CHP-lilər and içmədi; növbədənkənar seçkilər gündəmə gəlir
Türkiyədə siyasi vəziyyət yenidən gərginləşib. Daha doğrusu, gərginlik alovuna qətran tökülüb. Bu dəfə kəskin addımı ana müxalifət partiyası olan CHP atıb.
PKK-ya yaxınlığı ilə tanınan, kürdlərdən ibarət BDP-lilərin həbsdəki deputatların azadlığa buraxılması tələbilə Millət Məclisində and içməkdən imtinasından sonra CHP də eyni tələblə çıxış edib. CHP-nin belə addım atmasına səbəb isə bu partiyanın siyahısından seçilmiş iki millət vəkilinin də həbsdə olması və onların andiçmə mərasiminə qədər azadlığa buraxılmamasıdır.
CHP lideri Kamal Kılıçdaroğlu deyib ki, partiyasından olan millət vəkilləri parlamentin iclasına qatılacaqlar, amma and içmədikləri üçün komissiyalarda və digər strukturlarda vəzifə və yer almayacaqlar. CHP-dən and içən tək millət vəkili Oqtay Ekşinin həbsdə olan millət vəkillərinin hüquqlarının bərpası üçün qanunun qəbuluna dair təkliflə çıxış edəcəyi gözlənilir.
Kılıçdaroğlu bu mövzuya dair başqa bir açıqlamasında baş nazir Rəcəb Tayyib Ərdoğanı tənqid edib: “Biz 2002-də dedikmi AKP niyə özünə həbsdə olan birini sədr seçir?”
Bu ittihama cavab verən Rəcəb Tayyib Ərdoğan isə özünün vəziyyətinin başqa cür olduğunu deyib. Baş nazir cəzasını çəkdiyini və bundan sonra vəzifə başına gəldiyini vurğulayıb.
Baş vermiş gərginliyi aradan qaldırmaq üçün Kılıçdaroğlu və Cəmil Çiçək arasında planlaşdırılan görüş bu gün baş tuta bilər. Bu görüşdən sonra yaranmış vəziyyətdən çıxış yolu tapılmasa, gərginlik daha da artacaq.
Tədqiqatçı jurnalist Tarhan Ərdəm isə bu siyasətin CHP üçün ciddi fəsadlar yarada biləcəyini deyib. Jurnalist bildirib ki, AKP təkbaşına hökuməti qurandan sonra növbədənkənar seçkilərə gedə bilər. Bu zaman CHP üçün böyük siyasi zədə yarada bilər. Ekspert bildirib ki, CHP-də yeni bir azlıq qrup var və onlar partiyanın idarəçiliyində problemlər yaradırlar. Bu da ümumi siyasətə mənfi təsir edir.
Göründüyü kimi, növbəti riskli məsələlərdən biri də Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalıdır. Bütün bunlara baxmayaraq, gözlər 29 iyunda baş tutacaq AKP-MHP təmaslarına dikilib.
Turan