Toni Bleyer və Ziyad Səmədzadəni nə birləşdirir?

xaqaniquzeyli@gmail.com
 
…Bir neçə il bundan öncə  Azərbaycanda müflis olmuş (edilmiş – X.Ə.)  bir şirkətin nümayəndəsi ilə yol yoldaşı oldum. Çox məşhur şirkət imiş, anladığıma görə, Bakı və regionlarda tikinti və metal işindən tutmuş , kənd təsərrüfatına qədər fəaliyyət sahələri var imiş. Iri dövlət obyektlərindən tutmuş, yanacaqdoldurma stansiyalarına qədər , yem sexindən tutmuş elit yaşayış binasına qədər nə gəldi inşa edərmişlər. Bir ucu Afrikaya qədər uzanan bu holdinqin sahibləri türk vətəndaşları olsalar da, azəri türkləri imiş. Ürəyini mənə boşaldan müsahibim, yəni türk arkadaş onlara necə “torba” tikildiyini bütün detalları ilə anlatdı. Məlum oldu ki, onlar dövlətə simvolik məbləğdə vergi ödəyirmişlər, əvəzində hər ay adını bilmədiyi iri bir dövlət rəsmisinə ağlasığmaz məbləğdə haqq verirlərmiş. Fəhlələrə ayda 700 manatdan başlayan maaş verən bu şirkətin rəsmi sənədlərində məbləğ bundan təxminən 7-8 dəfə aşağı göstərilirmiş. Arkadaş onu da dedi ki, üstümüzə bir telekanal çox gəlirdi, onun da başkan və asbaşkanını(vitse-prezident – X.Ə.) lüks apartmanlarımızda dairə (mənzil) ilə təmin etdik, səslərini kəsdilər.   Telekanalın adını çəkməyəcəm, amma onu deyə bilərəm ki, onlar  hər gün millətə , xüsusən də müxalifətə “ağıl” verir, onları Vətəni sevməməkdə ittiham edir. Türk şirkətinə  torbanı da çox “original” bir üsulla  tikirlər. Bir rayondakı  obyektlərinin açılışında Ilham Əliyevin iştirak edəcəyindən “xəbərləri” olmur… və bunu onlara bağışlamırlar. Daha sonrasını asanlıqla təsəvvür edə bilərsiniz…
Bir şirkətin Azərbaycanda iflas etməsindən bu qədər uzun-uzadı bəhs etməyim səbəbsiz deyil. Bu ənənəvi bir prosesdir və sonda onları himayə edənlər bir göz qırpımında yoxa çıxırlar və şirkət yetkililəri bu işi qabartmaqdan çəkinirlər, necə deyərlər, özlərini zibilə salmaq istəmirlər. Çünki Azərbaycan qanunlarında rüşvət vermək qanunla qadağandır və lazım gələrsə, buna görə həbs də edirlər. Bu cümlədən sonra qımışan oxucuların nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən rüşvət verən iki ildən, beş ilədək həbs edilə bilər.
Əlbəttə, lazım gələrsə… nə isə, keçək mətləbə(!)…
…Bildiyiniz kimi, hazırda Azərbaycandakı iş adamlarının, daha doğrusu Beynəlxalq Bankdan kredit götürənlərin kütləvi həbsi gedir. Iri məbləğdə pul alanları “bandotdel”də, bir neçə “milyoncuq” alanları isə “qorotdel”də saxlayırlar. Deylənlərə görə, onları orada incidirlər. Hətta incitməsələr belə, kredit içində böyrək kimi bəslənən, qu tükündən yorğan-döşəkdə məst olanlar  üçün taxta “nar”ların özü  bir cəhənnəm əzabıdır…
Ötən yazılarımın birində Hacı Ibrahim Nehrəmli haqda son iki ildə 30-dan çox tərif dolu iri müsahibə və reportaj yazan “Yeni Müsavat” qəzetindən yazmışdım. Bu gün həmin qəzet hazırda “banotdel”də olan milyader haqqında ən sərt yazan mətbu orqanlarının başında gəlir. Biz “Azadlıq” qəzeti olaraq isə, həmin vaxtlarda, yəni Hacı Ibrahimin qılıncının dalı-qabağı kəsən zamanda onun şirkətinin bu və ya digər şəkildə incidilənlərə tribuna verməklə bərabər, bir vətəndaşın intiharının qarşısını da ala bildik. Və bu gün həbsdə olan Hacı Ibrahim və digər biznesmenlərlə sivil, işgəncəsiz, qanunların dili ilə davranılmasının tərəfdarıyıq. 
Hazırda saxlanılan biznesmenlərin ən böyük himayədarları elə dövlət məmurları , hüquq mühafizə orqanları, ayrı-ayrı qəzet və telekanallar  olub. Yuxarıdakı türk arkadaşa inansaq, belə şeylər “elə-belə” olmur. Bu biznesmenlər saysız-hesabsız məhkəmələrdən “qalib” çıxıblar, Bakı şəhərində ən əlverişli torpaq sahələri, xüsusi imtiyazlı və əlverişli biznes sahələri onlara məxsus olub. Neçə-neçə tenderi sözün hər iki mənasında udublar və s. 
Tutulanlardan Piriyev soyadlı birisinin zavodunun açılışına şəxsən Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer qatılmışdı…
Yuxarıda bəhs etdiyim Hacı Ibrahim Nehrəmlinin  elmi rəhbəri isə.., deputat, Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri, akademik Ziyad Səmədzadə olub. Hətta müdafiə zamanı isə Elmi Şuraya da rəhbərlik (?!) edib… Ən əziz doktorantının bu gün “bandotdel”də  olması isə, onu qətiyyən narahat etmir. 
Tonidən də soraq yoxdur…