Miremil İbrahimlinin öldürülməsi ilə bağlı şok iddialar
Uşu-sanda üzrə Azərbaycan çempionu Miremil Ibrahimlinin qətli ilə bağlı şok məlumatlar əldə etmişik. Xatırladaq ki, Miremil Ibrahimli iyunun 18-də Mərdəkan qəsəbəsindəki məşhur “Tropikanka” çimərliyinin mövsümə açılış mərasimində qətlə yetirilib.
Rəsmi məlumatlarda bildirilir ki, dostları ilə “Tropikanka”ya istirahətə gələn çempion giriş haqqını ödəmək istəməyib. Bu isə mühafizəçilərlə mübahisə yaranmasına səbəb olub. Mühafizəçilərdən biri – Bakı sakini Çingiz Allahverdiyev silaha əl atıb. O, tapança ilə Miremil Ibrahimlinin ayağından iki, başından isə bir güllə vurub. Sonra silahı ataraq qaçıb. Çempion ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Çingiz Allahverdiyev isə Xəzər rayon Polis Idarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən tutulub.
Dünən əldə etdiyimiz məlumatlarda iddia olunur ki, Miremil Ibrahimli daxili işlər naziri Ramil Usubovun kürəkəni Kamran Xankişiyevin qeyri-rəsmi mühafizəçisi olub. Elə bu səbəbdən də onun Kamran Xankişiyevlə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov arasında bir müddət əvvəl baş verən qanlı insidentin iştirakçılarından biri olduğu iddia olunur. Məlumatlarda bildirilir ki, Miremil Ibrahimli “Tropikanka”ya gedərkən Robert Əyyubovun da orada olduğu onun diqqətinə çatdırılıb. Lakin çempion buna əhəmiyyət verməyib. Doğrudur, məlumatlarda Miremil Ibrahimlinin birmənalı şəkildə Kamran Xankişiyev-Robert Əyyubov qarşıdurmasının qurbanı olduğu iddia edilmir. Amma onun giriş haqqını ödəmədiyinə görə öldürüldüyü qəti şəkildə təkzib olunur. Doğrudan da sıradan bir şəxs olmayan Miremil Ibrahimlinin sadəcə giriş haqqını ödəmədiyinə görə qətlə yetirildiyi inandırıcı görünmür. Yeri gəlmişkən, məlumatlarda bildirilir ki, “Tropikanka” Istirahət Mərkəzi sənaye və energetika naziri Natiq Əliyevin oğlunun himayəsində olan obyektlərdən biridir. Qətl hadisəsinin adi pul mübahisəsinə bağlanmasının bir səbəbi də budur. Yəni, Natiq Əliyev dilə-dişə düşmək istəməyib.
Məlumatlara görə, Miremil Ibrahimlinin valideynləri daxili işlər naziri Ramil Usubovun qəbulunda olublar. Onlar övladlarının qətli ilə bağlı rəsmi məlumatları rədd ediblər və nazirdən bu məsələni ciddi şəkildə araşdırıb əsl təqsirkarı cəzalandırmağı xahiş ediblər. Lakin Ramil Usubovdan qanedici cavab almayıblar.
İnformasiya şöbəsi