Dəyirman bildiyin edir…
Mətləb Mütəllimli
Bu mövzuda çoxdan yazmaq istəyirdim, hələ, Bakı şəhərinin Xətai rayonunda alovlanan binadan da əvvəl. Lakin, macal tapmırdım, həm də düşünürdüm ki, onsuz da puldan ötrü sinov gedən bu hakimiyyət üçün nə yazırsan yaz, xeyri yoxdur, necə deyərlər, öz bildiyini dədəsinə də verməz. Yazılanlara inadkarcasına, düşməncəsinə münasibət göstərilməsi də ataların belə bir deyimini yada salırdı ki, “Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. ”Indi də məlum olur ki, Binəqədi yanğını heç də 2-ci yox, 4-cü hadisə imiş. Bunu, prezidentin qarşısında normal məruzə etmək əvəzinə dərsini bilməyən uşaq kimi kağızlar içində eşələnən Baş prokuror Zakir Qaralov da təsdiqlədi. O Z.Qaralov ki, bu faciədə dolayısı ilə o da günahkardır ki, bu haqda bir az sonra.
Yazmaq ağırdır
Bu yazını yazmaq çox ağırdır, təkcə ona görə yox ki, lazımı sənədləri araşdırmaq imkanından məhrumuq, yalnız, oxuduqlarımıza, eşitdiklərimizə istinad edirik. Heç ona görə də ağır deyil ki, rəsmi deyilənlərdən fərqli olaraq ölənlərin sayı 16 nəfər yox, ikiqat çox olduğu bildirilir. Yazmaq ona görə ağırdır ki, faciə bu hakimiyyətin acgözlüyünün nəticəsində baş vermişdir və onlar da heç vaxt öz zibillərinin üstünü açmayacaqlar. Indiyə qədərki acı təcrübəyə əsasən bəri başdan deyirəm ki, nə dövlət komissiyası, nə də istintaq orqanları tam həqiqəti, əsl günahkarları üzə çıxarmayacaq, həmişə olduğu kimi, “günah keçiləri”ni tapıb hadisəni ört-basdır edəcəklər.
800 minalanmış bina
H.Abutalıbovun sözləri ilə desək, Bakının 140 binası tez alışan üzlüklə üzlənib, başqa sözlə, minalanıb. Mətbuatın yazdığı rəqəm isə tamam fərqlidir. Yazılanlara əsasən, hazırda Bakıda və ətraf qəsəbələrdə 800-ə yaxın binanın fasadına tez alışan polistrol, penoplastik və ya poliureton üzlükləri vurulub.
4 saat çəkən yanğın
Indi hakimiyyətə züy tutan telekanallar, saytlar, yala görə, eləcə də gələcəkdə deputat mandatı almaq eşqi ilə ona quyruq bulayan “jurnalist”lər dolayısı ilə əsas günahkarlardan yan keçir, buyruqla deyilənləri, icazə verilənləri yazır, yanğın söndürənləri, fövqəladə hallar nazirliyini az qala qəhrəman düzəldirlər. Əlbəttə, mən yanğın söndürənlərin zəhmətini yerə vurmaq istəmirəm və onların ağır, təhlükəli iş gördüklərini xüsusi qeyd edirəm. Amma, fövqəladə hallara hazır olmayan, əslində isə, belə halları özü yaradan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən soruşmaq istəyirəm: Sizin günahınız ucbatından baş verən və xeyli insan təlafatına səbəb olan, bu azmış kimi, 4 saat uzanan yanğına görə heç vicdan əzabı çəkirsinizmi?
Ehtiyat igidin yaraşığıdır
Qədim zamanlardan bəri yeni tikilən, eləcə də təmir edilən binalarda həmişə ehtiyat dəmir pilləkənlər quraşdırılırdı ki, bu da fövqəladə hadisələr zamanı binanın sakinlərinə hava-su kimi lazım olur. Ola bilər ki, belə pilləkənlər heç vaxt lazım olmasın, ola da bilər ki, indiki halda olduğu kimi, bu nərdivan həyati əhəmiyyət kəsb etsin. Bəs, hanı bütün tikinti səlahiyyətləri əlində cəmlənmiş nazirliyin binalarda ehtiyat pilləkənlərı? Axı, atalar təsadüfən deməyiblər ki, “Yüz gün yaraq, bir gün gərək”.
