövqelərə malik olmaq üçün alırdı, başqa heç bir iqtisadi və kommersiya marağı yox idi.
Digər iştirakçı Italiyada da TAP-a əngəllərin yaradıldığı məlumdur. Uzun müddət kəmərin Adriatik dənizi sahilinə çıxacağı Apiluya bölgəsində ətraf mühit fəalları və bəzi radikal siyasi qruplar TAP-a qarşı aksiyalar keçirib, əks-təbliğat aparılıb.
Arqumentlər belədir ki, kəmər Italiyanın zeytun bağları ilə məşhur bölgəsində ətraf mühitə zərər vuracaq. Bu kampaniyaya baxmayaraq Italiyanın federal hökuməti bir neçə gün əvvəl TAP-ın tikintisinə dair qərar qəbul edib. Ancaq Apuliya bölgəsinin yerli hökuməti qərardan şikayət etməyə hazırlaşır.
Hər iki ölkədə TAP-a qarşı əngəllər ilk baxışdan sırf daxili məsələ kimi görünə bilər. Lakin məsələyə dərindən və Avropa qaz bazarı uğrunda gedən geosiyasi mübarizə kontekstində baxanlar da az deyil.
Bu işin arxasında Avropaya qaz ixracının üçdə ikisinə nəzarət edən Rusiyanın dayandığı da istisna edilmir.
Putin Yunanıstan baş naziri Aleksis Tsiprası “Türk axını” layihəsinə qoşulmaq üçün dilə tutur, yunanlara milyardlarla avro yardım paketi vəd edir. Layihənin Yunanıstan üçün necə sərfəli olacağını əsaslandırır.
O biri tərəfdən isə ABŞ Afinaya təzyiq edir ki, Putinin vədlərinə inanmasın. ABŞ Yunanıstanı “Türk axını” layihəsini rədd edib TAP-a dəstək verməyə çağırıb, bu məqsədlə öz nümayəndəsini Afinaya göndərib. Ancaq yunan hökuməti hələlik bu təzyiqlərə məhəl qoymur.
“Qazprom”un məmnunluğu
Görünür, təsadüfi deyil ki, “Qazprom” rəhbəri Aleksey Miller mayın 28-də TAP kəmərinin hər dəfə bir il təxirə salınmasından məmnunluqla danışanda bütün bu amilləri nəzərə alırdı.
A.Miller bildirib ki, “Qazprom”un Avropa bazarında heç 10 min kilometrliyinə də yaxınlaşa biləcək rəqibi yoxdur. Azərbaycan qazının Avropa bazarlarına çıxışı isə hər dəfə bir il təxirə salınır.
A.Millerin bu sözləri deyərkən hansı analitiklərə əsaslandığı məlum deyil. Lakin bu məlumdur ki, “Qazprom” Yunanıstan amilini nəzərdə tutur. Eyham vurur ki, Rusiyanın TAP-ı tam əngəlləmək də olmasa, istədiyi qədər ləngitmək imkanları var…
Türkiyənin “Dünya” qəzeti isə baş verənlərlə bağlı yazır ki, Rusiya ilə qaz uğrunda mübarizədə Qərbin ən böyük ümidi TANAP-dır. Qeyd olunur ki, alternativlər sırasında Azərbaycanla yanaşı Iran, Iraq, Israil və Kipr də var: “Brüssel bu istiqamətdə səylə çalışır. Lakin bu, Moskvanın heç nə etmədən sakit dayanacağı demək deyil. Sirr deyil ki, Rusiya daha əvvəl ona alternativ olan ”Nabukko"nu sıradan çıxarmaq üçün hər şey edirdi. Indi onun TANAP-a qarşı heç nə etməyəcəyinə heç kim zəmanət vermir. Rusiya “Nabukko”ya qarşı “silah” kimi istifadə etdiyi “Cənub axını” layihəsindən imtina etdi. Indi onun əlindəki “silah” “Türk axını”dır. Bu layihə “Cənub axını”ndan fərqli olaraq Bolqarıstandan deyil, Türkiyə və Yunanıstandan keçəcək. Hazırda Rusiya TANAP-ı qabaqlamaq və 2016-cı ilə qədər kəmərləri inşa etmək niyyətini açıqlayıb. Rusiya hesab edir ki, “Türk axını”nı 2018-ci ildə başa çatacaq TANAP-dan iki il əvvəl yekunlaşdırmaqla prinsipiallığını sübut edəcək və Avropanın mövqeyini mütləq dəyişdirəcək".
