Ilham Əliyevdən küsmək olarmı?

«Müasir, sivil, demokratik ölkədə bir qrup insan uzun müddət bu qədər kobud özbaşınalığı davam etdirə bilməz»

Qəribə və üzücü durum yaranıb. Tanınmış yazıçı Rüstəm Ibrahimbəyov “Bizim yol” qəzetindəki açıqlamasında bildirib ki, bundan sonra Azərbaycan mətbuatına müsahibə verməyəcək. Səbəb – onun danışdıqlarının heç bir nəticə verməməsidir. Ötən aylarda Rüstəm bəy dövlət başçısına açıq məktubla müraciət etmişdi və (mənim fikrimcə) son dərəcə təbii olaraq heç bir reaksiya görməmişdi. Çünki bu hakimiyyət üçün onlara aid ən xırda tənqidi dilə gətirmək cinayətə bərabərdi – o xırda tənqidin böyründə istəyirsən Allahın tərifini ver bunlara. Məqbul deyil.

Məktubda, tanınmış yazıçı, dramaturq və kinorejissor (bunları tərəflərin müqayisəsi üçün qəsdən sadalayıram) yazmışdı ki, mətbuata verdiyi bir müsahibədən sonra (bu məqama xüsusi diqqət etməli – “bir müsahibədən sonra” – red.) rəhbərlik etdiyi Kinematoqrafçılar Ittifaqının bütün maliyyə qaynaqları əlindən alınır: “Bu gün həmin yüksək vəzifəli məmurlar respublikadakı ideoloji vəziyyətə təsir göstərməklə köhnə sovet metodları ilə hərəkət edirlər, yəni onların demokratik baxışlardan uzaq olan fikirləri ilə üst-üstə düşməyən istənilən fikri boğurlar. Və bu da fəal çalışan yaradıcı təşkilatın çətin vəziyyətə düşməsinə səbəb oldu”.

Dünya şöhrətli yazar daha sonra “Azərbaycan” kinoteatrının özəlləşdirilməsi adı altında Dövlət Əmlak Komitəsinin onları bu yeri icarəyə götürmək hüququndan məhrum etməsindən, sonra dövlətin “Şərq-Qərb” festivalına verdiyi dəstəyi boynundan atmasından, Kinematoqrafçılar Ittifaqının Bayıldakı torpağının qanunsuz zəbt olunmasından (bu haqda yazar dövlət başçısına dəfələrlə müraciət etdiyini qeyd edir – red.) yazır, işə məhkəmələrdə baxıldığını bildirib, əlavə eləyir: “Əfsuslar, hamıya məlumdur ki, hakimlər itaətkarlıqla ”yuxarıların” göstərişlərini yerinə yetirirlər. Odur ki, özəl mülkiyyətin dövlət idarələri tərəfindən zəbt olunması ilə bağlı başqa hallarda olduğu kimi, bizim də işimiz üzrə qərarlar bizim torpağa heç bir hüquqi sahibliyi olmayan neft şirkətinin xeyrinə qəbul olunur”.

Məktubun hələ bura qədər olan hissəsi indiki rejimin mahiyyətini tam açır, bunun rəsmini çəkən hörmətli Rüstəm bəy təbii ki, gerçəkliyi bizlərdən pis bilmir, ancaq ardınca belə bir fikir gəlir: “Amma yaxın zamanda vəziyyətimizin yaxşılaşacağı ilə bağlı ümidlərimi itirmirəm. Müasir, sivil, demokratik ölkədə bir qrup insan uzun müddət bu qədər kobud özbaşınalığı davam etdirə bilməz”.

Əslində, mən heç də Rüstəm bəyin “vəziyyətin yaxşılaşacağına ümidini itirmədiyinə” inanmıram. Durumu bizlərdən bəlkə də qat-qat dəqiq dəyərləndirə bilən yazıçı bu məsələdə, bu məqamda bu qədər ümidli ola bilməz. YAP hakimiyyəti ümidli olmaq üçün insana hansısa əsas verəcək dərəcədə kövrək deyil. Məncə, bu məktubu, bundan başqa müraciətləri də Rüstəm bəy ona görə yazmayıb ki, onun zərrəcə ümidi olub. Sadəcə, bu tip müraciətlər həm “onlarla” onların öz dilində danışmaq fəndidi, həm də belə şeylər tarix üçün icra edilir.

