Qəzəb yumruğa çevrilməyəndə….

Comərd Qaya
 

Bir minik kız çocuğu, bir minik kuş yüreği, Ölümün kucağında üşür, üşür, üşür elleri. Yusuf Hayaloğlu
 
Ölümün yaşı olmaz. Babam (atamın atası) vəfat edəndə yaşı çoxdan doxsanı keçmişdi. O vəfat edən gün hönkür-hönkür ağlamışdım. Qohumlarımdan biri sonralar mənə etiraf etdi ki, sənin belə ağlamağını görüb yanımdakılardan birinə dedim ki, Comərd elə ağlayır, elə bil kişi 25 yaşında dünyadan köçüb. Deyir, bunu deyəndə sən eşitdin və mənə elə qəzəblə, nifrətlə baxdın ki, indi də o baxmağın yadımdan çıxmır. Yazdığım kimi ölümün yaşı olmaz. Balacaların, körpələrin ölümü isə daha çox yandırıb məni, göyüm-göyüm göynədib içimi. Dostlarım bəzən mənə çox sərt, soyuqqanlı olduğumu bildirir, bunu mənə irad tuturlar. Amma şəhid, körpə ölümlərində nə sərt ola bilirəm, nə soyuqqanlı. Bu cür xəbərləri eşidəndə sarsılıram və bunu gizlətmirəm də. Mayın 19-da baş vermiş yanğın xəbərini eşidəndə də belə oldu. Yanğında həlak olanların xəbəri sızlatdı məni. Körpələrin ölümü isə…körpələrin ölümü isə ağlatdı, hönkürtdü. İllərdir bu ölkədə təkrarlanan faciəvi hadisələrdən növbəti biri baş verdi və ürəkləri sızlatdı. Bir tərəfdə məlum yaramazların, yarıtmazların güdazına gedən, evindən məhrum eşiyə möhtac olan, əzizlərini, doğmalarını itirən insanlar, digər tərəfdə buna kədərlənən, qəzəblənən xalq, başqa bir tərəfdə bu hadisənin baiskarları və baiskarları müdafiə edib onların günahını ört-basdır etməyə çalışan vicdan, ləyaqət duyğusundan məhrum olan iyrənc xislətlilər.
 
Dəhşətli mənzərədir. Cəmiyyət qəzəblidir. Ancaq hakimiyyət cəmiyyətin onlara olan qəzəbinin üstünə həmişə “su səpməyə”, başqa istiqamətə yönəltməyə nail olub. Bu dəfə də belə oldu. İnsanlar hadisənin təsirindən ayılmamış rejim ideoloqları onların qəzəbini günahkarlardan yayındırıb hadisəyə dəxli olmayan (amma məqsədli şəkildə daxil edilən) aparıcı, icra nümayəndəsi, müğənni, MİS müdiri kimi adamların üzərinə yönəltdilər. Bu gözlənilən idi. Çünki illərdir ki, bu “eksperiment” təkrarlanır və biz də bu təkrarlanan “eksperiment”ə şahidlik etməkdəyik. Əfsuslar ki, şahidlik etməkdəyik. Günahkarlar cəzasız qalanda bu belə olur. Günahkarların bu ölkədə cəzasız qalması isə adidən adi bir haldır. Hakimlərin pulla hökm oxuyub, məhkəmələrin rüşvətlə qərar çıxartdığı, polisin vətəndaşı qorumaq əvəzinə, vətəndaşın polisdən qorunduğu ölkədə başqa necə ola bilərdi ki?! Bəli, bizim ölkəmizdə əli insanların qanına batan, onların cibinə girən, milyonları oğurlayan, haqqlarını qəsb edən günah sahibləri cəzasız qaldıqca daha da azğınlaşır, vəhşiləşirlər. Əgər sən, onlardan polisə şikayət etsən, — şikayətinə baxmayacaqlar, baxsalar belə onları təmizə çıxaracaqlar, məhkəməyə versən,— qərarı sənin deyil, onların xeyrinə çıxaracaqlar. Növbəti dəfə onların cəzalandırılmasını tələb etsən, məlum aqibət səni gözləyəcək — polis səni qandallayacaq, evindən silah anbarı çıxacaq, cibindən narkotik maddələr aşkarlanacaq. Beləliklə, cəzalandırılmasını tələb etdiyin bu adamların günahlarını sənin üzərinə yıxıb sənin özünü həbsxanaya göndərəcəklər. Bu aqibəti yaşayan insanlar az deyil bu məmləkətdə. Və xalq bu insanların aqibətini, günahsızların da cəzasız qaldığını görür və görməkdədir. Günahkarlar cəzasız qalanda isə xalqda qəzəb yaranır. Amma təəssüf ki, bu qəzəb bizdə yumruğa, yumruqlara çevrilə bilmir.
 
