yangin 19 may

Bakıda dəhşətli yanğın FOTO VİDEO

yangin 19 mayPenoplastla üzlənmiş bina külə döndü; 16 nəfərin öldüyü bildirilir; ölənlərin daha çox olması barədə iddialar səsləndirilir; həyatını itirənlər arasında azyaşlı uşaqlar da var
 

Paytaxtı "bəzəyən" şirkətin rəhbəri həbs olundu; binalardan üzlüklərin sökülməsinə başladı
 
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetki 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada dəhşətli yanğın baş verib. Hadisə dünən səhər saatlarına təsadüf edib. 
 
Yanğın zamanı neçə nəfər ölüb?
 
Penaplastla üzlənmiş binada baş verən yanğının ilk saatlarında 2 nəfərin öldüyü 10-ya yaxın sakinin isə xəsarət aldığı barədə məlumat yayılsa da, sonradan ölən və yaralananların sayı artıb. Hələ ki, son məlumatlara görə, yanğın 16 nəfərin həyatına son qoyub, 64 nəfər sakin isə xəsarət alıb. Lakin sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, yanğın zamanı 30 nəfərə yaxın sakin dünyasını dəyişib. Ölənlər arasında azyaşlı uşaqlar da var. 
Hələ ki, ölənlərdən 11-nin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş),  bacı-qardaş – Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızıdır (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (1972), Həcəfzadə Yaşar Fazil oğlu (27) və bacı-qardaş Eyvazova Ülkər Hamir qızı (1995), Eyvazov Davud Hamir oğlu (16 yaş). 
16-cı mərtəbədə yaşayan Yaşar Həcəfzadə yanğın zamanı özünü aşağı atıb. 3 yaşlı Fərəh isə əvvəlcə itkin düşüb. Sonradan öldüyü bəlli olub. 
 
Rəsmi qurumlardan üzlük açıqlaması
 
Daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və Fövqəladə Hallar Hazirliyinin vəzifəli şəxsləri hadisə yerində olublar. FHH, DİH və Baş Prokurorluğun yaydığı birgə məlumatdan məlum olub ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.
 

 

 
Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, FHH, DİH və Baş Prokurorluq hadisə ilə bağlı birgə istintaq qrupu yaradıb. Baş prokurorun sözlərinə görə, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub. "Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək",- deyə Zakir Qaralov əlavə edib.
 
İcra başçısı Prezident Administrasiyasına çağırılıb
 
"Binada baş verən yanğınla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edin, bizə yox". Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsi telefonuna cavab verən köməkçi xanım bildirib.
"Baş verənlərdə Bakı Şəhər İcra Hakimiyyətini, Hacıbla Abutalıbovu günahlandırılar" fikirlərinə cavab olaraq xanım belə deyib: "Bu məsələ Hacıbala müəllimlik deyil".
Xanım bir daha "müvafiq qurumlara müraciət edin" deyərək telefonu söndürüb.
Daha sonra məlumat yayılıb ki, paytaxtda binalara üzlük vuran "Global Construction" şirkətidir. Əvvəlcə məlumatlarda  şirkətin Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndorova məxsus olduğu iddia edilib. Lakin bu xəbər təsdiqini tapmayıb. Binəqədi Rayon İcra Hakimiyyətinin rayon təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov azvision.az-a bildirib ki, yanğına görə bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür. "Təmir işlərini "Global Construction" şirkəti aparıb. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür", – deyə o bildirib.
Bununla belə "Azadlıq"a daxil olan məlumatda Xaləddin İsgəndərovun Prezident Administrasiyasına (PA) çağırıldığı barədə məlumat daxil olub. Mənbə deyib ki, icra başçısı məhz yanğın hadisəsinə görə PA-ya çağırılıb. Onunla bağlı hər hansı qərarın verilib-verilmədiyi barədə dəqiq bilgi yoxdur.
Lakin ölkə başçısı İlham Əliyev hadisənin araşdırılması ilə bağlı yaratdığı komissiyaya Xaləddin İsgəndərovun adını daxil etməyib. Bu xüsusi hal olduğundan ehtimal olunur ki, icra başçısının "qələmi" qırıla bilər.
 
Həbs edilən Miryusif Mahmudov kimdir?
 
