Komitə sədri üzərinə düşən öhdəlikləri yerinə yetirəndən sonra istefaya göndərilə bilər
Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun “vurulması” planlaşdırılır. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, bununla bağlı “yuxarılar”da ciddi müzakirələr gedir. Lakin bununla belə mənbə bildirib ki, Kərəm Həsənov yaxın vaxtlarda “vurulmayacaq”. Mənbənin sözlərinə görə, “yuxarılar” Bakıda keçiriləcək “Eurovision-2012″ Mahnı Müsabiqəsi üçün arenanın tikilməsini gözləyəcəklər.
Yeni arenanın tikilməsi Kərəm Həsənovun üzərinə qoyulub. “Azadlıq”ın ötən saylarında bu barədə məlumat verilib. Həmçinin komitə sədri Milli Məclislə üzbəüz hakim ailəyə məxsus “Titanik” otelinin inşasını da başa çatdırmalıdır. Hər iki tikili təhvil verildikdən sonra Kərəm Həsənov istefaya göndəriləcək. Buna kimi isə hakimiyyətdən komitə sədrinə hücumlar olacaq. Artıq bu hücumlar başlayıb. Milli Məclisin sonuncu iclasında hakimiyyət deputatları Fəzail Ağamalı və Gülər Əhmədovanın Kərəm Həsənovu sərt tənqid etməsi, spiker Oqtay Əsədovun da onları dəstəkləməsi buna nümunə ola bilər. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı Fəzail Ağamalı bələdiyyə torpaqlarının satışının sonradan başqa qurumlara həvalə olunmasından narazılıq edib. “Bu məsələnin bir neçə quruma həvalə olunması bir sıra hallarda qanunsuzluqlara və bürokratiyaya gətirib çıxarır. Mənə elə gəlir ki, bu məsələ tezliklə öz həllini tapmalıdır. Rayonlarda bələdiyyələr torpaq satışı üçün nəzərdə tutulmuş hərracları keçirmirlər. Bu hərraclar dayandırılıb. Bu isə mənfi haldır. Bizə bununla bağlı xeyli məktub gəlib. Əhali narahatdır”, – deyə Fəzail Ağamalı vurğulayıb.
Fəzail Ağamalının dediyi “başqa qurumlar” Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir. Bələdiyyə torpaqlarının satışı məhz bu qurumun vasitəsilə həyata keçirilməlidir.
Gülər Əhmədova da həmkarının fikirlərinə şərik çıxaraq əlavə edib: “50-60 il bir evdə yaşayan adama qeydiyyatla bağlı problem yaradılır. Vətəndaş torpağı hərraca çıxararaq sata bilmir”
Oqtay Əsədov isə bu məsələ ilə bağlı deyib: “Necə olur ki, keçmiş sovet dönəmində bir evdə 5 il yaşayan adamı həmin evə qeydiyyata alırlar, indi isə belə çətin vəziyyət yaranıb”.
Deputatların bu cür tənqidi çıxışları özfəaliyyət hesab edilə bilməz. Adətən deputatlar razılaşdırılmamış qaydada tənqidi çıxışlar etdikdə, Oqtay Əsədov dərhal müdaxilə edərək bunun qarşısını alır. Lakin bu dəfə spiker özü də deputatlara dəstək verib. Bu fakt Kərəm Həsənovla bağlı tənqidi fikirlərin özfəaliyyət olmadığını söyləməyə əsas verir…
Informasiya şöbəsi