Mütəxəssis rəyi
Tikinti üzrə tanınmış mütəxəssis Rahab Qaziyev: “Binaların üzlənməsinə münasibət bildirmək üçün heç bu sahənin mütəxəssisi də olmaq lazım deyil. Adi gözlə baxmaq və onun bir parçasını ələ götürüb yoxlamaqla da bilmək olur ki, bu tezalışan materialdır”. Bu gün yaxasını kənara çəkənlər həmin materialın təhlükəli olduğunu və tikinti üçün yaramadığını bilmirdilərmi? Tikinti normalarında birmənalı olaraq yazılıb ki, tezalışan materialların tikintidə istifadəsi qadağandır. O materialı binaların yaxınına da buraxmaq olmaz, amma, bunların gözünü pul elə örtdü ki, millətin başına bu faciəni gətirdilər.
Başına gələn başmaqçı olar
Bakı şəhər icra hakimiyyətinin, əlaqədar nazirliklərin, komitələrin başı pul qırmağa qarışdığı bir vaxtda binaları təhlükəli materiallarla üzlənən sakinlər ciddi narahatlıq keçirir, narahatlıqlarını əlaqədar dövlət qurumlarına bildirirdilər. Bu qurumlar isə əhalinin haqlı narahatlığını başa düşmək, təxirəsalınmaz tədbirlər görmək əvəzinə, sakinlərin başının altına yastıq qoyur, rəsmi formada onları qorxmamağa çağırırdılar. Buna da inanmırsınız? Onda, buyurun, bu sənədlə tanış olun:

Danışmaqda pərgarıq
Bu faciəvi hadisə bir daha göstərdi ki, indiki hakimiyyətin döşünə döyməsinə baxmayaraq, o, belə hallara qarşı heç də həmişə hazır deyil. Fəlakət baş verdi, dörd bir tərəfdən yanan insanların fəryadı şəhəri bürüdü, yanğının qarşısı vaxtında alınmadı, bu bir yana, telekanallar çal-çağırından qalmadı, prezident də yol ayrıclarının qırmızı lentini kəsməkdə davam etdi, təcili hadisə yerinə gəlmədi. Bəlkə, o, belə etsəydi, yanğın daha tez söndürülərdi, bu qədər də böyük fəlakət olmazdı. Sizi deyə bilmərəm, şəxsən mən prezidentin dərhal yox, hadisədən bir sutka keçəndən sonra hadisə yerinə gəlməsini heç cürə başa düşə bilmədim. Sanki, alovun içində uşaqların, qadınların, qocaların ÿcızdağıÿ çıxmırdı, qarışqa ölürdü. Bu münasibəti görəndən sonra təkcə başına faciə gələnlərin yox, hər birimizin içimiz göynədi, ürəyimizi dərd bürüdü. Bu yerdə fasebook tanışım Gülnaz xanımın deyimi yadıma düşür : 16 ölü, 9 milyon yaralı.
Mütəxəssis rəyi:
Tikinti üzrə ixtisaslaşmış alim Rafiq Salahov: “Üzləmədə istifadə edilən plastik maddə yanmağa çox meyllidir, ekoloji cəhətdən də insan orqanizmi üçün zərərlidir. Həmin üz örtüklərinin üstünə adi bir kibrit dənəsi də düşən kimi alışır. Həmin üzlüyün bir kvadrat metri 100 manata başa gəlir”.
500 milyon + 16 ölü.