"Global Construction" şirkətinin iş adamı Xaqani Bəşirova məxsus olması barədə də iddialar var. Məsələ burasındadı ki, "General Construction" 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş "Oceanstream İNC" adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi isə Xaqani Bəşirovdur.
Bu həmin Xaqani Bəşirovdur ki, bir neçə il əvvəl Beynəlxalq Bankda baş verən 185 milyonluq maxinasiyada adı hallanır. Bu şəxsin sözügedən bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın şəxs olduğu bildirilir. Hazırda Xaqani Bəşirovun həbsdə olduğu deyilir. Onun Beynəlxalq Bankla bağlı həbslərin ilk günlərində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı deyilir.
Bəs Bakıda bəzi məlumatlara görə, 800-ə yaxın binanın fasadını "minalayan" "Global Construction" şirkəti kimindir? FHH, DİH və Baş Prokurorluğun yaydığı birgə məlumata inansaq şirkətin rəhbəri Miryusif Mahmudov adlı şəxsdir. Adıçəkilən qurumların məlumatında onun artıq şübhəli şəxs qismində saxlanıldığı deyilir. 
"Azadlıq"ın araşdırmaları zamanı bəlli olub ki, "Global Construction" şirkətindən başqa onun partyorları kimi təqdim edilən "M-Line", "Global Stone", "Global Light" və "Poliplast" şirkətləri də Miryusif Mahmudovun patronajlığı altında fəaliyyət göstərir. Binaların fasadlarının təmiri ilə isə məhz "Global Stone" şirkəti məşğul olur. FHH, DİH və Baş Prokurorluğun məlumatında Miryusif Mahmudovun "keyfiyyətsiz üzlüklər" istehsal etdiyi xüsusi vurğulanır. Amma araşdırmalarımız zamanı bəlli olub ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu şirkətə sertifikat verib. Bundan başqa FHH-nin Dövlət Yanğın Həzarəti Xidməti "Global Stone" şirkətinin istehsal etdiyi penoplasta müsbət qiymətləndirib. Bununla bağlı sənəd sosial şəbəkələrdə yayılıb. Sosial şəbəkələrdə həmçinin ölkə başçısı İlham Əliyevin Miryusif Mahmudovla fotosu yayılıb. Foto "M-Line" şirkətinin açılış mərasimində çəkilib. Eyni zamanda bəlli olub ki, İlham Əliyev 2014-cü ildə Miryusif Mahmudovu "Əməkdar mühəndis" fəxri adı ilə təltif edib. 
"Azadlıq"ın əldə etdiyi başqa məlumata görə əslində Miryusif Mahmudov bir neçə gün əvvəl həbs olunub. Onun həbsinə səbəb Beynəlxalq Bankla bağlı "kredit qalmaqalı"dır.
İstənilən halda Miryusif Mahmudovun qurbanlıq olduğu aydındır. Bütün paytaxtı "üzləyən" bu şəxsin yüksək səviyyədə himayə olunmadan bu işlə məşğul olması inandırıcı görünmür.  
Vətəndaşlar da hökumətin Miryusif Mahmudovun həbsilə vəziyyətdən çıxmağa çalışdığını anlayır. Sosial şəbəkələrdə baş verənlərə görə, hansısa şirkət rəhbəri deyil, aidiyyatı dövlət qurumlarına rəhbərlik edən şəxslərin həbsi tələb olunur. Baş verənlərə görə ölkənin birinci şəxsinin də məsuliyyət daşıdığı vurğulanır. İlham Əliyevin hadisə yerinə getməməsi, baş verənlərə operativ reaksiya verməməsi şiddətlə qınanılır. 
Sosial şəbəkələrdə həmçinin penoplastla üzlənmiş binalarda yaşayanlara üzlükləri sökmək çağırışı edilir. Bu çağırışı edənlərdən biri jurnalist Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Ona statusu ilə bağlı xəbərdarlıq olunub. 
 
Diri-diri yanan insanlar, körpələr sizin millətdən deyilmi?!
 
