“Hər yerdə ölüm tutar saatlar…”

Səadət Cahangir
 

Yenə qapqara tüstüsü ərşə dirənən qorxunc yanğından ölüm qoxusu yayıldı  paytaxtın havasına. Burnumuz da bu qoxulara alışıb deyəsən artıq. Daha bu şəhərin bütün yanıqlarından insan qoxusu gəlir. Yerdə, göydə, havada, suda ölüm kabusu dolaşır artıq. Amma ogünkü yanğının mənzərəsi daha dəhşətli idi. 16 mərtəbəli yanğının vahiməsini yaşamaq nədir, bilirmisiniz? Mən də bilmirəm. Xəyal etmək belə qorxuncdur. O yanğının ortasında, küncündə, ucunda çarəsiz qalıb  əli yerdən-göydən üzülən insanların gözlərini necə təsəvvür etmək olar? Hələ o əli yerdən-göydən üzülən insanların özlərini körpələri ilə bərabər göydən yerə atması? Bu ölümün qoxusunu burnunun ucunda hiss edən insanın ondan 3-4 saniyəlik uzaq qaçmaq istəyinə bənzəyir sanki… 
 
O səhər həmin 16 mərtəbəli binaya atəş düşəndə, güman ki, xeyli insan yuxuda olub. Ən azı uşaqlar və körpələr saat 11-ə kimi yatır o vaxtlarda. Elə insanların gec duyuq düşməsi və ölüm sayının çoxluğu da bu üzdən olub hər halda. Xəbəri səhər-səhər tədbir üçün toplaşdığımız BMM-nin qarşısında eşitdim. Sosial şəbəkələr ölüm mənzərəsindən “canlı yayın” videoları paylaşırdı. Və o qara dumanın içində özünü lap yuxarı mərtəbələrdən atan insanları görüncə nəfəsim kəsildi bir anda. Dəhşət filmlərindəki kimi cərəyan edirdi hər şey. Baxmaq gerçəkdən ürək istəyirdi. O atəşlərin içində körpələrini xilas etmək üçün bir damla suya belə ümid gözüylə baxan anaların halını düşündüm:
 
Ateşlerle uyandım
yangın her yeri sarar
gördüğüm acılarla
vurdum en dibe kadar…
 
Bu türk mahnısında deyildiyi kimi, bəzi acılar yaşanmadan bilinməz. Amma o acıları öz içində hiss edəcək qədər insan olmaq zor şey deyil, əslində. Sadəcə, bir anlığa özünü, övladını, doğmalarını orada od alıb tüstüsü təpəsindən çıxan insanların yerinə qoymaqla, nələr baş verdiyini anlamaq mümkün. Ancaq görünür anlamaq istəyən çox az. Ən pisi isə odur ki, məhz bu faciələri görməli adamlar gözlərini yumub, özlərini korluğa vurur hər dəfə. Bu korluq üzündən ölkəni tüstü dumanı örtüb gedir. Gedir və arxasınca sıra-sıra ölüm cığırları açılır. Bu ilin əvvəlindən baş verən bənzər insan ölümlərini xatırlayın. Ölkənin taleyi ölüm saatına qurulub, görmürsünüzmü?    
 
 
Her yerde ölüm tutar saatler
kan kusmuş yaralanmış şehirler
alışılan zamanla dokunmayan 
sıradan parçalanmış resimler… 
Bakı nə zamandır beləcə qan qusur. Günahsız, məsum insanların qanı tökülür hər gün bu şəhərin üstünə. Lakin o qan illərdir bu şəhərə qan udduran zalımları tutmalıydı, əslində. Nə bu şəhər, nə də o körpələr günah sahibi deyil yan-yörəmizdə baş verən qansızlıqlara görə. Birilərinin özbaşınalığı, birilərinin tamahı,  o birilərinin də vecsizliyi və susqunluğu üzündən məsumlar can verir bu şəhərdə.  İndi bu qədər parçalanmış uşaq rəsmlərini hara asacaq paytaxt Bakı? 
Bu qədim şəhərin yaddaşında ötənlərdən gülümsədən bir xatirə qaldımı görəsən? 
 
Bizim tələbəlik illərimizdə paytaxtın bir çox yerində küçə saatları vardı. O saatlar vaxtı tam dəqiqliyi ilə göstərirdi hər zaman. İndi onlar yoxdur. Burada vaxt da, hökm verənlər də, adi adamlar da dəyişib. Nə qədər süni bəzək-düzək vurulsa belə, ruhu ölmüş şəhərə bənzəyir Bakı. İnsanları da eləcə… Amma baş verən bütün bu faciələrin, dəhşətlərin ortasında heç nə olmayıbmış kimi susan və özünü yuxuluğa vurub fiziki mövcudluğunu qoruyan vecsizlərə bir şey demək istəyirəm.  Nəhayət, gözünüzü açın, adamlar, yoxsa ölüm hamınızı bax elə belə yuxulu və çıxışsız yerdə yaxalayacaq…