Zaqatalada silah-sursat aşkarlandı

Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı çərçivəsində Zaqatala  rayonunda xeyli sayda silah-sursat aşkarlanıb.
 
Hüquq-mühafizə orqanlarından  APA-nın  Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “Sərhəd-Sipər” əməliyyatı ilə əlaqədar rayon ərazisində 4 yerdə post qurulub, bu gün keçirilən tədbir nəticəsində xeyli sayda silah-sursat aşkarlanıb. 
 
Belə ki,  rayonun Aşağı Tala kənd inzibati ərazisində kolluq sahədə 1 ədəd avtomat Kalaşnikov silahı, 1 ədəd avtomat silahının sandıqçası,  1 ədəd 16 çaplı t ov tüfəngi, 1 ədəd F-1 əl qumbarası, 30 ədəd  “Makarov” tapancasının gülləsi  və 30 ədəd 7,62 çaplı avtomat silahının gülləsi  aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən,  mayın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər”  şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. Əməliyyatın keçirilməsində əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.