Novxanıda İstiqlal bayramı keçiridi
Bu gün Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirib.
Mitinq yürüşlə başlayb. Yüzlərlə Milli Şura üzvü Novxanı kəndinin kənarından keçən magistral yoldan M.Ə.Rəsulzadənin heykəli olan parka yürüş edib. Yürüş boyu Rəsulzadə və Cümhuriyyətlə bağlı şüarlar səsləndirib.
Mitinqi AXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Aqil Məhərrəmli aparıb. İlk söz Milli Şuranın sədri Cəmil Həsənliyə verilib.
"Dəyərli dostlar, tarixi keçmişinə sahib dura bilməyən millətin gələcəyi olmaz. Amma 28 may istiqlalı bizim üçün yalnız tarixi keçmiş deyil, həm də bu gündür. Həm də millətimizin hədəflərini müəyyən edən sabahımızdır. Qurucu babalarımız dağılmış Rusiya imperiyasının xarabalıqları üzərində bu üçrəngli, ay ulduzlu bayrağı ucaltdı. Bu bayraq çağdaşlıqdan, türkçülükdən, islamçılıqdan gələn ənənələrin vahid bir təcəllasıdır.
Mən istiqlal ideyasını zaman-zaman yaşatmış, millətimizin ruhuna hopdurmuş, Azərbaycan millətinin hədəflərini müəyyən etmiş qurucu babalarımızın ruhunu bir daha yad etmək istəyirəm. Onlara Allahdan rəhmət diləyirəm. 19-cu əsrin sonundan, 20-ci əsrin əvvəllərindən etibarən yeni bir nəsil, yeni bir gənclik meydana gəldi. Milli hədəfləri özünün həyatının qayəsinə çevirən bir gənclik meydana gəldi ki, həmin gəncliyin uğrunda mübarizə apardığı ideyalar istiqlal ideyaları idi. Sözün tam mənasında bu gənclik böyük mətbuat nümayəndəsi, böyük fikir adamı Həsən bəy Zərdabinin fikir evindən çıxmışdı. Bunlar Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Azərbaycan parlamentində sıralanmış onlarla bu qəbildən olan insanlar idi. Onlar sözün tam mənasında istiqlala gedən yolu doğru müəyyən etdilər. Millətin qarşısında böyük üfüqlər açdılar. Bu istiqlal üfüqləri idi. İlk dəfə olaraq tarixdə cumhuriyyət zəmnində Azərbaycan dövləti dünyanın siyasi xəritəsində yer almağa başladı. Bu Azərbaycan xalqının böyük tarixi nəaliyyəti idi. İstiqlal bayrağını ucaltmış Azərbaycan millətinə eşq olsun.
Bu nəsil yalnız mallarını deyil, canlarını da istiqlal ideyası uğrunda fəda etdilər. Amma millətimiz üçün istiqlala, müstəqilliyə hədəflənmiş bir yol qoydular. Biz 70-ci illərin tələbələri Azərbaycan Xalq Cumhuriyyəti və onun lideri böyük öndər Məhəmməd Əmin Rəsulzadə haqqında ilk dəfə doğru həqiqətləri Əbülfəz Elçibəydən eşitdik. Sovet dövrünün qadağalarına baxmayaraq Əbülfəz bəy böyük iftixarla, böyük sevgi ilə Azərbaycan Xalq Cumhuriyyəti, onun gördüyü işlər, demokrasiyə dayanan bir dövlət yaradılması və bu dövlətin banisi Rəsulzadə haqqında ürək dolusu ilə gizli otaqlarda deyil məhz auditoriyalarda söz açırdı. Və Əbülfəz bəy həmin dövrün gənclərində bir cumhuriyyətçilik, milliyətçilik dünyagörüşü formalaşdırdı ki, 90-cı illərdə gördük ki, meydanda olanların böyük bir hissəsi Əbülfəz bəyin dərnəklərindən çıxmış, Əbülfəz bəyin fikir evindən çıxmış gənclər idi. Bu istiqlal bayramı həm də Əbülfəz Elçibəyin bayramıdır. Çağdaş Azərbaycan Milli Azadlıq Hərəkatına rəhbərlik etmiş Əbülfəz Elçibəyə eşq olsun.
