Nurəddin Məmmədli: «Ictimai nəzarəti mətbuatda gedən fikirlərə, ictimaiyyət tərəfindən irəli sürülən mövqeyə normal qiymət verməklə bərpa etmək olar»
Vidadi Mirkamal: “Hər bir normal cəmiyyətin inkişaf etməsi üçün demokratik qüvvələrin mövcudluğu ciddi şərtdir»
Əliyevin nəzarət çağırışına müxalifətdən cavab
Dövlət başçısı Ilham Əliyevin mayın 27-də “Buta” sarayında Respublika günü münasibətilə rəsmi qəbul zamanı səsləndirdiyi bəzi fikirlər maraq doğurur. Ölkə başçısı həmişəki kimi budəfə də öz ampluasında olub. I.Əliyev bildirib ki, ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz.
“Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır”, deyə I.Əliyev vurğulayıb.
Amma burada təzad diqqətdən yayınmır. Elə məhz hakimiyyətin yürütdüyü siyasətin nəticəsidir ki, ölkədə “ictimai nəzarəti” həyata keçirməli olan strukturlar media, QHT-lər, şəffaf parlament sıradan çıxarılıb. Məhz bu institutların bir-birinin ardınca məhvə məhkum edilməsi ictimai nəzarəti mümkünsüz edir.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, I.Əliyevin fikirləri həqiqətən də maraq doğurur. Cəmiyyətin yalnız ictimai nəzarət olacağı halda normal inkişaf edə biləcəyini söyləyən N.Məmmədli vurğuladı ki, ictimai qurumlar, siyasi partiyalar, QHT-lər ölkədə baş verən proseslərə adekvat addım atmalıdırlar: “QHT-lərin, siyasi partiyaların bir vəzifəsi də ictimai nəzarəti həyata keçirməkdir. Bütün mövcud QHT-lərin hamısı müəyyən istiqamət üzrə ixtisaslaşır. Amma Ilham Əliyev gözlənilməz bəyanatla çıxış etdi. Bu isə onun əvvəlki çıxışlarında dediyi fikirlərin inkar edilməsidir. Çünki o əvvəlki çıxışlarında Azərbaycanda demokratiyanın olması, mətbuatın azad şəkildə fəaliyyət göstərməsi haqqında bəyanatlar verirdi. Indisə məlum oldu ki, ictimai nəzarət mexanizmləri tükənib, yoxdur. Bu fikrin indiki mərhələdə səsləndirilməsi birinci Binəqədidə baş verən faciə ilə bağlı idi. Dövlət başçısı bu prosesdən kənarda olduğunu, hadisələr barədə məlumatsız olduğunu sübut etməyə çalışır. Digər bir tərəfdən bank sistemindəki özbaşınalıqların, pul mənimsənilməsinin ictimai nəzarətin güclü olmaması üzündən baş verdiyini deməyə çalışır. Belə fikrin səsləndirilməsi müsbət tendensiya olsa da, Azərbaycanda mövcud idarəçilik sistemi belə halların işlək olmasına əsas vermir. Ölkədə elə bir şərait yaradılıb ki, ümumiyyətlə vətəndaşların şikayətlərinə hər hansı reaksiya verilmir”.
N.Məmmədli onu da bildirdi ki, I.Əliyev əslində dövlət orqanlarının belə davranmasını tələb edir. I.Əliyev vətəndaşların, QHT sektorunun deyil, məhz dövlət orqanlarının düzgün məlumat verməsini istəyir. “Yenə də bu fikirlər ictimaiyyətin dövlət nəzarəti prosesinə cəlb olunmasından söhbət getmir. Bu Ilham Əliyevin çox nadir etiraflarından biri olduğundan mən bu çıxışı diqqətlə izlədim. Bu çıxışdakı fikirlərdə geniş ictimaiyyətin nəzarəti nəzərdə tutulmur. Burada dövlət orqanlarının nəzarətinin gücləndirilməsinin vacibliyinə işarə vurulur. Bu isə düzgün yanaşma deyil. Ictimai nəzarəti mətbuatda gedən fikirlərə, ictimaiyyət tərəfindən irəli sürülən mövqeyə normal qiymət verməklə bərpa etmək olar”, deyə N.Məmmədli vurğuladı.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, 93-cü ildən Əliyev hakimiyyəti zaman-zaman repressiyaları gücləndirməklə, ictimai fəalları həbsə atmaqla ictimai nəzarəti sıradan çıxarmağa çalışıb. V.Mirkamalın sözlərinə görə, siyasi partiyalar ya amansız repressiyalara məruz qalıb, ya da ələ alınıb: “Ikinci bir tərəfdən ictimai nəzarəti birbaşa həyata keçirən təşkilatlar hədəf seçilib. 2013-cü il prezident seçkilərindən sonra seçkilərə gerçək qiymət vermiş QHT rəhbərləri ya həbs olunublar, ya da mühacirət etməyə məcbur qalıblar. Hər bir normal cəmiyyətin inkişaf etməsi üçün demokratik qüvvələrin mövcudluğu ciddi şərtdir. Iqtidarda olan boşluqları məhz demokratik qüvvələr hakimiyyətə çatdırır ki, bununla bağlı tədbirlər görülsün və toplum inkişaf yoluna davam etsin. Amma Azərbaycanda zaman-zaman bu funksiyaların daşıyıcıları olan vətəndaş cəmiyyəti nümayəndələri həbsə atılıblar”.
V.Mirkamal hesab edir ki, bu bəyanat dövlət başçısının beynəlxalq ictimaiyyəti və Azərbaycan xalqını aldatmağa yönələn növbəti cəhd ola bilər.
Xəyal