Yanğının baş verdiyi və ard-arda ölüm xəbərlərinin gəldiyi bir vaxtda telekanallarda şou verilişlərin yayımlanması da ciddi etiraz doğurub. Bu barədə sosial şəbəkələrdə gedən müzakirələrdə televiziyaların şou verilişləri dayandırması tələb edilib.
Tanınmış hüquqşünas Aslan İsmayılov bu barədə "Facebook" səhifəsində yazıb: "Rəsmi məlumatlara görə Azadlıq prospektində yanan binada ölənlərin sayı 15, xəsarət alanların sayı isə 61 nəfərdir. Bu faciəli rəqəmlər bu dəqiqələrdə də artmaqda davam edir. Telekanallarımız isə şou proqramlarını göstərməkdədirlər. AzTV, İTV, Xəzər TV, ANS, SPACE, ATV və onlara başçılıq edənlər, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident Administrasiyası ictimai-siyasi məsələr şöbəsinin müdiri Əli Həsənov – Siz hansı millətdənsiniz?! Diri-diri yanan insanlar, körpələr sizin millətdən deyilmi?! İllərdir şoularınızla, heç bir əxlaqa sığmayan verilişlərlə bu millətin beynini yumağa çalışdığınız bəs deyilmi?! Nə vaxta qədər özünüzü görməməzliyə, bilməməzliyə vuracaqsınız?! Nə vaxta qədər insanların faciələri üzərindən qazanacaqsınız?! Sizdə nə vaxt insanlıq, milli dəyər hissləri oyanacaq?!
Hələ ki, bizə başçılıq edənlərin nəfsinə, cinayət əməllərinə görə kasıb əhalinin evləri, mal mülkləri yanır. Bir gün bu kasıb əhali ayağa qalxanda həmin qudurmuş, pula hər şeyi satan, insanlıqdan, əxlaqdan, vicdandan uzaq olan hakimiyyət təmsilçilərinin ayaqlarının altında torpaq, üstündə isə özləri və yaxınları yanacaq. Çox heyif ki, bu yanğında biz də ziyan çəkəcəyik.
P.S. Hələ ki, gec deyil – AYILIN!"
 
Deputat yanğına görə kimlərin günahkar olduğunu dedi
 
"Bakıda baş verən yanğın hadisəsi çox dəhşətlidir. Bütün bina faktiki olaraq külə döndü. Bu, yolverilməz və çox ciddi məsələdir. Əhalini təhlükəyə atmaq, daim təşviş içərisində saxlamaq qətiyyən yolverilməzdir". Bunu isə modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun fikrincə, Azərbaycan hökuməti, FHN, xüsusi xidmət orqanları məsələyə münasibətini bildirməli, mövqeyini ortaya qoymalıdır: "Ümumiyyətlə, binaların tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir. Hansısa biznesmen öz malını satır, Bakı Şəhər İcra Hakimiyyəti də buna icazə verir, baş verənlərə göz yumur".
Deputat deyib ki, binaların belə tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir: "Bakıda ikinci belə hadisə yaşanır. Düşünürəm ki, binaların üzlüklərinin sökülməsi müzakirə olunmalıdır. Çünki o insanlar hər an təhlükə içərisindədirlər.
Rusiyada, Çexiyada binaların üzlənməsi üçün ucuz başa gələn, amma yanmayan materiallardan istifadə edilir. Həmin material hətta 100 dərəcə temperaturda da yanmır. Bizdə istifadə olunan material isə oliqarxın, biznesmenin sexində istehsal olunur. Ucuz başa gəldiyindən də geniş istifadə edilməyə başlayıb. Məsələni başlı-başına buraxmaq olmaz, ciddi məsələdir".
 
Matəm elan olunmalı və penoplastlar sökülməlidir!
 
