Fransanın «Le Monde» qəzeti Bakıda keçiriləcək Avropa Oyunları fonunda buradakı acınacaqlı durumdan yazır
Avropa Oyunlarının başlamasına bir aydan da az qaldığı bir vaxtda beynəlxalq aləmin diqqəti Azərbaycana yönəlib. Xüsusən, xarici media bu turnir fonunda Azərbaycanda insan haqlarının vəziyyətinə, artan repressiyalara, siyasi məhbus probleminə diqqət çəkir. Birinci Avropa Oyunlarının insan haqlarının acınacaqlı vəziyyətdə olduğu bir ölkədə keçirildiyi vurğulanır. Bu qəbildən olan daha bir məqalə Fransanın dünyaca nüfuzlu “Le Monde” qəzetində nəşr olunub. “Avropa Oyunlarına bir ay qalmış diplomatik pərtlik” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Avropa Oyunlarına bir ay qalmış diplomatik pərtlik
Iyunun 12-dən 28-dək Azərbaycanda Birinci Avropa Oyunları keçiriləcək. Avropa Olimpiya Komitəsinin təşkilatçığı ilə keçirilən bu turnirdən prezident Ilham Əliyev görüntü məqsədilə yararlanmaq niyyətindədir. Azərbaycanın dövlət başçısı bu turnirə eyni zamanda 2024-cü ildə keçiriləcək Olimpiadaya ev sahibliyi statusunu qazanmaq üçün tramplin kimi baxır. Lakin Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyəti bu rəqabətdə ona çətinlik yaradır.
Avropa Oyunlarına dörd həftə qaldığı bir vaxtda beynəlxalq insan haqları təşkilatları bu ölkədəki vəziyyəti nəzərə alaraq, turnirin açılış mərasimini boykot etməyə çağırır. Onlar bu ölkədə Avropa Oyunları keçirildiyi bir vaxtda insan haqları fəallarının, o cümlədən Leyla Yunus kimi dissidentin rejimin həbsxanasında saxlanılmasıyla barışmaq istəmir.
“Mənim valideynlərim Avropa Oyunları məhbuslarıdır”, – deyə Leyla Yunusun qızı Dinara mayın 11-də Parisdə “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının təşəbbüsü ilə keçirilən konfransda bildirib.
Hollandiyada mühacirətdə olan Dinara Yunus çox yorğun və üzgün görünür. Onun anası ötən il iyulun 30-da, atası isə avqustun 5-də həbsxanaya həyat yoldaşına sovqat apararkən həbs edilib. Leyla Yunus həbsindən əvvəl beynəlxalq ictimaiyyətə müraciət edərək, onları Azərbaycanda insan haqlarının acınacaqlı durumunu nəzərə alıb, Avropa Oyunlarını boykot etməyə çağırmışdı. Leyla və Arif Yunuslar hələ də istintaq altındadır.
Dinara anasının sağlamlığı haqda danışanda səsi emosiyalarla dolur: “Avropa Oyunları mənim üçün sonuncu şansdır və hər keçən gün bu şans azalır. Bununla mənim həbsdəki valideynlərimi görmək ümidim də azalır. Çünki onların azadlığa çıxması üçün heç bir addım atılmaması faktiki barələrində ölüm hökmü çıxarılması deməkdir”.
“Human Rights Watch”ın Fransa bürosunun direktoru Jan-Mari bildirib ki, əgər ölkə insan haqlarının vəziyyətilə bağlı heç bir irəliləyiş olmasa, Avropa Oyunlarının açılış mərasimində Fransa dövlətini idman naziri Tyeri Breylardın təmsil etməsi çox pis siqnal olar.
Fransanın Xarici Işlər Nazirliyindən isə bildirilib ki, Azərbaycandakı açılış mərasimində kimin iştirak edəcəyi hələlik məlum deyil.