Hakimiyyət insanların qəzəbini zərərsizləşdirməyin yolunu, çarəsini bilir və tapır. Gah bu qəzəbi hansısa teleşoudakı aparıcıya, gah pulu cıran müğənniyə, gah da efirdə bir-biriylə “söz atışması”na, əlbəyaxaya çıxan adamlara yönəldir.
 
19 may yanğınında xalqın yanında deyil, günahkarların yanında olanlar da vardı. Bu adamlar gah həlak olanların sayını azaltmağa çalışır, gah hadisəni təxribat adlandırır, gah da faciəni bu şəkildə ört-basdır etməyə cəhdlər edirdilər: “Məgər təkcə Azərbaycanda olur bu cür hadisə? Dünyanın hər yerində olur da.” Amma bu adamlar hər cəhdlərində necə gülünc bir vəziyyətə düşdüklərinin, necə axmaq göründüklərinin ya fərqində deyildilər, ya da bilib bilərəkdən rollarına davam edirdilər. Birincisi, həlak olanların sayını azaldıb-çoxaltmaqla faciənin miqyasını kiçiltmək mümkün deyil. Həlak olan 1 nəfər belə olsa, bu, insandır, insan həyatıdır. Bu sözləri deyən adam o həlak olanlardan birini yerində öz doğmasının, əzizinin olmasını istəyərdimi? – Əlbətt ki, yox! İkincisi, bu hadisənin təxribat olub-olmaması faciənin faciəvi mahiyyətini dəyişirmi? – Yenə də yox! Üçüncüsü, dünyanın hər yerində bu cür hadisələrin olduğunu deyib məsələni adiləşdirmək istəyənlər, görəsən balası içəridə yanan ananın, anasını itirən oğulun, qardaşını itirən bacının yerində olsaydılar yenə də eyni sözü belə rahatlıqla deyə bikəcəkdilərmi? Ümumiyyətlə, deyəcəkdilərmi? Bu cür hadisələr dünyanın hər yerində olur, bəli. Amma bu ki, faciənin statusunu dəyişmir və dəyişə də bilməz! Çünki söhbət insan həyatından gedir. Ayrı vaxt insan həyatının ən dəyərli nəsnə olduğundan dəm vuranlar görəsən, bu dəfə niyə bunu ucuz tutdular? Cavabı məlum: Çünki özləri ucuzdurlar, xislətləri bir qəpiklik deyil. Və bütün bunların fonunda ən dəhşətli bir nüans gözə çarpdı. Xalq qəzəbli olduğu, qəzəbləndiyi adamların saxta “ah-uf”una, pafosuna inanır və aldanır. Prezident efirə çıxıb deyir ki, “Avropa oyunları bu faciənin yanında (diqqət edin, prezident də hadisəni faciə adlandırır, amma yaltaqlıq edənlər, hansısa məmura xoş gəlməkdən ötrü yalmananlar hadisənin faciə adlanmaması üçün “dəridən-qabıqdan” çıxırdılar) yanında heç nədir.” Və bu an qəribə bir mənzərə ortaya çıxır, bayaqdan ona qəzəbli olan cəmiyyət, insanlar bu dəfə ona bəh-bəh deyir,
 
şəninə təriflər yağdırır. Saxta səmimiyyətə inanan nə qədər çox insan varmış aramızda! Məgər “Avropa oyunları bu faciənin yanında heç nədir” deyən və onun bu sözünü təsdiqləyən məmurlar deyilmi bu oyunu, faciəni başımıza gətirən? Xalqın cibinə girib, sərvətini talayıb bu Avropa oyunlarına xərcləyən kimdir görəsən? Avropa oyunlarının məşəlinin rayonlara aparılıb yandırılmasının hər evdə bayrama, şənliyə, insanların şad-xürrəmliyinə səbəb olması haqda sicilləmə cəfəngiyyat danışan icra başçılarına bu göstərişi verən, bu mənasız tədbirlərə milyonlarla manat ayırıb həzmi-rabedən keçirən bəs kimdir, kimlərdir görəsən? XVII-XVIII əsrlər aralığında yaşamış Fransız iqtisadçısı Pyer Lepazan de Buagilber dövrünün Fransa hakimiyyətini nəzərdə tutaraq yazırdı: “Fransa ilə işğal olunmuş ölkə kimi rəftar edirlər.” Bu cümlə ölkəmizdəki vəziyyətlə necə də uyğun səsləşir! Bəli, bugünkü hakimiyyət də, onun məmurları da Azərbaycanla bu cür rəftar edirlər: işğal olunmuş ölkə kimi. Axı, onlar həqiqətən də bu ölkəni işğal ediblər. Və xalqın qəzəbi yumruğa, yumruqlara çevrilib hədəfinə dəyməyincə bu işğalın da sonu olmayacaq.