Gürcüstanla sərhəddə “Kürd Əli” problemi

Heç bir rəsmi vəzifə daşımayan bu şəxs gömrük məntəqəsində reketçiliklə məşğul olur

Azərbaycan-Gürcüstan sərhədində zor və hədə gücünə biznesmenlərdən gömrük rüsumundan əlavə pul alırlar. Bu barədə “Turan”a Gəncədə mal-qara və meyvə biznesi ilə məşğul olan biznesmenlər bildiriblər.
Onlar gömrük rüsumundan əlavə ödəniş tələb edən şəxsi “Kürd Əli” deyə çağırırlar. Dediklərinə görə, bu şəxsin gömrük və ya sərhəd xidmətinə aidiyyəti yoxdur. “Kürd Əli” adlandırılan şəxs avtomobillər gömrük-keçid məntəqəsindən buraxıldıqdan sonra zor və hədə ilə bir baş iribuynuzlu mal-qara üçün 200 manat, meyvə gətirən hər “Kamaz” maşınının sürücüsündən isə 600 manat tələb edir. Yerli hüquq-mühafizə orqanları onun cinayətlərinə göz yumur. Bu səbəbdən də şikayətimizin mənasının olmayacağı və nəhayət, özümüzə qarşı çevriləcəyindən çəkinərək şikayət etmirik”, – deyə biznesmenlərdən biri bildirib.
Onların dediklərinə görə, belə qeyri-rəsmi ödənişlərə bundan öncə də məruz qalıblar. “Amma son bir neçə ayda ”Kürd Əli” qiymətlərini qaldırıb. Belə ki, əvvəllər hər baş mal-qara üçün 100 manat və meyvə maşınları üçün 500 manat əlavə haqq alırdı. Indi “Əli qiymətləri” ətin və meyvənin qiymətlərinin bahalaşmasına səbəb olub”, – deyə digər biznesmen qeyd edib.
Bildirilib ki, orta hesabla hər ay Qırmızı körpü sərhəd-keçid məntəqəsilə Azərbaycana Gürcüstan ərazisindəki 300-500 baş iribuynuzlu mal qara və azı 60-80 “Kamaz” maşınında  meyvə gətirilir.
Biznesmenlərin gözündə “Kürd Əli” o qədər “qara bazar qəhrəmanı”na çevrilib ki, onun qanunsuz hərəkətlərini kiminsə cilovlayacağına inanmırlar. Onlardan biri bildirib ki, Əliyə Gürcüstan hökuməti də bata bilmir. Belə ki, Gürcüstan tərəfdə qanunsuz olaraq azərbaycanlı biznesmendən haqq aldığına görə gürcü polisi onu yaxalayıb. Onlara 4 milyon dollar verdikdən sonra buraxıblar. Biznesmenlərin sözlərinə görə, Gürcüstanda malın yalnız qanuni ödənişlərini edirlər və heç kim onlardan əlavə pul tələb etmir. 
Azərbaycan Dövlət Gömrük Komitəsindən və Dövlət Sərhəd Xidmətindən şərh almaq cəhdləri nəticə verməyib.