“Human Rights Watch” hesab edir ki, bu açılış mərasimi Ilham Əliyev üçün özünün Avropa hökumətlərilə yaxşı münasibətlərini göstərmək baxımından bir fürsətdir.
“Biz mayın 9-da Rusiyanın nümunəsində gördük ki, bu cür siqnallar nə dərəcədə vacibdir. Istərdik ki, avropalılar eyni siqnalı Azərbaycan hökumətinə nə versinlər”, – deyə Beynəlxalq Insan Haqları Federasiyasının Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Saşa Kulayeva bildirib.
Bu çağırışlar Avropa Parlamentinə də ünvanlanıb. Mayın 12-də Avropa Parlamentinin vitse-prezidentləri Ulrike Lunaçek və Aleksandr Lambsdorff “Bakı oyunları: insan hüquqları üçün qaçış” adlı tədbir təşkil etmişdilər. Avropa Oyunlarının başlanmasına bir ay qalmış onlar bir neçə başqa parlamentari ilə birlikdə Azərbaycan hökumətini Olimpiya Xartiyası, eləcə də Insan hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyası ilə təminat verilən hüquq və azadlıqları qorumağa çağırmışdılar.
Avropa Parlamentində Insan Haqları Komitəsinin sədri, Ispaniyadan olan sosialist Yelena Valensiano mayın 6-da Brüsseldə keçirilən dinləmədə bildirib ki, insan hüquqları siyasi məsələ deyil, universal öhdəlikdir. O həmçinin bildirib ki, Olimpiya Komitəsi, FIFA kimi qurumlar böyük idman idman turnirlərinə ev sahibliyi edəcək ölkələrlə bağlı qərar verərkən orada insan haqlarının vəziyyətini mütləq nəzərə almalıdılar.
Son bir il ərzində Bakıda Avropa Oyunlarına hazırlıq getdiyi bir vaxtda paralel olaraq, repressiyalar da görünməmiş həddə çatıb. “Human Rights Watch”ın məlumatına görə, təkcə son bir ildə ölkədə ən azı 35 nəfər aktivist siyasi motivlərlə həbs olunub. Iki il əvvəl Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində Azərbaycandakı fəallar ölkədə insan haqlarının acınacaqlı vəziyyətinə beynəlxalq aləmin diqqətini cəlb etmək üçün ciddi səylər göstərmişdilər.
“Görünür, Ilham Əliyev bu dəfə həmin adamların tədbiri korlaya bilməməsi üçün onlara qarşı sərt addımlar atıb. Məhz 2012-ci ildə fəallıq eləyənlər bu gün həbsxanadadır. Ukrayna hadisələrindən qorxuya düşən Azərbaycan hökuməti ötən il repressiyaları daha da gücləndirdi”, – deyə “Human Rights Watch”ın Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Raşel Denber bildirib.
Beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı mütəşəkkil kampaniya aparması bir sıra ölkələrin olimpiya komitələrini pis vəziyyətdə qoyub. Almaniya, Isveç və Hollandiyanın olimpiya komitələrinin rəhbərləri Azərbaycanda fundamental hüquq və azadlıqların təmin edilməsi tələbilə çıxış edib. Onlar bildirib ki, belə bir turnirin keçirildiyi ölkədə mütləq söz və ifadə azadlığına təminat verilməlidir.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia isə məsələyə nisbətən ehtiyatlı yanaşır: “Hər kəsin öz işi var. Mən idmanın tərəfindəyəm”.
Altı dəfə Bakıya səfər etmiş Denis Masseqlia hesab edir ki, Azərbaycan dünyəvi müsəlman dövlətidir.
Mayın 14-də Türkiyə Avropa ölkələrinin olimpiya komitələrinin toplantısı olub. Toplantıda Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlığın yekun mərhələsi müzakirə olunub. Amma turnirin keçiriləcəyi ölkədəki siyasi məhbuslarla bağlı məsələ yada düşməyib…
Siyasət şöbəsi



