Rusiyanın əsas məqsədi Azərbaycanı şantaj etməkdir

Xəbər verildiyi kimi, Rusiya Qarabağ münaqişəsinin tərəfləri arasında razılaşmanın əldə edilməsinə dəstək verilməsini öz xarici siyasətinin əsas prioritetlərindən biri hesab etdiyini bəyan edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə keçirdiyi brifinqdə bu barədə danışıb. RIA Novosti xəbər verir ki, Sergey Lavrov Elmar Məmmədyarovla danışıqlar zamanı beynəlxalq və regional problemləri nəzərdən keçirdiklərini, Qarabağ probleminə dair fəal fikir mübadiləsi apardıqlarını bildirib.
S.Lavrov bildirib ki, bizim qarşımızda rəhbərlik tərəfindən qoyulmuş dəqiq vəzifələr var. Rusiya və Azərbaycan prezidentləri müntəzəm olaraq görüşürlər, onların arasında olan  konstruktiv dialoq istisnasız olaraq bütün məsələlərin həlli üçün şərait yaradır.
Görüşdə bəyan edilən məqamları “Azadlıq”a şərh edən politoloq Hikmət Hacızadə söyləyir ki, Rusiyanın əsas qayəsi Azərbaycanla Ermənistanı “kruçok”a salaraq şantaj etməkdir. H.Hacızadənin qənaətincə, rus sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsi niyyəti ola bilər. Rusiyanın Qarabağda və digər ərazi sərhədlərində ordu yeritmək niyyyətinin olduğunu söyləyən politoloq, bu tipli sülh sazişinin hansısa müsbət nəticə verməyəcəini vurğulayır:
“Rusiya 20 ildir bu məqsəd ətrafında manevr edir. Yəni Rusiya həmin ərazilərdə qoşunlarını yerləşdirmək niyyətini gerçəkləşdirmək istəyir. Bu niyyət baş tutsa, Abxaziyada olan vəziyyət baş verəcək.  Plan budursa, Azərbaycan bu məqsədə getməməlidir. Çünki rus qoşunları Azərbaycanın ərazisinə girsə, oradan çıxmayacaq. Bizim suverenliyimizə təhlükədən başqa, bununla Qarabağ da əldən gedəcək. Abxaziya ilə Gürcüstanın arasına sülhməramlı qüvvələr yeridiləndən sonra orada yaranan vəziyyət hamıya bəllidir. Bu təcrübənin yenidən təkrarlanmasına yol vermək olmaz”.
Nigar