“Dəyərli dostlarım və doğma əqidədaşlarım! Artıq evdəyəm. Mənə görə keçirdiyiniz narahatlığa və sonsuz dəstəyinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Inanın ki, bu 25 sutkada bir gün belə ayrı qalmadıq. Çünki gözlərimi yumanda, gecələr-gündüzlər, ümumiyyətlə, hər bir an sizləri düşünürdüm. Və bu gün də istər virtual, istərsə də real dəstəyinizi görüb, sizinlə 2 ilə yaxındır davam edən tanışlığımız dövründə keçdiyim yolun hədər olmadığını düşünürəm. Həbsimi işıqlandıran mətbuat orqanlarına isə ayrıca təşəkkürlər. Çox sağ olun ki, varsınız və məhz sizlərlə cinahdaşıq!”, – deyə Fuad Əhmədli “facebook”da paylaşdığı statusda yazıb.
Xatırladaq ki, Fuad Əhmədli aprelin 28-də yaşadığı evin yaxınlığında naməlum şəxslər tərəfindən oğurlanmışdı. Xeyli axtarışlardan sonra onun “bandotdel” əməkdaşları tərəfindən aparıldığı və adıçəkilən idarədə saxlanıldığı məlum olmuşdu. Günlərlə nə ailəsinə onun barəsində məlumat verilmiş, nə də vəkililə görüşməyə imkan yaradılmışdı. Həbsindən beş gün keçəndən sonra atası Zəfər Əhmədliyə bildirilmişdi ki, məhkəmə Fuadın barəsində “xırda xuliqanlığa görə” 25 sutkalıq inzibati həbs qərarı çıxarıb.
Informasiya şöbəsi