Yəni doğrudanmı fikirləşirlər ki, evi yananların, yanğında həlak olanların ailələrinə 15-20 min manat pul vermək və JEK müdirini tutmaqla bu dəhşətli cinayəti ört-basdır edəcəklər?
Dostlar, çox istərdim ki, bu videoya baxasınız. Bu bacarıqsızlığı, biganəliyi görün və əmin olun ki, bu milləti Allah saxlayır. Fövqəladə vəziyyətlərə heç bir hazırlığımız yoxdur! Bilirəm, hamınız düşünürsünüz ki, yanğın faciəsi haqda artıq hər şeyi bilirsiniz. Mənə də elə gəlirdi. Amma bu videoya baxandan sonra başa düşdüm ki, cinayətkarcasına səhlənkarlığın, yarıtmazlığın hansı miqyasda olduğunu bu videoya baxmadan təsəvvür etmək mümkün deyil. Ardını – mənim şərh və suallarımı yaxşı olar ki, videoya baxdıqdan sonra oxuyasınız.Əvvəla yanğın baş verəndən bu günə qədər ictimai diqqət daha çox Bakıda binaların tezalışan üzlüklərlə üzlənməsinə, bu cinayətin arxasında hansı vəzifəli şəxslərin dayanmasına cəmlənib. Əlbəttə, bu olduqca vacib məsələdir. Biz cəmiyyət olaraq bu bir milyard manatlıq cinayətin hansısa JEK müdirlərinin həbsi ilə ört – basdır edilməsinə imkan verməməliyik. Cinayətkar şəbəkənin hamılıqla məsuliyyət daşımasını tələb etməliyik. Amma bu bizə mane olmur ki, məsələnin digər tərəfini də diqqətdə saxlayaq.Bu videoya baxdıqca, bir daha təsdiq olunur ki, müharibə şəraitində olan ölkəmiz heç bir fövqəladə vəziyyətə hazır deyil. Baxmayaraq ki, bu sahəyə həddindən artıq çox vəsait xərclənir. İndiki sürət və yeni texnologiyalar əsrində bizim yanğınsöndürmə xidmətinin bacarıqsızlığı təəccüb doğurur. Bu videodan görünür ki, (baxmayaraq ki, videoçəkiliş yanğın başlayandan xeyli sonra başlayıb) yalnız çəkilişin 24-cü dəqiqəsində binaya ilk su vurulur. Mərkəzi prospektdə yerləşən binaya yanğınsöndürənlər niyə belə gec gəlib? Videodan görünür ki, binanın azı bir tərəfində yalnız bir yanğınsöndürən maşın işləyir. Kəmaləddin Heydərovun bəhs etdiyi 40 xüsusi texnika harada olub, hansı işi görüb? Siz onların fəaliyyətini bu videoda gördünüzmü? Yeganə yanğınsöndürən maşından yalnız 7 dəqiqə ərzində binaya su vurulur. Sonra su qurtarır və hamı yenidən binanın rahatca yanmasını seyr edir. Bu boyda komandada bir maşın suyun bir neçə dəqiqədən sonra qurtaracağını əvvəlcədən düşünməyə ağlı çatacaq bir nəfər yoxmu? Video 36 dəqiqə davam edir. Oradakı sadə insanlar helikopter deyə -deyə qalırlar. Helikopter gəlib çıxmır. Bakıya xidmət etməli olan yanğınsöndürən helikopterlər İranla sərhəddəmi saxlanılır? Niyə bu qədər vaxta gəlib çıxmadılar? Bilə – bilə ki, yanan 16 mərtəbəli binadır, niyə hündür kranlar dərhal gətirilmədi? Adam dəhşətə gəlir, bu qədər bacarıqsızlıqdan sonra, necə məsuliyyətsizcəsinə “tezalışan üzlüklərlə üzlənmiş hər binanın yaxınlığına bir yanğınsöndürən maşın qoyarıq” deyib, xalqın başının altına yastıq qoymaq olar? Ümumiyyətlə, bu dövlət komissiyası adlanan qurum nə işlə məşğuldur? Penoplast mafiyasının arxasındakı böyük güclər yenədəmi sudan quru çıxarılacaq? Hətta bu böyüklükdə faciədən sonra damı ölkə tam qanunsuzluq və anarxiya şəraitində idarə olunmaqda davam edəcək? Ölkənin gerçək fövqəladə vəziyyətlərə heç hazır olmadığı yenədəmi müzakirə mövzusu olmayacaq? İlham Əliyev özü bu kimi videolara baxırmı? Baxmayıbsa, mütləq baxsın! Yoxsa, özü şüurlu şəkildə icazə verir ki, onu aldatsınlar? Yəni doğrudanmı bu adamlar fikirləşir ki, evi yananların, yanğında həlak olanların ailələrinə 15-20 min manat pul vermək və JEK müdiri tutmaqla, cinayətkar idarəetmə sisteminin doğurduğu bu dəhşətli cinayəti ört – basdır edəcəklər?
Posted by Ali Karimli (Əli Kərimli) on Friday, May 22, 2015



