Kazan görüşünün iflasa uğraması bir daha sübut etdi ki, Azərbaycanda avtoritar rejimin əvəzinə insan haqlarının qorunduğu, ədalət məhkəməsinin qarant olduğu bir siyasi sistem qurulsaydı, vəziyyət tamamilə fərqli olacaqdı. Onda ermənilərin qabağında daha güclü, daha varlı, eyni zamanda yaşamağa hər cəhətdən sərfəli olan, qanunların işlədiyi və haqların qorunduğu demokratik Azərbaycan duracaqdı.
Məhz Kazan görüşü ərəfəsində hamıya aydın oldu ki, Azərbaycanın nisbətən böyük resurslara sahib olması arqumentdir, lakin bu hələ də qarşı tərəfi nə ciddi şəkildə qorxuya salacaq, nə də həvəsləndirəcək dərəcədə böyük üstünlük deyil. Axı hamı gözəl bilir ki, Azərbaycan Ermənistana nisbətən varlı olsa da, elə də zəngin, inkişaf etmiş, sabit perspektivi olan iqtisadiyyata sahib bir ölkə deyil. Azərbaycanın bu sahədə üstünlüyü həlledici üstünlük deyil. Neft pullarının bolluğu onu köklü inkişafa gətirməyib, əhalinin rifahlı yaşayışını təmin etməyib. Azərbaycan həsəd aparılacaq ölkə deyil, o, sadəcə Ermənistandan bir az pullu ölkədir. Buna baxmayaraq, onun da dərdləri başından aşır, əhalisinin gözü yad ölkələrdəki həyatdadır, güclü topluma sahib deyil, qanunsuzluğun, özbaşınalığın, korrupsiyanın caynağında inildəyir. Dünyanın gözündə isə avtoritar bir ölkədir…
Odur ki, indi Azərbaycanın varlı olmasını, güclü olmasını üstünlük kimi dilə gətirən Ilham Əliyev məhz bu üstünlüyün gerçək və həlledici üstünlük olmamasına görə günahkardır…
Azərbaycan demokratiya yolu ilə getsəydi, çox güclü və çox cəlbedici olardı. Güclü olması erməniləri narahat edəcəkdi, cəlbedici olması onları Azərbaycanın tərkibində yaşamağa ümidləndirəcəkdi. 80 min erməni bu gün ən böyük düşmən saydığı bir ölkəyə – Türkiyəyə işləməyə gedib. Onlar arasında Qarabağ erməniləri də var. Almaniyadan Ermənistana deportasiya olunacağı üçün intihar edən Qarabağ ermənisi Xurşudyan, ölümündən qabaq yazmışdı: “Uşaqlarımın Ermənistan kimi bir ölkəyə getməməsi üçün intihar yolunu seçdim”.
Indi sual olunur: Eynən Almaniya qaydaları ilə həyat sürülən rifahlı bir Azərbaycanda yaşamağa Qarabağ ermənilər razı olmazdımı? Ilham Əliyev və onun təbliğatçıları açıq şəkildə ölkəmizlə Ermənistan arasında fərqin zaman keçdikcə böyüməsinə ümid edirlər. Amma indiki gedişlə bu fərq heç vaxt həlledici şəkildə böyüməyəcək. Çünki demokratiya olmadan bir ölkə köklü fərqə imza ata bilməz.
Kazan görüşünün iflasa uğraması bir daha göstərdi ki, demokratiya olmadıqca, Qarabağ münaqişəsinin həlli üçün bütün təşəbbüslər ciddi nəticə verməyəcək. Sülh təşəbbüsləri də, danışıqlar da, hətta müharibə hazırlıqları və düşmənçilik çağırışları da. Eyni ictimai bataqlıq qalacaq, bütün səylər kövrək nəticələrdən uzağa getməyəcək. Çünki bu cəmiyyətlər öz iradələrinə sahib deyillər, onların azad düşünmək və qərar vermək imkanları yoxdur. Üstəlik, münaqişəyə xüsusi marağını saxlayan Rusiyanın təsirində olan hakimiyyətlər hər iki ölkədə xalqları aldadır, onları yanlış istiqamətə kökləyir…Azərbaycana gəldikdə, bir daha əmin olmalıyıq, məhz insan haqlarının qorunduğu, mütərəqqi və güvənli topluma sahib olmaqla, nəticədə doğru sosial-iqtisadi inkişaf yolu seçməklə biz hədəfə yetə bilərik. Bu halda:
– Dövlətimiz və cəmiyyətimiz güclənəcək;
– Azərbaycan Qarabağ ermənilərinin yaşamağa asanlıqla etimad göstərəcəyi və hətta buna can atacağı bir ölkə olacaq;- Rusiyanın təsirindən qurtulacağıq;
– Dünya birliyinin əsl dəstəyini qazanacağıq.
Qarabağı sülh yolu ilə də, hətta hərb yolu ilə də almağın yolu budur. Üstəlik, bunlar Qarabağsız da bizə gərəkdir.