Aydın Əliyev “Azadlıq”ın məlumatını təsdiqlədi

Gömrük sədri Naxçıvana kvotadan artıq yanacaq daşındığını bəyan etdi

Dövlət Gömrük Komitəsində Iran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına dizel yanacağı daşınması ilə bağlı yaranan problem araşdırılır.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS-ə deyib ki, Naxçıvana aparılan dizel yanacağının həcmi kvotalara uyğunlaşdırılmalıdır.
“Hər il Naxçıvana dizel və digər yanacaqlar üzrə müəyyən kvota ayrılır. Naxçıvana dizel yanacağının daşınması həmin kvota çərçivəsində həyata keçirilməlidir. Indi bu kvotadan dəfələrlə artıq yanacaq aparılır və Naxçıvanda buna tələbat yoxdursa, onda bu yanacaq hara istifadə olunur? Bu məsələlər indi araşdırılmaq üzrədir”, – deyə A. Əliyev qeyd edib.
“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, Naxçıvana yanacağın daşınmasına qoyulan qadağa əslində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycan Dövlət Neft Şirkətinin(ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında baş qaldıran ziddiyyətlərdən doğur. Gömrükdə sürücülərə də açıq şəkildə bildirilib ki, yanacaq SOCAR-dan alındığına görə buraxılmır. Həmçinin qeyd etmişdik ki, Kəmaləddin Heydərov “yuxarıları” inandıra bilib ki, Naxçıvana kvotadan artıq yanacaq daşınır ki, bu da qaranlıq məqsədlərə sərf olunur.
Aydın Əliyevin ANS-ə açıqlaması da “Azadlıq”ın bu yazdıqlarının əsassız olmadığını göstərir.

İnformasiya şöbəsi