ABŞ-ın Azərbaycandakı səfiri etiraf edir: «Bir neçə ay ərzində biz çətin dövrdən keçdik…»
“ABŞ-Azərbaycan münasibətləri möhkəmdir və bundan sonra daha da möhkəmlənəcək”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ölkəsinin Müstəqillik Günü (4 iyul) ərəfəsində “trend”ə müsahibəsində bildirib. “Bir neçə ay ərzində biz çətin dövrdən keçdik, lakin mən əminəm ki, təkcə mənfi tendensiyaları dəf etmədik, həm də bizə irəliləməyə imkan verən kifayət qədər möhkəm baza yaratdıq”, – deyə səfir deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycanın üç ümumi strateji marağı var: təhlükəsizlik sahəsi, energetika və daxili islahatlarla bağlı maraqlar: “Müəyyən qaydada olması mütləq deyil, lakin biz hesab edirik ki, maraqların bu üç növü irəliləməlidir. Eyni zamanda, biz geniş mənada strateji məqsədlərimizə çatmalıyıq və ona görə də stabil və dərin tərəfdaşlığa malik olmalıyıq”.
Təhlükəsizlik üzrə dialoq
Brayza bildirib ki, ötən cümə günü keçirilən və təhlükəsizlik üzrə ikitərəfli dialoqa həsr edilmiş görüşün çox müsbət və bir sıra konkret nəticələri olub.
“Biz Azərbaycana özünün həyati əhəmiyyətli enerji infrastrukturunu müdafiə etmək, Bakıya hərbi təlimlərin və əməkdaşlıq proqramlarının keçirilməsi sahəsində kömək etmək üçün əməkdaşlığımızı dərinləşdirməyə hazırlaşırıq. Onlardan biri avqustda Rumıniyada, ikincisi isə Almaniyada yüzdən artıq azərbaycanlı əsgərin və onların NATO-dan olan tərəfdaşlarının iştirakı ilə keçiriləcək.
Vaxtaşırı müttəfiqlərlə, dostlarla və tərəfdaşlarla gündəliyi tutuşdurub yoxlamaq lazımdır, çünki birgə işləmədən məqsədlərə nail olmaq çətindir. Bəzən digər tərəflə bizim məqsədlərimizin müxtəlif olması hiss olunur, lakin perspektivdə məqsədlərimizin ümumi olduğunu sübut etmək bizə vacibdir”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar əmin olmalıdır ki, Vaşinqton tərəfdaşları ilə eyni məqsədlərə malikdir, daha sonra isə digər tərəflə taktikada düzəliş etmək lazımdır ki, bu da son aylarda təşəbbüs göstərilən hərəkətlərə aydınlıq gətirir.
Beləliklə, Brayza Bakı danışıqlarını uğurlu hesab edir.
Xəzərdə əməkdaşlıq
Səfir bildirib ki, ABŞ bir çox illər ərzində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinə investisiyalar sahəsində Azərbaycan və beynəlxalq şirkətlərlə işləyir ki, bu layihələrin təhlükəsizliyini təmin etməyə kömək etsin: “Bununla yanaşı, bu infrastruktur təbii qaz, eləcə də neft tədarükünün şaxələndirilməsində maraqlı olan avropalı müttəfiqlərimiz üçün çox vacibdir.
Biz azərbaycanlı tərəfdaşlarımıza və dostlarımıza ölkənin daim gözlənilməz risklərlə qarşılaşa biləcəyini anlamaqda kömək edə bilərik. Meksika körfəzində iri neft axıntısı zamanı biz belə halla üzləşdik.
Biz bu təcrübəni azərbaycanlı tərəfdaşlarımızla bölüşmək və azərbaycanlı dostlarımıza ola bilsin ki, onların heç də həmişə nəzərə almadıqları riskləri anlamaqda kömək etmək istərdik. Eyni zamanda, onlara ehtimal etdikləri risklərə daha yaxşı reaksiya verməyi ölçüb-biçməkdə kömək etmək istərdik”.
Prezidentlərin Kazan görüşünün yekunları
Brayza bildirib ki, ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi Dovildə verdikləri bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə öz ümidlərini dəqiq ifadə ediblər. Onun sözlərinə görə, həmin bəyanatda prezidentlər bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün “baza prinsipləri” üzərində işi tamamlamağın vaxtı çatıb.
Səfir bildirib ki, onlar həmçinin aydın şəkildə anlatdılar ki, həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sülh yolundan başqa heç bir yolu yoxdur.
