Hərbi ekspert generalı ittiham etdi

Üzeyir Cəfərov Məmməd Beydullayevə vəzifə verilməsini səhv qərar adlandırdı

 
“Hərbi Jurnalistlər” Ictimai Birliyinin rəhbəri, hərbi ekpsert Üzeyir Cəfərov general Məmməd Beydullayevin Müdafiə Nazirliyində mühüm vəzifəyə gətirilməsinə etiraz edib. Üzeyir Cəfərov bu barədə “Facebook” səhifəsində yazıb:     
“Dünən mənə çatan xəbər sadəcə biabırçı və hesab edirəm ki, çox səhv bir qərardır. Düşünürəm ki, belə addımlar hörmətli müdafiə nazirimizi gördüyü çoxsaylı işlər fonunda gözdən salır və onun imicinə çox ciddi xələl gətirir. 
Söhbət Müdafiə Nazirliyində çox pis ad çıxarmış, öz neqativ əməllərinə görə zabit və gizirlər arasında hörməti olmayan bir şəxsin yenidən ordu sıralarına qaytarılmasından gedir. Yəqin ki, general-mayor Məmməd Beydullayevi çoxları yaxşı xatırlayır. Bu adam mərhum eks-prezident, Ali Baş Komandan Heydər Əliyev tərəfindən cəzalandırlan bir şəxs olub. Mərhum Heydər Əliyev dünyasını dəyişəndən dərhal sonra Məmməd Beydullayev ordu sıralarına qaytarıldı və çox qəribədir ki, ona havadarları general rütbəsini də verməyə imkan tapdılar. 2013-cü ilin oktyabr ayında Müdafiə Nazirliyi sistemində dəyişiklik baş verəndə isə adı heç də yaxşı hallanmayan Beydullayev ordu sıralarından uzaqlaşdırıldı. Özü də bu qərar veriləndə çoxları nəhayət ki, haqq-ədalətin ordu sıralarında bərqərar olacağını düşündülər. Sən demə, çoxları kimi, mən də yanılırmışam. General-mayor Məmməd Beydullayevin açıq və gizli havadarları onu yenidən Müdafiə Nazirliyi sisteminə qaytarıblar və bu dəfə ona Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Birləşməsində mühüm vəzifə tapşırıblar. Hətta ona ən bahalı xarici xidməti avtomobil də ayırıblar. Bu xəbəri mənə verən Naxçıvandakı zabit dostlarımız çox pərişan olduqlarını və bu addımın orduda son vaxtlar aparılan müsbət işlərə necə mənfi təsir göstərdiyini xüsusi vurğuladılar. Inanmaq istərdim ki, hörmətli müdafiə nazirimiz bu addımın nədən atıldığına aydınlıq gətirəcək və yüzlərlə döyüş görmüş, savadlı zabitləri kənara qoyub, adı rüşvət və korrupsiya əməllərində, o cümlədən adı məişət hadisələrində hallanan Məmməd Beydullayev kimi bir şəxsi nədən yenidən ordu sıralarına qaytarılmasına münasibət açıqlayacaqdır. Fərq etməz, hərbçi, yaxud mülki, amma dövlət qulluqçusu kimi.
Yuxarıda qeyd etdiklərimi çox istərdim ki, hörmətli Müdafiə Nazirliyimizin rəhbərliyi xoş niyyətlə yazılmış tənqidi qeydlərdən daha çox, ordumuzun kadr siyasətində saf və xoş amalların hökm sürməsi üçün yazılmış təklif kimi qəbul etsinlər".