Mütəxəssislərin dediyinə əsasən, bir binanın üzlənməsinə (material xərcləri ,tikinti işləri və s.) orta hesabla 500 min manat xərcləndiyini nəzərə alsaq, 800 binaya təxminən 400 milyon manat xərcləndiyi ortaya çıxır. Söküntü işləri də nəzərə alınsa, dövlətə 500 milyon manat ziyan vurulmuşdur. Başqa sözlə, bu məbləğ illik elm xərclərindən 3 dəfədən artıq; qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanması xərcləri qədər; səhiyyəyə ayrılan vəsaitdən bir qədər azdır və s.
Əsas düyün nöqtəsi
Azərbaycan Respublikasının Baş prokuroru Z.Qaralov bildirib ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib. Bu üzlükləri isə Azərbaycana “Global Construction” şirkəti gətirir. Z.Qaralov sadəcə onu deməyi “unudub” ki, vaxtilə bu şirkətin rəhbərinin iqtisadi cinayətlərinə hüquqi qiymət verməyib, külli miqdarda dövlətə ziyan vurulmasına göz yumub…
Odda yanmaz Bəşirov
Məlum olduğu kimi,üzlükləri ölkəmizə “Global Construction” şirkəti gətirib. Bu şirkət 2001-ci ildə Panamada (yenə Panama!) qeydiyyatdan keçmiş “Oceanstream INC” adlı offşor şirkət tərəfindən təsis olunub ki, bu şirkətin də sahibi 54 yaşlı Xəqani Bəşirovdur. Bu şəxs fransız dili üzrə mütəxəssisdir, Azərbaycan qanunları ilə yol verilməyən ikili vətəndaşlığaÿmalikdir (Fransa və Azərbaycan ). Mətbuatın yazdığına əsasən, bu ikili vətəndaşlığı olan cənab Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anqlo-Asian Mining plc” şirkətinin səhmdarlarından biridir (16,5 faiz).
185 milyonluq “itən” kredit
Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralovun vaxtilə X.Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanması üçün məhkəməyə verdiyi təqdimata əsasən, çoxları üçün sirli gəlib sirli də yoxa çıxan X. Bəşirov Beynəlxalq Bankdan 2 il müddətində 185 milyon manat kredit alıb, geri qaytarmayıb. Təqdimatda deyilir: “Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi iləÿ Panama Respublikasında qeydiyyata alınmış və özünün direktor olduğu ”Oceanstream INC" şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış…şirkətlər tərəfindən beynəlxalq Bankdan qanunsuz olaraq pul alıb və müəssisələrə kredit kimi rəsmiləşdirib". Xətai rayon məhkəməsi bu təqdimata əsasən X. Bəşirovun həbsinə sanksiya vermiş, 5 aylıq həbsdən sonra azad etmişdir. Məhkəmə sənədlərində onun Beynəlxalq Banka külli miqdarda pul “atması” iddia edilən şirkətlərinə çoxlu sayda dövlət əhəmiyyətli layihələr tapşırılıb. Məsələn, X. Bəşirova aid “Xəzər Menecment Sistems” Şəki və Sumqayıtın elektrik təhcizatı, şüşə istehsalı ilə məşğuldur. Şəki, Qazax, Zaqatalada, Qusarda olimpiya idman kompleksləri, Zaqatalada çoxfunksiyalı stadion, Şirvan şəhərində pambıq təmizləmə zavodu və s..
Baş Prokurora suallar:
1. 12 sentyabr 2010-cu ildə haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən və hələ də qüvvədə olan X. Bəşirov 17 yanvar 2011-ci ildə hansı əsaslarla azadlığa buraxılıb?
2. Izi itirmək məqsədi ilə ölkədən çıxarılan X. Bəşirovun adına alınmış və qaytarılmamış 185 milyon manat krediti faktiki kim almışdır?
3. X.Bəşirovu ölkədən çıxaran və onun “Global Construction” şirkətini uzun illər işlədən, son nəticədə dəÿözÿşəxsi mənafeyi naminə xeyli sayda insanı həyatdan məhrum edən şəxs kimdir?