Cumhuriyyət ilk növbədə millətləşməni verdi bizə. Diri olmaq həqiqətini aşıladı bizə. Bu vətənə sahib durmaq, dağınıq bir ölkədə vətən anlayışını formalaşdırmaq hissini verdi bizə. Cumhuriyyət dağınıq bir toplumdan millət kimi formalaşmaq haqqı verdi bizə. Cumhuriyyət Azərbaycanın yeraltı və yerüstü sərvətlərinə sahib olmaq haqqın verdi millətimizə. Azərbaycan vətəndaşlığı haqqını verdi bizə. Bakı Dövlət Universitetini verdi bizə. Ən nəhayət, bu şanlı Cumhuriyyət Azərbaycan millətinin imzasını dünya xalqlarının imzası içərisinə qoymaqla, Versal Ali Şurasında tanınmaqla dünya dövləti, dünyəvi dövlət, çağdaş millət haqqını verdi bizə. Hətta 20-ci əsrin böyük diktatoru Stalin Sovetlər Birliyi yaranandan sonra 23-cü ildə etiraf edirdi ki, bizim SSRİ-ni ittifaq dövləti kimi formalaşdırmaq fikrimiz yox idi. Amma Cənubi Qafqazın Milli
Respublikasında müstəqillik ideyası xalqların ruhuna o qədər oturmuşdu ki, biz bu ideyadan geri çəkilə bilmədik. Bu ideyanı millətin ruhuna hopduran həm də cumhuriyyətçi babalarımız idi.
20 ildən artıqdır torpaqlarımız işğal altındadı. 20 ildən artıqdır ki, tarixi Şuşa şəhəri bu üçrəngli ay ulduzlu bayrağın üzünə həsrətdi. Bu qədər sərvətlə, bu qədər dövlətlə bizim edə bilmədiklərimizi cumhuriyyətçi babalarımız kiçik güclə, yeni yaranan ordu ilə edə bildilər. Çünki, içlərində tükənməz bir vətən sevgisi vardı. Təsəvvür edin ki, 3 ay ərzində Azərbaycanın suverenliyi Qarabağın dağlıq hissəsində tanındı. Azərbaycanın üçrəngli bayrağı Şuşa qalasında dalğalanmağa başladı.
Rəsulzadə 1918-ci ilin yanvar ayında heyət başqanı olaraq İstanbula getdi. İstanbulda həftəlik qəzetdə onun bir müsahibəsi var. O müsahibədə jurnalist ondan soruşur ki, hüdudları müəyyən etmək üçün ermənilər etnoqrafiyaya, gürcülər tarixə istinad edirlər. Siz nəyə istinad edirsiniz? Rəsulzadə cavab verir ki, biz etnoqrafiya ilə yanaşı həm də coğrafiyaya istinad edirik. Jurnalist soruşanda ki, tarixə niyə istinad etmirsiniz, deyir tarixə istinad etsək onda gərək bütün Cənubi Qafqazı istəyək. Qonşularımıza yer qalmaz.
Gəncliyin ən sevdiyi kitablardan biri məşhur Əli və Nino əsəridir. Bu əsər bütün dünyanı özünün məhəbbət cazibəsinə salmışdır. Doğurdan da bu əsərdə ülvi məhəbbət hissləri var. Amma inanın ki, bu əsərin qayəsi məhəbbət deyil. Bu əsərin qayəsi Azərbaycan istiqlaliyyətidir. Çünki əsərin qəhrəmanı Əli xan Şirvanşir əsərin sonunda seçim qarşısında qalır. Ya özünün məhəbbəti olan gürcü qızı Ninonu, Azərbaycan Cumhuriyyəti yaşında olan körpə qızını seçməlidir, ya da istiqlaliyyət uğrunda mübarizəyə qoşulmalıdır. Bu seçim anında gənc zabit Əli xan Şirvanşir istiqlal uğrunda mübarizəyə üstünlük verir və Gəncədə bu istiqlal savaşında canını fəda edir. Əli xan Şirvanşirin bu əsərdə formalaşdırılan obrazı onminlərlə Azərbaycan gəncinin obrazı idi və o adamlar ki, hesab edir Cumçhuriyyət müqavimət göstərmədən təslim oldu, tamamilə yalnışdır. Əli xan Şirvanşir kimi onminlərlə adam öz canını bu Cumhuriyyət uğrunda fəda etdi.
Dəyərli dostlar bizdən qabaqkı nəsil dağınız bir torpaqdan vətən, dağınız bir toplumdan millət yaratdılar. Bu vətənin suverenliyini təmin etmək, bu millətin bu ərazi üzərində hüququnu təmin etmək bugünkü gəncliyin işidir".
Daha sonra çıxış üçün söz AXCP sədri Əli Kərimliyə verilib. Əli Kərimli qeyd edib ki, bu qədər uzun müddət ərzində bir antixalq təbliğatı aparılmasına baxmayaraq, yenə də cümhuriyyət ideyaları qalır. Ona görə ki, cümhuriyyət yalnız keçmişimiz deyil, həm də tutduğumuz yoldur:
"Ey Azərbaycan sevdalıları, hamınızı salamlayıram. İstiqlal bayramınız mübarək olsun!
