Yazıma Binəqədi rayonu icra hakimiyyətinin başçısı Xaləddin Isgəndərovun yanğından sonra verdiyi müsahibədən nöqtəsinə – vergülünə dəymədən götürdüyüm bir sitatla başlamaq istəyirəm. Buyurun, “Bina da, dünya malı da… hamısı gəldi-gedərdi. Amma o insanların ölümü böyük faciədir”.
Icra başçısınından gətirdiyim sitatın birinci cümləsinə diqqət edin. X. Isgəndərov yəqin ki, Əliyev iqtidarı dövründə gəlmiş-keçmiş 200-ə qədər icra başçılarının arasında dünya malına münasibəti bu formada etiraf edən ilk icra başçısı kimi tarixə düşəcək. Əgər oxuculardan kimsə əksini sübut etməyə çalışmağa qalxarsa, bəri başdan xəbərdarlıq edirəm, əziyyətiniz hədər gedəcək. Internetdə icra başçısı yazan kimi, bazar, söküntü, ah-nalə, qarğış, tamah və əlbəttə ki, buldozer kimi trend ifadələrindən başqa heç nə tapmayacaqsınız.
Xaləddin Isgəndərov yanğın zamanı daha bir “rekord”a imza atdı. Biz yanğın yerindən çəkilən video və fotoreportajlarda Azərbaycanın ən kədərli icra başçısı etalonunu gördük… Müqayisə üçün qeyd edim ki, oxşar səhnələrin mahir ifaçısı, hər hərəkəti patomim dərsliyinə düşə biləcək Bakı meri Hacıbala Abutalıbov onunla müqayisədə 100 yaşlı qocanın yasına gəlmiş təsiri bağışlayırdı. Yaş özünü göstərir, Hacıbala müəllim, 10-15 il əvvəlki formada deyil, yorulub…
Yanğından sonra ölkədə kimin iqtidar-kimin müxalifət olması (!) da “şübhəli məsələ”yə oxşamağa başladı. Baş verənlər, qiyabi iqtidar-müxalifət dialoquna daha çox bənzəyirdi. Ölkə başçısı qanunsuz tikilən villaları sökdürəcəyinə, həddini aşmış, qanuna əməl etməyən məmurları cəzalandıracağına söz verdi. Xalq müxalifətdən eşitməyə adət etdiklərini prezidentdən eşitdi. Yeri gəlmişkən…
Deputat Siyavuş Novruzovun “Bəzi müxalif qüvvələr insanların faciəsinə sevinir” kimi növbəti uğursuz şantajını çıxmaq şərtilə müxalifətə bu dəfə “dəyib-dolaşan” olmadı. Biz YAP funkisonerlərinin bu mövzuda böhtanlarına artıq adət etmişik. Hazırda üfüqdə belə görünməyən gerçək iqtidar-müxalifət dialoqunu YAP özü üçün faciə hesab edir. Müxalifətə qıcığın səbəbi budur, “erməni dəyirmanı” deyilən bir şey yoxdur, erməni qarışığı olan məmurlar var.
Iqtidarın oxşar reveransı Quba və Ismayıllı hadisələrindən sonrakı vəziyyəti xatırladır. Hakimiyyət artıq üçüncü dəfədir ki, xalqa güzəştə gedir, dünənə qədər etimad etdiyi, qanunsuzluqlarına göz yumduğu məmurları bir qələmdə silir. Quba və Ismayıllı olaylarından fərqli olaraq, Binəqədi rayonunda baş verən faciənin səbəbkarlarını kənarda axtarmaq çox çətindir və iqtidar gözəl anlayır ki, belə bir şounun yeri yoxdur.
Istər Quba, istərsə Ismayıllı hadisələrindən sonra insanlar yaşam şərtlərinin yüngülləşdiriləcəyindən, məmur özbaşınalığının qismən də olsa qarşısının alınacağını düşünürdü.
Prezident Ilham Əliyev yanğın komissiyasının ilk iclasında yenə böyük vədlər verdi, ənənəvi olaraq, xalqın yaralı yerinə bir daha toxunaraq, məmur özbaşınalıqlarından danışdı. Bu hakimiyyəti dövründə onun oxşar mövzuda etdiyi üçüncü çıxışıdır.
Məsələnin tragikomikliyi ondadır ki, həmişə olduğu kimi, bu dəfə də məmurlar, daha döğrusu Ilham Əliyevin barmaq silkələdiyi komandası onun bu bəyanatını alqışlamaq üçün növbəyə durublar. Sual olunur, prezident kimi cəzalandıracaq?. Axı yuxarıda ərz etdik ki, bu nə Quba, nə də Ismayıllı hadisələridir ki, ortalıq sakitləşən kimi müxalifəti və sivil insanları tutub içəri salasan. Çox güman ki, ortalıq sakitləşənə qədər keyfiyyətsiz penoplast biznesində əli olanların həbsi davam edəcək.
Bütün bunlara baxmayaraq, faciə ortaya danılmaz gerçəkləri qoydu. Bir daha sübut olundu ki, hakimiyyət xalqla iplərin tam qopmasından çəkinir və hesab etmir ki, xalqın müqaviməti tamamilə qırılıb. Və bir daha sübut olundu ki, müxalifət xalqın faciəsindən nəinki sui-istifadə etmir, hətta mən deyərdim ki, iqtidara güzəşt edir.
Binəqədi faciəsi eyni zamanda hər kəsi düşündürən bir “ölkədə müxalifətdən başqa ”müxalifət" varmı?" məsələsinə də aydınlıq gətirdi. Xalq uzun fasilədən sonra narazılığını artıq passiv şəkildə olsa da, ifadə etməyə başlayıb. Bunu ciddiyə almamağın “topdağıtmaz” rejimlər üçün necə qurtardığına bir neçə il bundan əvvəl şahidlik etdik.
Xaosla müşaiyət olunan dəyişiklik isə, Azərbaycana lazım deyil…