Eyni formatlı açıq məktubu bu yaxınlarda “Azadlıq” qəzetinin reportyoru, gənc ziyalı, keçmiş döyüşçü Natiq Güləhmədoğlu da yazmışdı. Onun dərdi lap xırda idi. Qızına məktəbə qəbul olunması üçün gərəkən “yaşayış yerindən arayış”ı vermirdilər. Nəticə yaxşı oldu – Ədilovlar ailəsi kirayədə qaldığı mənzildən belə, bayıra atıldı. Ona dedilər – bu ölkədə hakimiyyətə yarınmayan, boyun əyməyən adamlara nəinki yaşayış yerindən arayış, heç kirayədə yaşamaq üçün imkan da vermək fikrimiz yoxdu. Eynən Rüstəm bəyin açıq məktubunda Ilham Əliyevə yazdığı kimi: “(…) mətbuata verdiyi bir müsahibədən sonra (…)”. 
Müsahibələrinin birində Rüstəm Ibrahimbəyov dövlət başçısı kimi Ilham Əliyevə alternativ görmədiyini demişdi, eyni zamanda da 2008-ci ildə prezidentlik müddətinə məhdudiyyətin ləğvinin əleyhinə olmuşdu. Burda da iki məqam var – biri bayaq dediyim kimi, hər kəslə onun anladığı dildə danışmaqla xeyirli bir işə nail olmaq fəndi və vicdanı korşaltmamaq. Onların isə tələbi yek və son dərəcə aydındı – həm onlarla onların xoşladığı dildə danışacaq, həm vicdanı arxivə yollayacaq və ya qeyri-müəyyən müddətə donduracaqsan. Bu isə dəyəri neçə-neçə prezidentdən yuxarı olan Rüstəm Ibrahimbəyov kimi ziyalı üçün məqbul bir şey deyil – bunu faktlar da göstərir. Ancaq faktlar onu da göstərir ki, bunlarla ikili yola getmək mümkün deyil: – Ya bizdənsən, ya düşmən…

Bir daha təkrar yazıram: Rüstəm Ibrahimbəyovun, Əkrəm Əylislinin və başqa bir neçə iri ranqlı ziyalının sözünün eşidilməməsi qayət təbii haldır. Bu rejim elm-mədəniyyət adamlarının rejimi deyil ki, onların sözünü eşidən ola. Bu quruluşda sözü eşidilənləri kim tanımır ki! Adlarını saymağı belə, sinirə bilmədidiyim korrupsioner, rüşvətxor, oliqarx nazirlər, iri dövlət məmurları, satqınlar, xəyanətkarlar, paradan-puldan başqa allahı olmayan haramzadaların sözünün keçdiyi toplumda ziyalının sözü keçsəydi, bax bu, çox təəccüblü olardı və sözü keçən, hörmət edilən elələri varsa da, demək, elə ağsaqqal yazıçımız Əkrəm Əylislinin dediyi kimidi: “Hakimiyyət ziyalıları siyasi sədaqətinə görə seçir”. Siyasi sədaqət ifadəsinin yerinə mən sadəcə, “mənəviyyatsız” kəlməsini qoyardım. Çünki siyasi xətti olmayanlara siyasi sədaqət göstərmək də mümkün deyil. Sadəcə, mənəviyyatsız olacaqsan, susacaqsan və yalmanmağın qarşılığında qənşərinə atılan yaldan dada-dada ruhunu çürüdəcəksən.

Yazımın ilk cümləsində “qəribə və üzücü durum yaranıb” yazanda isə Rüstəm bəyin küsməsini nəzərdə tuturdum. Köşələrimin birində tanınmış yaradıcı-elm adamlarının xalq yolunda borcunun olub-olmaması kimi mübahisəli məsələyə toxunmuşdum. Yenidən fikirlərimi təkrarlamaq istəmirəm. Yekun qənaətim bu idi ki, Azərbaycan tipli toplumlarda ictimai məsələlərdə yaradıcı adam birmənalı olaraq mövqe sərgiləməli, ya yaradıcılığı, ya da şəxsi fəaliyyəti ilə həqiqətin yanında olmalıdır. Təbii ki, küsmək hər bir fərd kimi ziyalının da haqqıdı. Lakin kimdən küsmək məsələsi var! Və elə Rüstəm bəyin öz cümləsini sitat gətirəndə (“Müasir, sivil, demokratik ölkədə bir qrup insan uzun müddət bu qədər kobud özbaşınalığı davam etdirə bilməz”) qarşımıza bir sual çıxır: Ziyalısı ummağa dəyməyən bir idarəçilikdən küsüb kənara çəkilərsə, “müasir, sivil, demokratik ölkədə bir qrup insan nəinki uzun müddət bu qədər kobud özbaşınalığı davam etdirəcək, dirənişin sıfıra endiyini görüb, daha da azğınlaşacaq və bütün sivil dəyərləri zibilə çevirəcəklər.

Əlbəttə, toplum daim yeniləşir, yetkinləşir, ağsaqqal ziyalıları yeniləri əvəzləyir, dirənişi tükənməyə qoymurlar. Lakin yaxşı olardı ki, mədəni aləmdə avtoritet sayılan ziyalılar susmasın, küsməsin, özlərindən sonra gələn nəslin yanında olsunlar – heç olmasa onların yanında olduqlarını bəyan eləməklə. Heç olmasa gənclərdən küsməsinlər…
Ümumiyyətlə, bir mahnıda deyildiyi kimi, “heç küsməyin yeridirmi?”. Həm də kimdən və nə vaxt…