Qurucu babalarımız çox haqsızlığa məruz qalıblar. Uzun illər onları xalqımızın yaddaşından silməyə çalışıblar. Amma çox təəssüf ki, bu günlərdə də artıq onların qaldırdığı bu üçrəngli bayraq dövlət bayrağı ikən də Məhəmməd Əmin Rəsulzadəyə və Cumhuriyyət qurucularına bu ögey, qısqanc münasibət davam edir. Bu hamımızı incidir. Xüsusilə, hər dəfə biz istiqlal bayramını qeyd edəndə bu qurucu babalarımızın dövlət səviyyəsində tanınmaması bizi incidir. Amma düşünsək görərik ki, burada qeyri-adi heç nə yoxdur. Özünüz düşünün, dövlət hakimiyyətinə qazanmaq, varlanmaq kimi baxan, gözü ilə gördüyü hər şeyə sahiblənmək istəyən acgözlər, dövlət hakimiyyətini yalnız millətə xidmət kimi başa düşən insanları, dövlətə rəhbərlik edən zaman atasından pul istəyən insanları necə başa düşə bilər. Həyatda hakimiyyətə gəlməyi və hakimiyyətdə qalmağı ən müqəddəs amallar hesab edən insanlar hər cür imkanları olduğu bir şəraitdə nə dövlətin, nə də hökumətin başına keçmək istəməyən böyük Məhəmməd Əmin Rəsulzadə təvazökarlığını necə başa düşə bilər. 21-ci əsrdə bütün qitələrdə demokratiyanın bərqərar olduğu bir zamanda monarxiya qurmaq istəyənlər 1918-ci ildə dünyanın yalnızca 25 millətinin Cumhuriyyət qurduğu bir zamanda həmin o 25-lərin arasına bu milləti gətirmiş insanları, bunu 97 il bundan öncə etmiş insanları necə anlaya bilər.
Əziz həmvətənlər, məhz sizlər cumhuriyyət sevdalıları imkan vermirsiz ki, bu qədər uzun müddət ərəzində Azərbaycanda anti-xalq təbliğatı aparılsa belə yenə də cumhuriyyət ideyaları diri qalır.Bu həm də ona görə baş verir ki, cumhuriyyət bizim yalnız şanlı tariximiz qurur duyduğumuz keçmişimiz deyil. Cumhuriyyət bizim üz tutduğumuz, getdiyimiz yoldu. Bizim hədəfimizdi. Cumhuriyyət ideyaları bu gün də insan haqlarına hörmət olunan, hüququn ali olduğu, dövlətin insanlara, vətəndaşlara zülm etməyib xidmətində olduğu bir mayakdır. Cumhuriyyət ideyaları bizi vazkeçməməyə çağırır. Cumhuriyyət ideyaları bizi indiki vəziyyətlə barışmamağa çağırır. Mən inanıram ki, bu belə də olacaq. Mən sizə xüsusilə həm də ona görə təşəkkür etmək istəyirəm ki, bu uzaq yolda gəlmisiniz. Həm də təkcə bu isti havaya görə yox, həm də 30 mayda Milli Şuranın xilas olaq mitinqinə hazırlaşdığınız bir zamanda yenə də burdasınız. Çünki siz bu ölkənin şüurlu vətəndaşlarısınız, Çünki siz onun fərqindəsiniz ki, həm Cumhuriyyət ideyalarına sahib olmaq, həm də onun sabahına nail olmaq, ölkəni xilas etmək biz azərbaycanlıların öz borcumuzdur.
Əziz həmvətənlər, yadınıza salmaq istəyirəm ki, tariximizin ən şərəfli gününü, o babalarımız, təvazökar, millətini sevən, millətdən qazanmaq düşünməyib hər şeyini millətə fəda edən insanlar cumhuriyyətimizi qurdular. 90-cı illərin əvvəllərində böyük Əbülfəz Elçibəyin öndərliyi ilə biz Azərbaycan dövlətinin müstəqilliyini bərpa etdik. Indi sıra indiki nəslindir. Indi sıra biz müasir Azərbaycan vətəndaşlarınındı. Biz Azərbaycan Respublikasında Cumhuriyyət prinsiplərini məhz qurucu babalarımızın istədiyi kimi yenidən bərpa etməliyik.
Tam əminəm ki, indi yaşadıqlarımız Azərbaycan tarixində keçici bir dövr kimi, qaranlıq olsa da qısa bir dövr kimi qalacaqdır. Tamamilə əminəm ki, biz yenidən Cumhuriyyət ideyalarını bərqərar edə biləcəyik. Atalarımız üçdən deyib. Biz iki dəfə Cumhuriyyət qurmuşuq, davamlı olmayıb. Əminəm, tamamilə əminəm, sizi də əmin edirəm ki, üçündü dəfə Azərbaycanda cumhuriyyəti quracağıq və o davamlı olacaq".
Tədbir Koroğlu uvertürasının səsləndirilməsi ilə başa çatıb.
Bəyim Həsənli