“Daşa dönmüşlərə əks eyləmədi fəryadım…”

Millətin anasını ağlar qoymaq indiki duruma deyilir yəqin. Bu ölkə üçün dəyər olan insanlar göz baxa-baxa qarışqa kimi qırılıb gedir. Hər şey cəhənnəmə, heç olmasa, həmin insanların bu torpaqlar üçün verdiyi şəxsi qurbanlar nəzərə alınsa… Heç olmasa, fiziki sağlamlığını və əmək qabiliyyətini  həmişəlik itirmiş vətən qazilərinin haqqı bu qədər amansızlıqla tapdanmasa…Heç olmasa… Axı kimə və niyə deyirəm ki, bunları? Eşidənmi, duyanmı, saya salanmı var?  XIX əsrdə şeirlərini satan böyük Hadi halını necə anladırdısa, elədir durumumuz: “Daşa dönmüşlərə əks eyləmədi fəryadım…” 
Doğrudan, ölkə dərin bir fəryad içindədir. Özümüzü bir tərəfə qoyaq. O qanlı-qadalı savaş meydanlarından sağ çıxan vətən qazilərini buralarda dirigözlü öldürürlər gedir. Baxımsızlıqdan, biganəlikdən, ehtiyacdan, xəstəlikdən, qüssədən vaxtsız-vədəsiz dünyadan köçür bu insanlar. Ürəklərində “keşkə o qanlı çöllərdə şəhid olsaydım” peşmanlığı, eləcə canını tapşırıb gedir onlar. Keçən həftə “Fəryad” filminin qəhrəmanı Mehman Hüseynov da bax beləcə kimsəsiz, unudulmuş, yapayalnız halda çıxıb getdi aramızdan. Kimsənin xəbəri oldumu? Sanki belə biri yoxmuş heç bu məmləkətdə. Sanki o film qəhrəmanı ssenaristin fantaziyası, xəyali xarakteri olub elə. Keşkə elə olsaydı. Onsuz da bu ölkədə həqiqi qəhrəman olmağın beş qəpiklik dəyəri yox. Bunu insanların ruhunu qırmaq, onları sındırmaq və peşman etmək üçün demirəm. Təbii, mən də bu ölkə üçün böyük idealları olan və bu yolda könüllü itkilər verən şəxslər kimi düşünürəm insanlığın mənasını. Amma nə yazıq ki, vətənpərvərlərin, qəhrəmanların, dəyərləri və prinsipləri olan insanların qətliamına rəvac verən bir hökumət var ölkənin başında. Sığınacaq bir mənzili, ortalama bir təqaüdü və ya başını dolandıracaq bir işi olsaydı, bu cavan yaşda niyə dünyadan köçürdü ki, Mehman?.. 
Məgər fəryadı daşa dönmüşlərə çatmayan tək Mehmandır ki? Görün, köksünü bu ölkəyə tuşlanan güllələrə sipər etmiş neçə Mehmanlar ölüb gedib belə haqsızlıqlar üzündən son illərdə? Bu nə deməkdir bilirsiniz? Bu, bir toplumun mənən öldürülməsi, məhv edilməsidir. Həm də bilərəkdən, qəsdən, düşünülmüş şəkildə? Bu sanki “vətən üçün ölmək istəyənlərin canı çıxsın, ölsün” mesajı verməkdir topluma. Ayrı nə ad verəsən axı, siz deyin? Ayrı adı varsa, iki gün əvvəl pozulmuş haqlarını televiziya ekranından səsləndirən başqa bir qazi qardaşımızın həbs olunmasını izah edin mənə? Qəribə olsa da, “Fəryad”ın qəhrəmanı ilə eyni ad və soyadı daşıyır Tərtərdən olan o qazi qardaşımız da. “Azərbaycan saatı”  proqramından onun fəryadını eşidənlər işin nə yerdə olduğunu bilir zatən. Cənab hakimi-mütləqlər, siz onun yaşayış yerini gördünüzmü? Primitiv üsulla tikilmiş evinin içindən axan kanalizasiya sularını necə? Görmək istəməmisiniz, təbii. Ancaq yuxarıların, o cümlədən ölkə başçısının ünvanına səsləndirdiyi acı sözləri yaxşı alıb qulaqlarınız. O  dəhşətli mənzərədən gördüyünüz heç nə, eşitdiyiniz təkcə o kəlmələrdirsə, yazıqlar olsun sizə! Qürurunuza toxundu, eləmi? Mehmanın yanan canının acısını çıxardığı o sözləri bu ölkənin üstünə tuşlanan bircə güllənin hesabına yazaydınız heç olmasa. Sizin doğmalarınızdan biri də onun ağrılarını canında gəzdirdiyi həmin güllənin qurbanı ola bilməzdimi? O od yağan Qarabağ çöllərində qazandığı ağrılar müqabilində normal bir evdə yaşamaq haqqı yoxdurmu bu yazıq qazinin?..
Mehman Hüseynovun hansı səbəbdən həbs olunduğu hər kəsə aydındır. Biz artıq o gerçəyə də alışdıq ki, bunca haqsızlıq və zülm müqabilində belə heç bir tənqid qəbul etməyən hakimiyyət dairələrindən mərhəmət gözləməyə dəyməz. O zaman gəlin, biz özümüz Mehmanın səsinə səs verək. Onun haqları naminə susmayaq. Daha bir Mehmanımız, daha bir qazimiz ölməsin!