“Ilham Əliyev bu cür çıxış etməyə məcburdur”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri Ilham Şaban "Strateq.az"a açıqlamasında bildirib ki, I.Əliyevin bəyanatı təsadüfdən ortaya çıxmayıb:ÿ"Konkret ad çəkilməsə də, ümumən TAP iştirakçılarına ünvanlanan bir xəbərdarlıqdır. Çünki həmin boru kəmərinin çəkilşi məqsədli şəkildə təxirə salınır. Bu da nəql ediləcək qazın hasilatçısı olan Azərbaycan tərəfini narahat etməyə bilməz. Biz qazın alqı-satqı müqaviləsini 2013-cü ilin sentyabrında imzalayanda göstərmişik ki, Azərbaycan qazı 2019-cu ildə Avropaya nəql edilməlidir. Çox təəssüflər olsun ki, 2014-cü ildə konsorsiumun rəhbərliyi elan etdi ki, Azərbaycan qazını 2020-ci ilin əvvəlində alacaq. Bundan da bir qədər sonra, may ayının 23-də Italiyanın iqtisadi inkişaf naziri bir sərəncam imzaladı. Orda göstərildi ki, kəmərin inşası 2020-ci il dekabrın 31-də başa çatacaq.
Bu o deməkdir ki, Azərbaycan qazı əsas bazara 2021-ci ildə daxil olacaq. Bütün bu yaşananlar prezidenti belə çıxış etməyə vadar edib. Biz üzərimizə düşən işlərə ciddi yanaşırıqsa, qarşıdakılar da analoji addımlar atmalıdır".
Vəziyyət olduqca kritikdir
Ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin perspektivinə böyük ümidlər bəslədiyi TAP layihəsi ciddi təhlükə ilə üzləşib. Bu ilin əvvəlindən hakimiyyət nümayəndələri TAP-la bağlı dəfələrlə narahatçılıqlarını bildiriblər. Ilham Əliyevin bir neçə gün əvvəl bu mövzuda çıxışı vəziyyətin kritik olduğunu deməyə əsas verir. Iş o həddə çatıb ki, Azərbaycan qazının yalnız Türkiyəyə çatdırılması məsələsi müzakirə olunur. Bu isə o deməkdir ki, gözlənilən böyük qaz pullarını əldə etmək mümkün olmayacaq. Problemin yaranması iki səbəblə izah olunur. Rusiyanın Türkiyə vasitəsilə Avropanın cənubuna qaz çıxarma proyektinin mövcudluğu və Avropa Birliyi ilə Azərbaycan arasında siyasi müstəvidə mövcud olan gərginlik. Hələ bir müddət əvvəl ABŞ Yunanıstana Rusiya proyektinə önəm verməməklə bağlı müraciət etmişdi. Hesab edirik ki, Rusiya amili bu məsələdə başlıca faktor deyil. Artıq uzun müddətdir ki, Azərbaycan hakimiyyəti ilə Avropa arasında ciddi gərginlik yaşanır. Bu gərginlik ilk növbədə 2014-cü ildə Avropa Parlamentində Azərbaycan hakimiyyətinin repressiya siyasətinin kəskin tənqid edən qətnaməsindən sonra başlayıb və bu günə kimi də davam edir. Hakimiyyətin böyük ümidlər bəslədiyi bu proyektə Avropa Birliyinin daha ciddi münasibət göstərməsi Brüssel ilə münasibətlərin yaxşılaşdırılmasını tələb edir. Sadəcə olaraq siyasi müstəvidə olan problemlər müəyyən qədər də olsa bu proyektin başlamasına mənfi təsir göstərir. Azərbaycan hakimiyyəti nəzərə almalıdır ki, Avropa Birliyi ilə ölkə üçün böyük əhəmiyyət kəsb edən iqtisadi layihələr həm də Brüssel ilə siyasi sahədəki münasibətlərdən asılıdır.
Xəyal