Cabbar! – 7

Cabbar! Həbsxana divarlarının arxasını bilmirəm, bayır çox istidi, bürküdən nəfəs almaq olmur, amma mən üşüyürəm. Çünki bayırda isti var, sadəcə isti! Günəş isə yoxdu.

Ya da Günəş var, amma bizdən uzaqlarda var – hələ də onun azadlıq saçan şüaları, ədalət saçan şüaları gəlib buralara çatmır. Ona görə də hava istidir, di gəl üşüyür adam. Üzlərdəki soyuqluq, ürəklərdəki hüzn üşüdür onu, bu gözəlim məmləkətin sabahı ilə bağlı yarımçıq qalan xəyalları, yarıda kəsilən ümidləri üşüdür onu, ölkəni başına alıb gedən sevgisizlik, ruhsuzluq, duyğusuzluq, düşüncəsizlik üşüdür onu. Ölkənin başı üstündəki yalan buludları sıxlaşmağa başladıqca, dollar yağışları məmləkətdən hüququn izlərini yuyub apardıqca üşüyür…Irtica küləkləri demokratiya ağacını kökündən qoparıb yanı üstə yıxdıqca… Qəlbindəki azadlıq ehtirasını, hürriyyət eşqini monarxiya dolu kimi vurduqca üşüyür.
Üşüyür və büzüşüb oturur özü öz içində, titrəyir, əsir.

Çünki 18 ildir bu ölkədə yaz da, yay da sadəcə təbiətə gəlir, Cabbar, çünki 18 ildir bu ölkənin insanlarının içində həmişə qışdır, soyuqdur, şaxta qılınc kimi kəsir.

Hardadır hər səhər yuxudan durduqda pəncərə önünə qaçıb hava işıqlandımı deyə həsrətlə, həyəcanla bayıra baxdığımız günlər, Cabbar! Keçmişdə qaldı, mənasını itirdi. Çünki qaranlığa gömülən, aydınlanmayan bir ölkədə havanın işıqlanması təbiət hadisəsi olmaqdan başqa heç bir anlama gəlməz, heç nə ifadə etməz. Necə ki, 18 ildir bu ölkədə gecələrin qısalıb, gündüzlərin uzanması da ancaq və ancaq bir təbiət hadisəsidir, Cabbar, əslində isə 18 ildir bu ölkədə uzanan sadəcə, gecələrdir, qısalan, qısala-qısala yox olan da sadəcə, gündüzlər… Necə ki, 18 ildir bu ölkədə yayın gəlişi də ancaq və ancaq bir təbiət hadisəsidir, havaların qızması da bir təbiət hadisəsidir. Günəşin doğması da, batması da bir təbət hadisəsidir.

Əslində isə hər gün qış günüdür buralarda, Cabbar, hər gün yalnız gecədən ibarətdir. Çünki isti var, amma Günəş yoxdur. Hava işıqlıdır var, amma aydınlıq yoxdur.

Həbsxana divarlarının arxasını bilmirəm, amma bayırda üşüyür adam, Cabbar. Çölə çıxsan, əynini qalın geyin…Ilham Əliyev niyə təşəkkür edir?

Hər kəsin nəticəsiz bitəcəyini əvvəlcədən bildiyi, amma yenə də özünü bir nəticənin ola biləcəyinə inandırdığı Qazan görüşündən sonra Medvedev, Ilham Əliyev və Sərksiyan birgə bəyanat imzalayıblar. Bəyanatda Minsk qrupu həmsədrlərinə yağlı-buğlu təşəkkür edilib.Soruşmadan keçə bilmir adam: yaxşı, Sərkisyanı başa düşdük, deyək ki, o, Minsk qrupuna növbəti dəfə Qarabağı onlardan alıb gerçək sahibinə qaytarmadığı üçün təşəkkür edir. Bəs Ilham Əliyev niyə təşəkkür edib? Hələ də bu Minsk qrupunun Azərbaycanın bir millimetr torpağını geri qaytarmağa nail olmadığı üçünmü?Nə bilim vallah, bu adamdan nə desən çıxar…

Ayıbınıza kor olun artıq!

Bu günlərdə Azərbaycanda qəzetçiliyin, medianın nə qədər çirkin, ürəkbulandırıcı yerlərə gəldiyini, hakim iradəyə necə təslim olduğunu anlamaq adına önəmli bir hadisənin şahidi olduq. Adını müstəqil və müxalifyönümlü qoymuş qəzetlər, saytlar Ilham Əliyevin Brüsseldəki bayraq rüsvayçılığı haqqında xəbər vermədikləri halda, Avropa Ittifaqının üzrxahlığını, az qala manşet atdılar.

Rəzalətə baxın, sərsəmliyə baxın! Üzrxahlığa səbəb olan hadisə haqqında xəbər vermirsiniz, amma üzrxahlığı yayımlayırsınız. Oxucuya da, özünə də, məşğul olduğun işə də bundan böyük sayğısızlıq, hörmətsizlik, təhqir ola bilərmi?

Artıq biriləri ayıblarına kor olmalı, gedib özlərinə doğru-dürüst bir iş tapmalıdırlar. Gedib qoyun otarsınlar, təkər qaraltsınlar, kartof satsınlar. Düzdü, məsələn, kartof satmaq milli maraqları satmaq qədər gəlir gətirmir, amma heç olmasa, insan öz vicdanı qarşısında rahatdır.Yox, əgər onların, özlərini qarşısında rahat hiss edə biləcəkləri vicdanları da yoxdursa, mənim başqa sözüm qalmır, durmaq yox, rəzil olmağa davam!