Cəhənnəm tonqalı

Bakıda bir bina yandı. Amma yanan təkcə bir binamı? Yox, yanan bütün Azərbaycandır. Yanan yaşayış binalarının üzərinə o plastik örtükləri döşəyib bundan milyonlar qazananların insanlığı və vicdanıdır. Əslində düz 23 ildir ki, o yanğının tüstüsü asta-asta süzülürdü, edilən hər adalətsizlikdən, haqqı yeyilən hər insanın naləsindən, nahaqdan həbs olunanların üsyanından, edilən zülmə dözən xalqın səbrindən qalanmış tonqalın alovlarını dünən gördük.
23 ildir Azərbaycanı idarə edənlərin vicdanlarının tonqalında 16 insan həyatını itirdi. Amma bu statistika  Azərbaycanda qalanan inkivizisiya tonqalının yanında çox sönükdür. Ona görə də biz bu yanğına çox heyrətlənmədik, çünki qalanan o tonqalın istisi bizi asta-asta qarsıdırdı əslində… Məşhur “Axırıncı aşırım” filmində Kərbalayının dediyi kimi, illərdir ki, bizim torpağımız aldılar, dinmədik, namusumuzu, ləyaqətimiz, heysiyyatımızı, əxlaq və dəyərlərimizi tapdaladırlar, yenə dinmədik, evlərimizi sökdülər, səsimizi çıxarmadıq. Məmləkətimizi taladılar, susduq. Indi də evlərimizdə bizi diri-diri yandırırlar.
Iqtidar vətəndaşın yaşadığı evini soyuqqanlı şəkildə onun məzarına çevirib. Bu məzarlardan kimlər milyonlar qazanıb, indi o binada diri-diri yanıb can verənlərin qanı, canı bahasına alınmış evlərdə, villalarda kim bilir hansı harınlar rahat həyat sürür?! Kim bilir hansı məmur balası yanan binada ölən körpələrin acısı, yarımçıq qalmış həyatı üzərində bahalı maşın sürür?! 
Bilirsinizmi, körpəsini itirən, üzü yanmış qadınların yaşadıqları acının üzərində neçə məmur öz arvadı, sevgilisinə bahalı zinət əşyaları, ev, maşın alıb? O binada üzü yanmış qadınlar sabah utana-utana gəzəndə, üzünü gizlətməyə çalışnda, həmin o özünü dünyanın üstünə qoyan, mənəviyyatı və əxlaqı boş olan sevgililər və arvadlar onlara üstdən aşağı baxıb eqolarını qidalandırcaqlar, hələ üstəlik, üzündəki izləri ikrahla süzüb keçəcəklər.
Insanlıq nağılı da uydurmayaq, o harın məmurların yanında yer alan qadınlardan birinin vicdanının ağrıyacağını, insanların acısı üzərindən əldə etdiyi rahat həyatdan imtina edəcəyini də gözləməyin.
Çünki burda Hüqonun nə şamdanları oğurlanan Yepiskopu var, nə də dilənçi uşağın bilmədən ayağının altına düşən puluna görə əzab çəkən Jan Valjanı… Heç burda öz peşəsinə kor-korənə və bildiyi kimi vicdanla sadiq olan Javer də yoxdur. 
Bura Tenardyelər ölkəsidir! Miskin və acgözlər, amma qalstuklu, özünü elitar sayan Tenardyelərin… Mahiyyətdə kiçik, zahirdəsə oğurladığı milyardlar hesabına böyük görürən Tenardyelərin ölkəsi…
Və keçən gün həmin o acgöz, heç bir insani diyğusu olmayan Tenardyelərin ölkədə törətdiyi cinayət bütün Bakını silkələdi. Ürəyimiz yandı, amma inanın, o binanı məzara çevirənlərin tükü belə tərpənmədi. Bəlkə, biz bu səhər hansısa məmurun infakt keçirdiyini, ya da bu işdə məsul olan birinin istefa veriyini görüb eşitdik?
Yox, gözləməyin, o yanan binanın içində qalıb diri-diri yanan körpələrin ahı onların itmiş vicdanını ağrıda bilməz, zatən o vicdan var olsaydı, canlı, diri insanlara belə asanlıqla və rahatlıqla məzar qazmazdılar. Süni inkişaf nağıllarında əcinnə və div rolunu rahatlıqla oynayan, heç bir əzab çəkmədn 9 milyonluq bir xalqa yaşadığı ölkəni cəhənnəmə çevirənlərin vicdanına xitab etməyi buraxın artıq… Onlar acılarınızı anlamayacaq, çünki, siz onların maraq dairəsinə daxil deyilsiniz. Deyilsinizsə, onlar sizin acılarınızı, əzabınızı hiss edib dəyərləndirəcək də deyillər. Inanın, biz özünü bir şey zənn edən harın məmurların gözündə sadəcə “qara camaat”ıq, bu qədər…
Bu haqqı da biz onlara vermişik. Öz susqunluğumuzla, biganəliyimizlə, qorxumuzla və ələbaxan olmağımızla… Zənn edirik yaşadıqlarımız qismətimizdir, amma deyil. Bütün bunlar Tanrının bizə yazdıqları deyil, bu iqtidarın yaratdığı çərxi-fələkdir.
Bizim taleyimizi artıq uzun illərdir ki, Tanrı deyil, iqtidar yazır.
Bizi insan yerinə qoymayanda bir gün evimizin içində diri-diri yandırılacağımızı gözə almalıydıq. 
Haqqımız yeyiləndə, ayaq altında əziləndə, ən adi insani  haqlardan məhrum ediləndə və ən başlıcası, biz buna susanda bir gün bütün bunların olacağını bilməliydik. 
Bu gün sözün həqiqi mənasında Azərbaycanda zülm ərşə dayanıb. Amma nə yazıq ki biz, xalq olaraq hələ zülmdən doymamışıq. 
Biz susduqca, içimizdə özümüzdən böyük qorxu yaratdıqca, yaşananlardan qaçmaq olmayacaq. Axı əslində, binanın yanması da elə birdən baş vermədi. Illərdir bu ölkədə insanların evini söküb onları bayıra atmırdılarmı? Illərdir ki, hansısa məmur istədiyi yerdən, istədiyi vaxtda vətəndaşı didərgin salmırdımı? Indi də hansısa acgöz və harın məmurun pul qazanmaq sevdası 16 insanımızın həyatını yarımçıq kəsdi. O yanğın sadəcə, bu ölkədə uzun illər baş alıb gedən harınlığın uzantısıdır və susmağa davam etsək, hələ axırıncısı da olmayacaq.
Dünən əsgərlərimiz, atalar, analar ölürdü, indi artıq körpələrimizə keçiblər. Onsuz da bu ölkədə insanların gələcəyi, ümidləri, arzularını yandırmışdınız, gözünüz doymadımı? 
Və inanın, yanan bina bu iqtidarın acgözlük və harınlığının əsəri idisə, bu iqtidar da bizim xalq olaraq susqunluğumuzun əsəridir.