
Dunya Miyatoviç: “Tanınmış jurnalistlər, hüquq müdafiəçiləri fərqli fikrə görə Azərbaycanda həbsə atılıb”
Sabah Latviyanın paytaxtı Riqada “Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti başlayacaq. Bu gün isə Avropa Birliyi ilə əməkdaşlıq edən ölkələrdə mətbuatın vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Müzakirə zamanı Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks çıxış edib və Azərbaycanda bu sahədəki vəziyyətin acınacaqlı olduğunu bildirib: “İnsan haqlarının müdafiəsi baxımından söz, ifadə, media azadlığı ən təməl hüquqlardır. 2014-cu il media azadlığı baxımından pis il olub. Jurnalistlərin təhlükəsizliyi baxımından Ukraynada çox ağır hadisələr yaşanıb. Amma təkcə bu məsələlər deyil. Hökumətlər jurnalistlərə təzyiq edir, axtarış aparılır, bu sahədən getməyə məcbur edilir. KİV siyasi hadisələrin "peşka”sına" cevrilir. Ən həyəcanverici vəziyyət olan ölkələrdən biri Azərbaycandır. Burada çox pis hadisələr baş verir. Müstəqil jurnalistlər, bloggerler bir-birinin ardınca həbs edilir. Bu gün mənim Azərbaycandakı partnyorlarımın demək olar ki, hamısı həbsxanadadır. Avropa Şurası ölkəsində bu yolverilməzdir. Mən o məhkəmələrdə iştirak etmək istəyirdim. Həbsxanada Hilal Məmmədovla görüşdüm. Ona qarşı həm dövlətə xəyanət, həm cəsusluq, həm narkotika ittihamı irəli sürülüb. O deyir ki, mən eyni vaxtda həm cəsusluq edə, həm də narkotik ticareti ilə necə məşğul ola bilərdim?”-deyə Mujnieks bildirib.
ATƏT-in mətbuat üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də çıxış edib və Azərbaycanda həbsdə olan günahsız insanlardan danışıb: “Şərq Tərəfdaşlığı” ölkələrindən xüsusən 3-də media təhlükə altındadır. Bunlar Azərbaycan, Ermənistan və Belarusiyadır. Azərbaycanda tanınmış jurnalist Xədicə İsmayıl həbsdədir. Hüquq müdafiəçisi Emin Hüseynov İsveçrə səfirliyindən çıxa bilmir. Rəsul Cəfərov söz azadlığından istifadə etdiyinə görə qondarma ittihamlarla həbs olunub. Hər şeyi öz adı ilə çagırmalıyıq. Biz burada danışırıq, günahsız insanlar isə həbsdədir. Xarici işlər nazirləri ölkələrindəki vəziyyəti inkar edirlər. Avropa Birliyi belə ölkələrlə necə davranmaq məsələsinə diqqət etməlidir”-deyə Miyatoviç bildirilib.