Bəxtiyar Sadıqov isə baş verənləri «sensasiya» adlandırır
Bakıda baş verən yanğın bütün məsələləri ikinci plana keçirdi. Hələ bu yanğının ağrı-acısı uzun müddət bizi təqib edəcək. Günlərdi hamı bu hadəsədən danışır, yazır, müzakirə açır və s. Təbii ki, bu miqyaslı bir hadisədən sonra başqa mövzu gündəmə çevrilə bilməzdi. Əlbəttə ki, faciəli yanğının səbəbləri məlum oldu və məsuliyyət daşıyanlar bəllidir.
Amma bu miqyasda faciə hökumət mətbuatını təsirləndirə bilmədi. Imkan tapan kimi “Azadlıq” qəzetini “ermənipərəst”likdə ittiham edən “Yeni Azərbaycan”, “Azərbaycan” qəzetləri bir dənə də olsun tənqidi məqalə, araşdırma yazısı dərc etmədi. Yalnız prezidentin müşavirəsi, hansısa məmurun hadisə yerinə getməsi, dövlətin bu məsələdə qətiyyətli mövqe sərgiləməsi kimi yazılar tirajlandı. Yəni bu hadisədən də hakimiyyətin təbliğatını aparmaq, mədhiyyələr söyləmək üçün isitfadə etdilər.
Xatırlayırsıza, “Azadlıq” qəzeti “Lamiyə olayı”ndan yazanda “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bizi ittiham etmişdi və sifarişli yazılar yazmaqda qınamışdı. Hətta bizi vətənpərvərliyə də səsləmişdi. Amma 15 insan ölümü ilə nəticələnmiş, məmur özbaşınalığı səbəbindən baş vermiş bir hadisə qarşısında susmağa üstünlük verib. Bəxtiyar Sadıqovun yanğınla bağlı münasibəti də “şedevr” olub: “Biz sensasiya qəzeti olmadığımız üçün mayın 19-da baş verən yanğını mayın 20-də çıxan nömrəmizdə dərc etmədik. Biz jurnalistikanın prinsiplərinə sadiqik. Ona görə də gözlədik, hadisələr araşdırıldı, ondan sonra kifayət qədər material verdik.ÿBiz qulağımızla yazmırıq, bizim üçün sensasiya önəmli deyil, sosial şəbəkələr kimi eşitdiyimizi yazmırıq. Heç hadisə yerinə müxbir də göndərməmişik”- deyə Bəxtiyar Sadıqov bildirib.
Deməli, ölkədə bu boyda faciə baş verir və millətə vəkillik edən redaktor bu hadisəni “sensasiya” kimi qiymətləndirir. Faktiki olaraq bina yanıb, insanlar həyatını itirib və yanğının görüntüləri, fotoları yayılıb. Bəxtiyar Sadıqov isə jurnalsitikanın “prinsiplərinə” sadiq olduğu üçün, hadisə yerinə müxbir göndərməyə də ehtiyac duymayıb. Amma həmin vaxt Ilham Əliyev qəzet köşkünün açılışını etsəydi, “Azərbaycan” qəzeti bütün heyəti ilə hadisə yerində olardı. Necə olur ki, müxalifətə qarşı kampaniya aparanda, “Azadlıq” qəzetini ermənilərlə iş birliyində ittiham edəndə araşdırmağa ehtiyac duyulmur, amma korrupsiyanın yaratdığı yanğından yazanda jurnalist prinsipləri yada düşür? Bu da millət vəkilinin analoqsuz münasibəti.
Bundan böyük faciə varmı? Heç olmasa belə məsələlərdə günahkarların üzərinə yürümək cəsarəti göstərin. Bu ölüm maşınına çevrilmiş sintetik üzlüklərə müsbət rəy verənlər də, nəzarətdə saxlayanlar da, bu işdən külli miqdarda pul qazananlar da məlumdur. Bu “vətənpərvər” qəzetlər isə israrla müsbət məqamlar axtarışına çıxıblar. Məsələnin mahiyyəti kənarda qalıb, prezidentin vədlərini “xırdalamağa” girişiblər.
Çünki, bu qəzetlər üçün vətəndaşın vəziyyəti, büdcənin talan edilməsi deyil, öz maraqlarını təmin etmək önəmlidir. Kimin sifarişlə yazı yazması, kimin milli maraqlara xidmət etməsi belə məqamlarda bir daha sübuta yetirilir. Qəzet, qəzet rəhbərliyi müstəqil olmayanda, günahkarların adını çəkmək də çətin olur.
Həqiqətləri yaza bilmirsiniz, heç olmasa günahkarları müdəfiə etməkdən çəkinin. Heç olmasa həqiqətləri yazanlara iftira atmaqdan əl çəkin.
Bu ölkə bütünlüklə od tutub yansa, bu qəzetlər yenə də analoqsuz inkişafdan dəm vuracaqlar. Bəli, heç bir faciə, insan itkisi bu “vətənpərvərlik” saçan qəzetlərin mədhiyyə ənənəsini ikinci plana keçirə bilmir.
Əsas olan qəzetin adını “Azərbaycan”, “Yeni Azərbaycan” qoymaq deyil, əsas olan Azərbaycanı yanğından xilas etmək üçün bu alovun üzərinə su tökə bilməkdir.
Bir sözlə, Azərbaycanın alova büründüyü bir vaxtda, bu “qəzet”lər Avropa Oyunlarının məşəlindən yapışdılar.
Azad
P.S Lütfən, bu yazını oxuyandan sonra yanğınla bağlı hansısa yazınızı gözümüzə soxmağa çalışmayın. Bizim nə demək istədiyimizi yaxşı bilirsiz. Dərinə gedib özünüzü daha çox yandırmayın.


