Ağ ev Medvedevi dəstəkləmək, baş naziri isə sıradan çıxarmaqda maraqlıdır
“Yaxın Şərq diktatorlarının devrilməsindən sonra, hətta Çin liderləri belə ”Yasəmən” sözündən qorxuya düşməyə başlayıb” fikrilə başlayan məqalə ABŞ-ın “The Washington Post” qəzetində Robert Kaqan imzasıyla dərc olunub. Müəllif diktatorların ərəb inqilablarından sonra ciddi narahatlıq keçirdiyini vurğulayaraq bütün diqqətləri Rusiyanın baş naziri Vladimir Putinin üzərinə yönəldib.
“Putin rejiminin dördüncü demokratiya dalğasının yaratdığı təzyiq qarşısında dayanmaq gücü varmı?” sualına cavab tapmağa çalışan Robert Kaqan bildirib ki, Rusiyanın baş naziri xalqın narazılığını azaltmaq məqsədilə bəzi addımlar ata bilər. O, Boris Nemtsov, Mixail Kasyanov, Vladimir Milov və Vladimir Rıjkov kimi nüfuzlu siyasilərin yaratdığı Xalq Azadlıq Partiyasının dekabr seçkilərində iştirakına mane olmamağa çalışacaq.
“Əgər Putinin uzaqgörənliyi varsa, bu ona balansı qorumaq şansı verəcək. Bu, Putin rejiminin legitimliyini artıra bilər. Buna baxmayaraq, Putin və komandası ciddi narahatlıq içindədir. Komanda üzvləri ölkədə hər şeyin nəzarət altında olduğunu düşünsələr də, qorxuya düşdüklərini gizlətməyi bacarmırlar. Putin komandası antiQərb kampaniyasına start verib-verməmək barədə düşünür. Hər şey ötən il Misirdə Hüsnü Mübarək rejiminin strategiyasını xatırladır”, – deyə məqalədə vurğulanır.
Kaqan yazır ki, ABŞ rəsmi dairələri Qərbmeylli və islahatçı Dmitri Medvedevə etimad göstərir. Barak Obama Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyir. Çünki Medvedevin modernizasiya strategiyasına öz dəstəyini nümayiş etdirmək istəyir. Ancaq Putin yenidən hərəkətə keçərək Kreml başçısı postunu tutarsa, bütün bu dəstəklər və Rusiyanın modernləşdirilməsi strategiyasi iflasa uğrayacaq.
“ABŞ korrupsioner, avtoritar, mafioz dövlətlə münasibətləri davam etdirə bilərmi? ABŞ administrasiyasının bəzi üzvləri bunun mümkünsüz olduğunu anlayır. Onlar şübhələnirlər ki, bu qədər korrupsioner və təhlükəli Rusiya, hətta bəzi xarici investorlar üçün cəlbedici olsa da, Amerika xalqı çətin ki, özündənrazı diktatura ilə münasibətlərin davam etdirilməsinə müsbət yanaşsın.
Ancaq Ağ evdə Putinin açıq hədəf göstərilməsinə qarşı çıxanlar da var. Obama administrasiyası Rusiya ilə bağlı qərarın verilməsində tərəddüd edir. Konqres senator Co Liberman və Con Makkeyn tərəfindən hazırlanan qətnamə layihəsinə baxmağa hazırlaşır. Sənəddə insan haqlarına hörmət olunması, demokratik institutların genişləndirilməsi və inkişafı, söz azadlığının qorunması, müxalif partiyaların qeydə alınması kimi tələblər Rusiya hökumətinə ünvanlanıb”, – deyə müəllif yazıb.
Robert Kaqan məqalənin sonunda Amerika cəmiyyətini Rusiyanı yaddan çıxarmamağa çağırır. Onun fikrincə, Yaxın Şərqdə baş verənlər Rusiyanın diqqətdən yayınmasına yol açıb: “Çoxları Rusiyada dəyişikliklərin perspektivinə nikbin yanaşmır. Ancaq unutmaq lazım deyil ki, Rusiya heç vaxt sabit ölkə ola bilməz. Məhz bu, Putin komandasını ciddi narahat edir. Çünki bir il öncə də bütün dünya Misirdə hər şeyin Mübarəkin nəzarətində olduğunu düşünürdü”.
Informasiya şöbəsi



