ABŞ Kazan görüşünün nəticəsindən məyus olub

Fransa isə danışıqları davam etdirmək üçün tərəflərə hər cür kömək göstərəcəyini bildirir

 

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirdikləri görüşün nəticəsiz bitməsindən məyus olub. Bu barədə mətbuat brifinqində ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib.
Mətbuat katibi xatırladıb ki, Kazanda prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas prinsiplərə dair keçirilən görüşdə razılığa gələ bilməyiblər. Buna baxmayaraq, onlar qəbul etdikləri birgə bəyanatda qeyd ediblər ki, əsas prinsiplər üzərində işləri davam etdirəcək, gələcəkdə yenidən görüşəcəklər: “Amma demək istəyirəm ki, bu görüşün nəticəsi məyusluq doğurur”.

 

Fransa isə belə hesab edir ki, Kazan görüşünün nəticəsi önəmsiz deyil. Fransa XİN-in rəsmi saytında yer alan bəyanatda qeyd olunub ki, rəsmi Paris ATƏT-in Minsk qrupundakı tərəfdaşları olan ABŞ və Rusiya ilə birgə Qarabağ danışıqlarını davam etdirmək üçün tərəflərə hər cür kömək göstərəcək.
Bəyanatda həmçinin həmsədrlərin yaxınlarda Bakı, İrəvan və Xankəndinə səfər edəcəyi bildirilir.