“Lakin Kazanda tərəflər irəliləyişə və baza prinsipləri üzərində işi başa çatdırmağa nail ola bilmədilər. Anlayıram ki, danışıqlar davam edir, proses davam edir və tərəflər yenidən görüşəcəklər, masa üzərində qalan məsələləri yenidən işləməyə çalışacaqlar”, – deyə Brayza bildirib.
Səfirin fikrincə, bu prosesdə ABŞ prezidentinin dəstəyi çox vacibdir.
Azərbaycanın iqtisadi inkişafı
Metyu Brayza onu da qeyd edib ki, Azərbaycan, neft və qaz sahəsinin son bir neçə il ərzində irimiqyaslı inkişafı istisna olmaqla, 1880-ci illərdən 1900-cü illərin əvvəllərinədək aqrar iqtisadiyyat dövləti olub. Onun sözlərinə görə, Azərbaycan hökumətinin kənd təsərrüfatına yatırımlarını davam etdirməsi son dərəcə vacibdir. Həmçinin bu kontekstdə ABŞ və Avropanın kənd təsərrüfatı biznesinin nümayəndələrilə tərəfdaşlıq əlaqələrinin yaradılması da mühümdür.
Brayza hesab edir ki, beynəlxalq birliyin Azərbaycan hökuməti ilə birgə xırda fermer təsərrüfatlarına yardım göstərmək üçün mümkün olan hər şeyi etməsi də çox vacibdir: “Biz daha effektiv olmaları üçün onlara kömək etməliyik, onlara öz məhsullarına görə müvafiq pul verməliyik ki, xırda fermer təsərrüfatları tədricən öz yüksək keyfiyyətli məhsullarına görə ədalətli haqq alan xırda sahibkarlara çevrilsinlər. Beləliklə, kənd təsərrüfatı sahəsində çox işlər görmək lazımdır və mən bunu çox maraqlı sahə hesab edirəm”.
Səfirin fikrincə, iri yüklərin daşınmasında Azərbaycandan Şərqdə yükboşaltma məntəqəsi kimi istifadə etməklə hava daşımaları da əməkdaşlığın daha bir sahəsi ola bilər: “Indi olduğu kimi, bu, Əfqanıstan ola bilər, habelə yüklər onun hüdudlarından kənara, Çinə və Uzaq Şərqə tədarük oluna bilər. Yerüstü və hava daşımaları sahəsində görüləsi çox işlər var. Burada ABŞ şirkətləri üçün də çoxlu imkanlar var”.
Transxəzər qaz kəməri
O bildirib ki, bu gün 2005 və 2006-cı illərlə müqayisədə Xəzər qazının Avropaya nəqli məsələsində irəliləyiş var.
Onun sözlərinə görə, bu gün Avropa ölkələri və Avropa şirkətləri Avropanın qaz bazarında rəqabətin artırılması üçün azərbaycanlı tərəfdaşlarla işləyirlər: “Bu, böyük irəliləyişdir. Bu, həmin bazarda rəqabət aparanların hamısı, eləcə də Rusiya şirkətləri üçün çox yaxşıdır. Ona görə də vaxt keçdikcə rəqabət daha rəqabət qabiliyyətli, daha effektiv, güclü olmağa vadar edir ki, bu da hamı üçün yaxşıdır”.
Transxəzər qaz kəmərinə gəlincə, səfirin sözlərinə görə, bu zaman ABŞ və onun qazdan istifadə edəcək avropalı müttəfiqləri hesab edirlər ki, Avropanı “Cənub dəhlizi” vasitəsilə təchiz etmək üçün Xəzər dənizinin şərq hissəsindən bir qədər qaz tədarük etmək əhəmiyyət kəsb edir.
Səfir hesab edir ki, Xəzər dənizindəki bəzi yataqlar və ya onun sahili üçün bu, nisbətən daha effektiv ixrac rejimidir.
Brayzanın sözlərinə görə, Birləşmiş Ştatlar Xəzəryanı dövlətlərdən qaz almır və çətin ki, nə vaxtsa alsın.
“Lakin biz təbii qaz istehsal edən tərəfdaşlarımızın müstəqil dövlət kimi öz talelərini həll etməyə qadir olmasında maraqlıyıq. Əgər onlar qazı bu və ya digər istiqamətdə göndərməyi qərara alsalar, onlar bunu etmək hüququna malik olmalıdır və ümid edirik ki, onlardan bəziləri özləri üçün Avropaya yol çəkəcəklər. Və biz yalnız onların bunu etmək üçün üsul tapacaqlarına ümid edə bilərik”.



