Azərbaycanda süni “kürd problemi” yaradılır
Bərzani ilə sıx əlaqədə olan «Diplomat» qəzetinin keçirdiyi tədbirin arxasında hansı məqsəd dayanır?
Azərbaycanda PKK-nın ruporu kimi tanınan “Diplomat” qəzetinin təşkilatçılığı ilə dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirilib. Maraqlıdır ki, tədbirlə bağlı redaksiyamıza daxil olan press-relizdə mətbuat konfransının ermənilərin 1915-ci ildə 800 min kürdü qətlə yetirməsi ilə bağlı keçiriləcəyi qeyd olunmuşdu. Lakin tədbir zamanı bəlli olub ki, mövzu tamam başqadır. Təşkilatçılar erməniləri deyil, Azərbaycan dövlətinin ünvanına ittihamlar yağdırıb. Mətbuat konfransında bir qrup kürd əsilli gəncin Ilham Əliyevə müraciəti də səsləndirilib. Müraciətdə iddia olunur ki, kürdlər Azərbaycanda bir xalq kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Azərbaycanda digər xalqların uşaq bağçaları, məktəb, teatr, folklor qrupları olduğu, mədəniyyətləri telekanallarda təbliğ edildiyi halda, kürdlər bundan məhrum olunub.
Müraciət müəllifləri həmçinin bildirib ki, Milli Məclisdə digər xalqlardan deputatlar olduğu halda, kürdlərin parlamentdə təmsilçisi yoxdur.
“Azərbaycanda yaşayan kürd əhalisində belə fikir formalaşıb ki, kürd olmağımızı söyləsək, pis münasibətlə qarşılaşıb, təzyiqlərə məruz qalarıq”, – deyə müraciətdə iddia olunur.
Tədbirin adının başqa cür qoyulması güman ki, mətbuat konfransına daha çox media nümayəndəsinin diqqətini cəlb etmək məqsədi daşıyıb. Lakin əsas problem bu deyil. Əsas problem ilin-günün bu vaxtında belə bir tədbirin keçirilməsidir ki, bununla bağlı bir neçə versiya irəli sürmək olar. Birinci versiya ondan ibarətdir ki, tədbir hakimiyyətin sifarişilə təşkil edilib. Söhbət ondan gedir ki, Azərbaycan hakimiyyətinin adı həmişə terrorçu təşkilat PKK ilə yanaşı hallanır. Hələ bir neçə il əvvəl Beynəlxalq Böhran Qrupu Azərbaycan hökumətinin PKK ilə əlaqələrinə diqqət çəkmişdi. Bundan başqa, terror təşkilatının rəhbəri, hazırda həbsdə olan Abdullah Öcalan məhkəmə prosesi zamanı Azərbaycanı PKK-nın əsas maliyyə mənbəyi olduğunu bəyan etmişdi. Üstəgəl Azərbaycan hakimiyyətində kürd əsilli məmurların yüksək potslar tutması və onların PKK ilə ilişgiləri barədə iddialar da var. Və bu iddialara qarşı hələ ki, cavab verilməyib. Yeri gəlmişkən, Azərbaycanda nəşr olunan “Diplomat” qəzetinin açıq şəkildə PKK-nı təbliğ etməsinə də rəsmi şəkildə hər hansı irad bildirilməyib. Qəzetin baş redaktoru Tahir Süleymanovun sərbəst şəkildə kürd liderləri ilə görüşməsinə də sanki məqsədli şəkildə “yaşıl işıq” yandırılıb. Görünür, artıq iqtidar ideoloqları hər dəfə bu faktların ictimailəşməsinin hakimiyyət üçün mənfi nəticələrə səbəb ola biləcəyinin fərqindədir. Yaxud da başqa və daha dəhşətli təkzibedilməz faktlar var ki, hakimiyyət ciddi təşvişə düşüb və indidən buna qarşılıqlı tədbirlər görür. “Diplomat” qəzetinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransı da bu tədbirlərdən biri sayıla bilər. Mümkündür ki, tədbirdə kürdlərin Azərbaycan dövlətindən narazılığı hakimiyyətin kürdlərə xüsusi imtiyaz verməsi, PKK-nı dəstəkləməsi kimi faktların həqiqət olmadığı barədə rəy yaratmağa hesablansın.
Başqa bir versiya isə ondan ibarətdir ki, Azərbaycandakı separatçı kürdlər hakimiyyətdəki himayədarlarına güvənərək düşünür ki, artıq iddialarını açıq şəkildə bəyan etməyin zamanı gəlib. Separatçı kürdlər Ilham Əliyevə ünvanlanmış ultimativ müraciətlə Azərbaycan cəmiyyətinə mesaj verir ki, onlar əsassız iddialarını reallaşdırmaqda israrlıdırlar və bu, baş verməyəcəyi təqdirdə aranı qarışdıra bilərlər. Yeri gəlmişkən, musavat.com-da məlumatlı mənbəyə istinadən yazılıb ki, Türkiyədəki son parlament seçkilərində 35 deputat yeri qazanan PKK-ya bağlı Barış və Demokrat Partiyası Türkiyədə aranı qarışdırmaqla məşğul olduğu bir vaxtda, terror təşkilatının Azərbaycandakı qolu da burada fəallaşıb və faktiki olaraq separatçılıq fəaliyyətinə start verib.
Hər bir halda “Diplomat” qəzetinin təşkil etdiyi dünənki mətbuat konfransı “kürd mövzusu” ətrafında hansısa oyunların getdiyini göstərir. Və bu oyunların Əliyevlərin idarəçiliyi altında olan Azərbaycanın milli maraqlarına ziddi olduğunu bəribaşdan söyləmək mümkündür.
Analitik şöbə