AXCP sədri Əli Kərimli isə hadisə ilə bağlı matəm elan olunmasını və penaplast üzlüklərin sökülməsini tələb edib. O, bu barədə "Facebook" səhifəsində yazıb: "Azərbaycanda matəm elan olunmalıdır. Xalqımıza zülm edilib. İlkin məlumata görə 16 nəfər ölüb, 64 nəfər yaralanıb. Allah ölənlərə rəhmət etsin, yaralılara şəfa versin. Bu qədər insanın belə faciəli şəkildə ölməsini dövlət qulaqardına vura bilməz. Matəm elan olunmaqla da iş bitmir, təcili şəkildə çox ciddi tədbirlər görülməlidir:
1. Yanğın zamanı xəsarət almış şəxslərin hər biri ən keyfiyyətli tibbi xidmətlə təmin edilməli, bu faciə nəticəsində həyatını itirmiş vətəndaşlarımızın ailələri, binanın bütün sakinləri dövlətin himayəsinə götürülməli və onlara dəymiş maddi ziyan tam olaraq ödənilməlidir (Xətai rayonunda aprel ayında yanmış binanın sakinləri hələ də kirayə pullarını və yanmış əmlaklarına görə kompensasiya ala bilmədiklərindən şikayətlənirlər).
2. Bakı şəhərində bu gün yanğına səbəb olmuş tez alışan üzlüklərlə üzlənmiş yüzlərlə (bəzi məlumatlara görə 800-ə qədər) bina var. Həmin binaların hamısından bu üzlüklər təcili şəkildə sökülməlidir.
3. Baş vermiş yanğın qətiyyən gözlənilməz sayıla bilməz. Bu faciə dövlət səviyyəsində yol verilmiş cinayətkarcasına səhlənkarlığın nəticəsidir. Bakıda binalar bu tez alışan örtüklərlə üzlənən zaman mütəxəsislər həyacan təbili çalmışdı. Aprel ayında Xətai rayonunda analoci yanğın olanda mən yazmışdım: "Daha neçə binada yanğın olmalıdır? Belə yanğınlarda nə qədər adamın yanıb, ölməyi tələb olunur ki, bu cinayətkar əmələ son qoyulsun, köhnə binaların gözdən pərdə asmaq üçün tezalışan sintetik materiallarla üzlənməsi dayandırılsın?" Sualı birdəmi təkrar edim?
4. Binanı üzləyən şirkətin rəhbərinin tutulması düzgün addımdır, amma yetərli deyil. İctimai rəyi sakitləşdirmək məqsədilə atılmış addımdır. O adam özbaşına idimi? Bəs yanğın təhlükəsizliyi qaydalarına nəzarət etmək adı altında milləti soyan FHN-nin, Bakıda 100-lərlə binanı günü bu gün də eyni materiallarla üzlədən Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyəti necə olsun? Bakıdakı yeraltı keçidlərin açılışını da şəxsən edən İlham Əliyevin xəbəri yox idimi ki, 100-lərlə bina tezalışan (amma ucuz başa gələn) üzlüklərlə üzlənir?
5. Nə vaxta qədər Bakıda baş verən yanğınlar binanın tam olaraq yanıb qurtarması ilə başa çatacaq? 100-lərlə bahalı, müasir maşınlar almaqla deyil axı. Aydın deyil ki, paytaxtımızın yanğın təhlükəsizliyi, ehtimal olunan yanğınlara hazırlığı yox dərəcəsindədir? Məsuliyyətsizliyiniz bir tərəfə, axı bu ölkənin çox ciddi düşməni də var. Bizim bütün FHN bir yanğını 3-4 saata söndürə bilmirsə, deməli iş düzgün qurulmayıb. Təcili şəkildə Bakının yanğından mühafizəsi gücləndirilməlidir.
Ən əsas tələbi isə sonda bir daha xatırladaq. Matəm elan olunsun və tezalışan (penoplast) materiallarla üzlənmiş 100-lərlə binanın üzlüyü təcili şəkildə sökülsün! Bunu etməməyə haqqınız yoxdur!"
 
Əvvəl sakinlər, sonra isə rəsmi qurumlar sökməyə başladı
 
Azadlıq prospektindəki yanğından sonra penaplast üzlüklü binalarda yaşayanlar qorxuya düşüblər. Onlar özünü baş verə biləcək yanğından sığortalamaq üçün üzlükləri sökməyə başlayıblar. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daha sonra isə rəsmi şəkildə üzlüklərin sökülməsinə göstəriş verilib. Artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsünə başlanılıb. Xətai İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev APA-ya artıq söküntü işlərinə başlanıldığını bildirib: "Prezidentin tapşırığı və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun bu gün verdiyi sərəncam əsasında yanğına həssas üzlüklərin sökülməsinə başlanılıb".
İcra başçısının müavini qeyd edib ki, Zığ şossesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək: "Bu binalarda yanğına həssas üzlüklər daş üzlüklərlə əvəzlənəcək". 
 
Yaqland və Kozlariçdən başsağlığı
 
Baş vermiş hadisə ölkəmizdəki beynəlxalq aləmin diqqətindən yayınmayıb. Avropa Şurasının baş katibi Tyorbörn Yaqland
özünün "Twitter" səhifəsində yanğında ölənlərin yaxınlarına   başsağlığı verib: "Bakıda hündürmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğınla bağlı məlumat almışıq. Bu faciə zamanı həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verirəm".
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç isə "Facebook" səhifəsində baş vermiş hadisədən çox kədərləndiyini və həlak olanların qohumlarına başsağlığı verdiyini bildirib.
Son olaraq qeyd edək ki, aprelin 10-da oxşar hadisə Hobel prospektində baş vermişdi. Orada da penoplastla üzlənmiş binaların biri yanmışdı. Həmin vaxt ictimaiyyət hökuməti bu üzlükləri sökməyi çağırsa da, nəticəsi olmamışdı.
İnformasiya şöbəsi